“Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir” mövzusunda tədbir keçirilib
Digər xəbərlər

“Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir” mövzusunda tədbir keçirilib

Mayın 1-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və Bakı Biznes Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev ideyaları Azərbaycanın mənəvi-siyasi sərvətidir” mövzusunda tədbir keçirilib.

YAP-dan "Respublika"ya bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü və Vətən müharibəsi iştirakçılarının xatirəsinə həsr edilmiş guşənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru İbad Abbasov Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna yeri və rolundan bəhs edib. O bildirib ki, Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə - həm sovetlər dönəmində, həm də müstəqillik illərində milli inkişaf istiqamətində mühüm tədbirlər həyata keçirilib.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev ideyaları əbədiyaşardır. Ulu öndərin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılıb. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanış dövrü oldu.

YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlər göstərdiyini deyib. “Azərbaycan xalqı çox xoşbəxtdir ki, onun Heydər Əliyev kimi dahi Lideri olub. Biz müstəqil ölkənin vətəndaşı olaraq çox çətin yollardan keçmişik. Ulu öndər müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi. O, özündə bütün keyfiyyətləri birləşdirmişdi. Heydər Əliyevin hələ sovet Azərbaycanında gördüyü işlər respublikamızın gələcək müstəqilliyinə hesablanmışdı”, - deyə o əlavə edib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında tarixi xidmətlərindən bəhs edib. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan qüdrətli və qalib ölkəyə çevrilib.

Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.