AHİK-in 30 illik yubileyi
Sosial həyat

AHİK-in 30 illik yubileyi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 30-cu ildönümü münasibətilə AHİK-in rəhbərliyi və kollektivi, həmçinin üzv təşkilatların rəhbərləri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn həmkarlar ittifaqlarının kollektivi Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri, "Əbədi məşəl" abidəsi önünə əklil qoyublar.

Daha sonra AHİK-in yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə ölkəmizin dövlət və hökumət rəsmiləri, həmçinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Pan Avropa Regional Şurasının, Beynəlxalq Əmək Təşkilatının, Avrasiya Qida, Meşə və Turizm İşçiləri Federasiyasının rəhbərliyi, eləcə də Türkiyə, Gürcüstan, Litva, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Bolqarıstan, Malavi, İordaniya, İsrail, Albaniya, Moldova, Norveç, Rusiya, Serbiya və Zambiyanın həmkarlar ittifaqları sədrləri və nümayəndələri iştirak ediblər.

Çıxışlardan əvvəl AHİK-in 30 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub (məktub qəzetin 8 fevral tarixli nömrəsində dərc edilib).

Ardınca Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi naminə şəhid olmuş oğul və qızlarımızın, həyatını itirmiş həmkarlar ittifaqı liderlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək tədbir iştirakçılarını və Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini yubiley münasibətilə təbrik edib, həmkarlar ittifaqlarının tarixindən, keçdiyi inkişaf yolundan, AHİK-in yaranmasından, ölkəmizin ictimai həyatında rolundan və əhəmiyyətindən danışıb. Bildirib ki, 1993-cü il fevralın 5-də keçirilən təsis qurultayında Azərbaycan Həmkarlar İttifaqları Şurası səlahiyyətlərini Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına ötürüb. "Bu hadisə elə bir dövrdə baş verdi ki, həmkarlar ittifaqlarının sanatoriyalarını, hətta inzibati binasını əlindən almağa çalışırdılar. Yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev imzaladığı müvafiq fərman və sərəncamla həmkarlar ittifaqlarının üzləşdiyi çətinlikləri aradan qaldırdı. 1994-cü ildə Azərbaycanda "Həmkarlar ittifaqları haqqında" Qanun qəbul edildi. Beləliklə, qurumun cəmiyyətdəki fəaliyyətinin yeni prinsiplər əsasında tənzimlənməsi və vətəndaşlarımızın sosial-iqtisadi mənafelərinin qorunmasında fəal iştirakı üçün hüquqi baza yaradıldı", - deyə Səttar Möhbalıyev bildirib.

Onun sözlərinə görə, AHİK bu gün öz sıralarında 1,5 milyonadək həmkarlar ittifaqı üzvünü birləşdirir. Quruma 27 həmkarlar ittifaqı mərkəzi, o cümlədən 501 şəhər, rayon həmkarlar ittifaqı təşkilatı, 60 birləşmiş həmkarlar ittifaqı komitəsi, 14 min 202 ilk həmkarlar ittifaqı təşkilatı daxildir.

AHİK-in yarandığı ilk illərdən indiyə kimi 3 milyona yaxın ərizə və şikayətə baxılıb, 100 minə yaxın işçinin pozulmuş hüquqları bərpa olunub. 2023-cü il yanvarın 1-dək həmkarlar ittifaqlarına 162 min 78 ərizə və şikayət daxil olub. Onların 97 faizi müsbət həllini tapıb. Əmək hüquqlarının müdafiəsi ilə bağlı 1698 müraciət daxil olub, həmçinin AHİK və üzv təşkilatlara işə bərpa ilə əlaqədar olunan 225 müraciətdən 135-i müsbət həll edilib. Məhkəmələrdə əmək mübahisəsinə aid 11 iddia qaldırılıb ki, onların da əksəriyyəti təmin olunub.

AHİK sədrinin çıxışından sonra qurumun 30 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının təmsilçisi, Pan Avropa Regional Şurasının icraçı katibi Anton Leppik, Beynəlxalq Əmək Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə nümayəndəsi Sergiyus Glovaskas, Pan Avropa Regional Şurasının prezidenti, Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri İrakli Petriaşvili çıxışlarında AHİK-in fəaliyyətindən, dünya həmkarlar ittifaqlarının həyatında fəal rolundan, təcrübəsinin zənginliyindən və əhəmiyyətindən bəhs ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov və digər çıxış edənlər AHİK-in ölkəmizin həyatında əvəzsiz xidmətlərindən, şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə diqqət və qayğısından, əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən söz açıblar.

Ülvi QARAYEV,

“Respublika”.