Bir ovucu belə şəfa qaynağıdır
Yay mövsümünün sevilən meyvələri arasında yer alan tutun faydaları saymaqla bitmir. Amma uşaqdan yaşlıya insan orqanizmi üçün saysız-hesabsız faydalara malik bu meyvənin təəssüf ki, ömrü çox qısadır. Başqa meyvələri daha çox alıb yeməyə öyrəşdiyimizdən, ağacdan dərildikdən sonra ömrü çox az olan bu meyvəni ara-sıra yeməklə kifayətlənirik. Halbuki, bir çox mühüm vitamin və minerallarla zəngin olan bu möcüzəvi meyvənin istər ağı, istər qarası olsun orqanizmimiz üçün olduqca xeyirlidir və mövsümündə hər gün bir ovuc, təxminən 100 qram tut yeyilməlidir. Bəs inanılmaz faydaları ilə məşhur olan bu meyvə hansı xəstəliklərə şəfa verir?
Təbii antibiotik hesab edilən, kalium, fosfor, A və K vitaminləri ilə zəngin olan tutun ürək-damar xəstəliklərindən tutmuş mədə-bağırsaq problemlərinə qədər bir çox xəstəliklərə şəfa verdiyi deyilir. Vücudu toksinlərdən təmizləyən bu meyvənin həm ağı, həm də qarası maddələr mübadiləsini gücləndirərək həzmə kömək edir. Tərkibindəki liflər sayəsində isə bağırsaq keçməzliyinin qarşısını alır. Bundan əlavə, qaraciyəri zəhərli maddələrdən təmizləyərək hüceyrələri yeniləyir. Qan yaradıcı xüsusiyyətə malik tut, həmçinin qanı təmizlədiyindən damarlarda pis xolesterini yuyur, ürəyə qanın normal işləməsini təmin edir, eləcə də infarkt riskini azaldır. Hətta qanda şəkəri tənzimləyən tutun diabet xəstələri üçün də xeyirli olduğu deyilir.
Tam bir antioksidant mənbəyi olan bu meyvə həm də xərçəngin qatı "düşmənidir". Xüsusilə prostat xərçənginə güclü təsir edən tut şişlərin azalmasına səbəb olur. Antioksidant qaynağı olduğundan dərinin gəncləşməsini, nəmlənməsini təmin edərək dəri xəstəliklərinə də müsbət təsir edir. Tərkibində olan bol A vitamini sayəsində görmə zəifləməsini yaradan sərbəst radikalları zərərsizləşdirən tut tam bir möcüzə mənbəyidir.
İnformasiya "Sözcü" jurnalında yayımlanıb.
Beynimizin səssiz "qatilləri"
Gün ərzində istehlak etdiyimiz bəzi qidaların beyinə mənfi təsir edərək onun funkisiyasına tədricən zərər verdiyi ortaya çıxıb. Alimlər vücudumuzda gedən bütün proseslərdə böyük rol oynayan bu sirli və mürəkkəb orqanımızın düzgün qidalanmamasının gələcəkdə ciddi xəstəliklərin yaranmasına yol açdığını söyləyirlər. Güclü və sağlam bir beyinə sahib olmaq üçün 3 amilin vacib şərt olduğunu bilirsinizmi? Bəs, yedikləriniz bəzi qidaların beyninizi zəhərləyə biləcəyindən necə, məlumatlısınızmı?
Böyük bir fabrik kimi işləyən və bədənimizdəki bütün prosesləri idarə edən beynimiz 80 milyarddan çox sinir hüceyrəsindən (neyronlardan) əmələ gəlir. Üstəlik bu neyronlar bir-biriləri ilə əlaqə saxlamaq üçün millimetrdən kiçik naqillərə bənzəyən çoxsaylı çıxıntılardan (aksonlar və dendritlər) ibarətdir. Hələ də tam olaraq öyrənilməyən bu mürəkkəb quruluşa malik orqanın düzgün qidalanmamasının sinir toxumalarının iltihabına və bununla da Alzheimer xəstəliyinə səbəb olduğu deyilir. Mütəxəssislər buğda, çovdar və yulaf kimi taxıllarda olan "qlüten" adlı zülalın xroniki nevroloji iltihabda böyük rol oynadığını söyləyirlər. "Apetite" jurnalında yayımlanan məqalədə, "üç ağ" olaraq tanınan rafine edilmiş duz, şəkər və un istehlakının Alzheimer xəstəliyi riskini artıran qidalar arasında olduğu qeyd edilib.
Aparılan araşdırmalarla palma yağı, emal edilmiş süd və ət məhsullarının tərkibində olan trans yağların olduqca zərərli olduğu ortaya çıxıb. Mütəxəssislər tərkibində linoleik turşusu olan qarğıdalı, günəbaxan və kanola kimi yağların yüksək temperaturda bişirildikdə hüceyrələrə zərər verə biləcəyini deyirlər. Bundan əlavə çipsi, hazır qida və şirniyyatların bişirilməsində də zərərli yağlardan geniş miqdarda istifadənin beynin tədricən çökməsinə səbəb olduğu vurğulanıb. Bilavasitə, orqanizmin pH balansını pozacaq digər səbəb kimi spirtli, qazlı, şəkərli və enerji içkilərindən də uzaq durulması tövsiyə edilir.
