Zəngin tolerantlıq ənənələri ilə tanınırıq
Siyasət

Zəngin tolerantlıq ənənələri ilə tanınırıq

Müxtəlif xalqların və dinlərin mənsubları ölkəmizdə əmin-amanlıq, qarşılıqlı hörmət, etimad, birlik şəraitində yaşayırlar

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vardır.

Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir. Azərbaycana gələn mütəxəssislər dini tolerantlığı universal model kimi təqdim etməkdədirlər. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir.

"Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs Milad bayramı münasibətilə ölkəmizin bütün xristian icmasını təbrikində yer alır.

Qarabağ münaqişəsinin həlli, ərazi bütövlüyümüzün təmin edilməsi və tarixi ədalətin zəfər çalması birliyimizlə əlamətdar olub. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı, o cümlədən etnomədəni zənginliyi ilə seçilən cəmiyyətimizdə özünəməxsus yeri olan müxtəlif inanclı həmvətənlərimiz torpaqlarımızın düşmən işğalından azad edilməsində əsl qəhrəmanlıq nümunələri göstərib, eyni zamanda erməni faşizmi ilə informasiya cəbhəsində və xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması işində fəal mübarizə aparıblar. Dövlətimizin başçısı ölkəmizdə yaşayan bütün xalqların müqəddəs Vətən müharibəsində nümayiş etdirdiyi birlik və bərabərliyi, sarsılmaz milli-mənəvi həmrəyliyi tarixi qələbəmizi şərtləndirən başlıca amil kimi qiymətləndirir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Prezident bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Bəli, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir.

Prezident İlham Əliyev Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" adlı beynəlxalq konfransda da bir daha bəyan edib ki, dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün dinlərarası münasibət, dinlərarası dialoq mütləq gücləndirilməlidir. Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Hələ andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən Prezident İlham Əliyev xüsusi həssaslıqla onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir.

Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin nümayəndələri vardır. Ermənistanla müharibədə bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir. Tolerantlıq və multikulturalizm Azərbaycanda əsrlərdən bəri təbii-tarixi dəyər kimi formalaşsa da, sistemli olmamışdır. Onun bütün vacib xüsusiyyətləri, mənəvi-psixoloji potensialı, dini loyallığı, bəşəri dəyərlərə açıqlığı azərbaycanlıların həyat tərzinə çevrilmişdir. Bu həyat tərzinin düzgün qiymətləndirilərək hüquqi və siyasi müstəvidə öz yerini tapması isə məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətti son 20 ildə böyük rəhbərin layiqli davamçısı Prezident İlham Əliyev inamla davam və inkişaf etdirir.

Dövlət başçısı çıxışlarının birində bildirib ki, Azərbaycan güclü dövlətdir və bizim gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları vardır. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, dəstək üzərində qurulub. Hesab edirəm ki, bizim təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq toplantılar, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir. Müxtəlif bölgələrdən, diyarlardan gələn qonaqlar vurğulayırlar ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdur. Çünki bu, bizim həyat tərzimizdir.

Mustafa KAMAL,

"Respublika".