Sahibə Qafarova: Parlamentlərarası əlaqələr mədəniyyətlərarası dialoqda mühüm rol oynayır
Mədəniyyət

Sahibə Qafarova: Parlamentlərarası əlaqələr mədəniyyətlərarası dialoqda mühüm rol oynayır

Parlamentlərarası əlaqələr mədəniyyətlərarası dialoq istiqamətində mühüm rol oynayır.

"Respublika"xəbər verir ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil edilən parlamentlərarası konfransda səsləndirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib.

Azərbaycanın bu təşəbbüsün həyata keçirilməsində böyük uğur qazandığını diqqətə çatdıran Milli Məclisin sədri bildirib ki, dünyanın multikulturalizm məkanlarından biri olan Azərbaycanda təşkil edilən Forum çərçivəsində parlamentlərarası konfransın əhəmiyyəti böyükdür.

“Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. Mədəni irs insanların kimliyini, tarixini, ənənələrini və dəyərlərini təmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi düzgün institusional və qanunvericilik yanaşmasını və bütün maraqlı tərəflərin bu prosesə fəal cəlb edilməsini tələb edir. Bu mənada, parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə də mühüm rol oynayır”, - deyə Sahibə Qafarova vurğulayıb.