Pis oyunçunun xəyalpərvərliyi
Siyasət

Pis oyunçunun xəyalpərvərliyi

Haylar 2 əsrə yaxındır ki, Cənubi Qafqaza bəla gətiriblər. Bu coğrafiyada bütün gərginliklər, qarşıdurmalar onların iştirakı və vasitəçiliyi ilə həyata keçirilir. İkinci Qarabağ müharibəsindən sonra dövlətimiz tərəfindən bölgədə yaşayan ermənilərə vətəndaşlıq təklif edildi, əsl humanizm nümunəsi nümayiş etdirildi. Ancaq separatçı rejim azca özünə gələn kimi təxribatlara davam etdi, Azərbaycan qanunları altında yaşamağı qəbul etmək istəmədi. Nəticədə 44 gündə ağıllanmayanlara bir ömrə bədəl 23 saatlıq lokal antiterror tədbirləri ilə yenidən dərs verildi. Separatizmə son qoyuldu, ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edildi. Lakin görünür Ermənistan cığal şagirdə bənzəyir. Nə qədər öyrədilsə də, öz bildiyini edir, özünü ora-bura vurur və hesab edir ki, belə ikili hərəkətlərlə nəyəsə nail ola biləcək.

Bu ikili standartlara söykənən hərəkətlər əsasən ondan ibarətdir ki, ermənilər mövcud olduqları dönəmlərdə hər zaman Rusiyanın forpostu olublar. Haylar rəsmi Moskvanı öz böyük qardaşları kimi qəbul ediblər. Zaman-zaman sözündən çıxsalar da, yenə qaçıb-gəlib sığındıqları ilk "liman" Rusiya olub. Məsəldə deyildiyi kimi, tülkünün dönüb-dolaşıb sonda gələcəyi yer yenə də kürkçü dükanıdır. Unutmaq lazım deyil ki, Cənubi Qafqazın havasına öyrəşənlər Avropanın çirkli, boz havasına dözə bilməzlər. Xülasə, özgə qapılarda dolanan Ermənistan çarəsiz duruma düşüb. İngilis dilində iki sözü bir araya gətirə bilməyən Paşinyan yəqin ki, rəsmi danışıqları da internetdəki tərcümə vasitəsilə edir. Odur ki, deyilənləri də tam anlamır. Onsuz da süni zəkanın çevirdiyi cümlələr sözün əsl mənasında "erməni budaq cümləsi" olur. Lakin maraqlıdır ki, görəsən Paşinyan öz dilində heç olmasa nəsə bilir? Çünki davamlı olaraq bir-biri ilə əlaqəsi olmayan açıqlamalar verir. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, postmüharibə dövründə çalışır ki, Ermənistanla sülh müqaviləsi imzalansın, bütün diqqət regionun inkişafına yönəlsin. Dil dərsindən "2" alan Paşinyan da özünü elə göstərir ki, guya onlar da həqiqətən sülh, əmin-amanlıq istəyir. Ancaq davamlı olaraq ölkəmizə qarşı iddialar irəli sürür, görüntü yaratmağa çalışırlar. Haylar hər zamankı kimi "erməni xəstə"liyindən qurtula bilmir və mənfur ənənələrinə sadiqliklərini nümayiş etdirirlər.

Artıq 3 ildən çoxdur ki, Ermənistan sülh sazişini imzalamaqdan yayınır, bunun üçün hər vasitəyə əl atır. Qərbin başbilənləri hayları elə anti-Rusiya hərəkətlərinə öyrədirlər. Ermənistanın KTMT ilə münasibətləri bilinməyən müddətə dondurmaları isə keçirilən "dərs"lərin nəticəsidir. Yavaş-yavaş Ermənistanda Rusiya havasını yox etməyə çalışırlar. Guya belə olanda Qərb Ermənistan vasitəsilə bölgəyə gələcək, Rusiya regiondan tam sıxışdırılıb çıxarılacaq, nəticədə Azərbaycanı qarşıdakı mərhələdə çətinliyə salacaqlar. Qısaca desək, ABŞ və Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza nüfuz edib, ermənilərin əli ilə burada öz istədikləri konfiqurasiyanı qurmaq istəyirlər, Ermənistanı silahlandırırlar.

Bunun bir neçə səbəbi var. Belə ki, Azərbaycan artıq ordusuna, iqtisadiyyatına, daxili və xarici siyasətinə güc qatır, beynəlxalq arenada nüfuz sahibidir. Beynəlxalq miqyaslı tədbirlər Odlar yurdunda keçirilir. Avropa dövlətlərinə nefti, qazı, eləcə də digər sərvətləri respublikamız ixrac edir. Azərbaycan gücü və çəkisi olan ölkədir. Bu, sözün əsl mənasında aksiomdur. Əlbəttə, bunu Qərb də çox yaxşı başa düşür. Elə ona görədir ki, bu qədər əl-ayaqları bir-birinə dolaşır, təşvişə düşürlər. Bu baxımdan ölkə başçımızın 28 fevralda alman iş adamlarını qəbul edərkən verdiyi mesaj və bəyanatlar ABŞ və Fransaya mənasız cəhdləri dayandırmaq üçün ciddi siqnal kimi başa düşülməlidir. Prezident İlham Əliyev vurğulayıb ki, əfsuslar olsun ki, biz Cənubi Qafqazda ayrıca xətlərin qurulması cəhdlərini görürük: "Bütün bunlar bizim həyata keçirdiyimiz işlərə mane ola bilərmi?! Xeyr! Biz istər ərazi bütövlüyünün bərpası, istər iqtisadi gündəliyimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük... Kimsə bizim inkişafımıza töhfə vermək istəyirsə biz minnətdar olarıq. Bu olmazsa biz yenə də təəssüflənməyəcəyik... 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdilər. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər".

Nəticə etibarilə onu deyə bilərik ki, hayların hazırda küyə düşüb həyata keçirdiyi siyasət yəqin ki, onlara baha başa gələcək.

Töhfə SƏMƏDOVA,

"Respublika".