Qısa, şərəfli ömür
Sosial həyat

Qısa, şərəfli ömür

Emin Həsən oğlu Musayev 1971-ci il mart ayının 30-da Cəbrayıl rayonunun Mahmudlu stansiyasında anadan olmuşdu. Ağlı kəsəndən bu stansiyadan uzanan yollarla saysız-hesabsız müsafirlərin getdiyini görür, nə zamansa özünün də səfərə çıxacağı günləri, ayları gözləyirdi. Gün gəldi, yollar onu ağuşuna aldı.

Şükürbəyli kənd orta məktəbini bitirdikdən sonra Sumqayıt şəhər Kimya-Texnologiya texnikumunda təhsilini davam etdirdi. 1989-1991-ci illərdə hərbi xidmətdə oldu. Tank sürücü-mexaniki idi. Vətənə qayıtdıqdan sonra erməni quldurlarının azğınlaşdığını görən Emin təhsilini başa vurmamış torpaqlarımızı düşmən həmləsindən azad etmək üçün könüllü olaraq rayondakı hərbi hissəyə gəldi və vətənimizin müdafiəsində fəal iştirak etmək istədiyini bildirdi. 

11 aprel 1993-cü ildə döyüş yoldaşları ilə birlikdə Tuğ kəndinə kəşfiyyata gedən Emin düşmənin mövqeyi və döyüş texnikası barədə məlumatlar əldə edib geri qayıdanda mühasirəyə düşür. O, yoldaşları ilə birgə mühasirədən çıxmaq üçün mərdliklə vuruşur və yaralanır. Ürəyi Vətən eşqi ilə döyünən Musayev Emin Həsən oğlu 1993-cü il aprel ayının 14-də aldığı güllə yarasından şəhid olur.

İgid əsgər Cəbrayıl rayonunun Şükürbəyli kənd qəbiristanlığında dəfn olundu. Ondan yalnız Vətənin ərazi bütövlüyü uğrunda apardığı mücadilənin xatirələri qalıb. Mahmudlu stansiyası 44 günlük Vətən müharibəsi sayəsində işğalçılardan azad edilib. Bu stansiyadan tezliklə qatarlar yola düşəcək və Eminin ruhu şad olacaq.

Tofiq HÜSEYN,

"Respublika".