Günəş yanığına etinasız yanaşmayın...
Bildiyimiz kimi, dərinin uzun müddət sıx günəş şüalarına məruz qalması nəticəsində meydana gələn günəş yanığı, xüsusilə yay aylarında tez-tez rast gəlinən narahatçılıqlardandır. D vitamini kimi sağlamlığımıza danılmaz faydaları olan günəş vannasının həddindən artıq qəbulu dəri hüceyrələrində DNT zədələnməsinə səbəb ola bilər. Mütəxəssislər hüceyrələrimizdə toplanan bu zədələrin zaman keçdikcə daha da dərinləşərək, dəri xərçənginin yaranmasına gətirib çıxardığını söyləyirlər. Bəs, belə bir vəziyyətdən necə sığortalana bilərik?
Dəri xərçəngi bütün dünyada ən çox yayılmış xərçəng növüdür. Dünya üzrə təxminən hər 5 nəfərdən 1-nə demək olar ki, bu diaqnoz qoyulur.
Mütəxəssislər belə problemlə qarşılaşmamağın ən sadə yolunu günün qızmar saatlarında günəşdən qorunmaqda görürlər.
Bu yaxınlarda "Spiegel" jurnalında dərc edilən bir araşdırmada, uşaqlıqda bircə dəfə də olsun günəş yanığına məruz qalmanın gələcəkdə dəri xərçəngi riskini 3 dəfə artırdığından bəhs olunub. Elm adamları bu problemin qarşısının alınmasında yeganə alternativ vasitə kimi günəş kremlərindən istifadəni görürlər. Çölə çıxmamışdan 15-20 dəqiqə əvvəl qoruyucu kremdən istifadənin vacibliyini qeyd edən alimlər, bu mühafizənin təsirinin davam etməsi üçün prosedurun 3-4 saatdan bir təkrar edilməsini tövsiyə edirlər.
Bilavasitə, 11:00-16:00 arası günəşin şaquli vəziyyətdə və ultrabənövşəyi intensivliyin yüksək olduğu saatlarda çölə çıxmamaq məsləhət görülür. Bu ərəfədə havanın hərarətinin maksimum həddə çatması ilə günvurma, arterial təzyiqin yüksəlməsi və ya azalması kimi problemlərin də ortaya çıxma ehtimalının yüksək olduğu vurğulanıb.
Keto pəhrizi ömrü uzadırmı?
Son zamanlar arıqlamaq məqsədilə saxlanılan pəhrizlər içərisində populyarlıq qazanan, daha çox keto kimi tanınan ketogenik pəhrizin ömrü uzada biləcəyi ortaya çıxıb. Belə ki, ABŞ -ın Stenford Universitetinin tədqiqatçıları bu pəhrizin əzələ və kök hüceyrələrini stressdən qoruyaraq insanların daha uzun yaşamasına kömək edə biləcəyini söyləyirlər.
Mütəxəssislər yağlarla zəngin lakin, karbohidrat baxımından son dərəcə zəif olan bu pəhrizin bədəndə yağları yandırması ilə yanaşı, onların enerjiyə çevrilməsi prosesində də fəal iştirak etdiyini deyirlər. Bilavasitə, pəhrizin qısa müddətdə çox miqdarda çəki itirmək baxımından da son dərəcə effektiv olduğu bildirilib.
"Cell Metabolism" jurnalında dərc olunan məqalədə keto pəhrizinin hüceyrələrə oruc tutmaq qədər müsbət təsir etdiyi qeyd edilib.
Siçanlar üzərində aparılan sınaqda bir gündən 2,5 günə qədər oruc tutan gəmiricilərin daha elastik əzələ hüceyrələrinə malik olduğu aşkar edilib. Üstəlik zədələmə zamanı da bu hüceyrələrdə bərpa prosesinin digərlərinə nisbətən daha sürətlə baş verməsi məlum olub. Beləliklə, ketonun oruc tutmaqla eyni təsirə malik olduğu qənaətinə gəlinib.
Keto pəhrizi, kalori baxımından məhdud olan başqa pəhrizlərə müraciət etmədən arıqlamaq istəyənlər üçün əlverişli bir seçim kimi görünsə də, insanları bir çox qidalardan məhrum etdiyi üçün gələcəkdə o bəzi orqanlarda narahatçılıqlar yarada və müxtəlif cür sümük problemlərinə səbəb ola bilər. Bundan əlavə, hətta xroniki xəstəliklərin inkişafına da yol aça bilmə ehtimalı yüksəkdir. Odur ki, mütəxəssislər bu pəhrizə keçməzdən əvvəl həkimlə məsləhətləşməyin vacib olduğunu tövsiyə edirlər.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".