Zəfərimiz milli ideologiyamızın bəhrəsidir
Siyasət

Zəfərimiz milli ideologiyamızın bəhrəsidir

Qüdrətli Azərbaycan dövləti hədəflədiyi bütün uğurlara nail olmuşdur. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, separatizmin kökünün kəsilməsi, suverenliyimizin tam bərpası bu məqsədə xidmət edirdi. Suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası son 200 illik tariximizdə bir ilk idi.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Xalq Cümhuriyyətinin suveren ərazisi 114 min kvadratkilometr olmuşdur. İmperiyanın süqutundan sonra daxili və xarici problemlərlə üzləşməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti mühüm dövlət təsisatları qurmağa, vətəndaşlarının hüquqlarını müdafiə etməyə və beynəlxalq ictimaiyyətin etibarını qazanmağa müvəffəq oldu. Əfsuslar olsun ki, sovet hökumətinin bölücü siyasəti nəticəsində İrəvan, Zəngəzur, Dərələyəz kimi torpaqlarımız yağı düşmənə bağışlandı. Çoxəsrlik tarixə malik Azərbaycanın keşməkeşləri bununla da sonlanmırdı. 1984-cü ilin oktyabrında Qazaxda Kəmərli kəndinin ərazisindən təqribən 5000 hektardan artıq torpaq ermənilərə verildi. 1987-ci ildən sonra ermənilər ulu öndər Heydər Əliyevin hakimiyyətdən gedişini fürsət bilib daha da fəallaşdılar. Beləliklə, M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə "İnterkontinental" hotelində Fransa nəşrinə verdiyi müsahibəsində keçmiş "DQMV"nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olduğunu və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bildirdi. Hadisələrin cərəyanı, yaranan hərc-mərclik nəticəsində əzəli torpaqlarımıza gediş-gəliş mümkünsüzləşdi. 30 ildən artıq davam edən Vətən həsrəti xalqımızın köksündə silinməz izlər buraxdı. Bu dövr ərzində hər kəsin ağlında bir sual var idi: "Torpaqlarımıza nə zaman qayıdacağıq?".

44 günlük Vətən müharibəsinə qədər xalqımız məhz buna kökləndi. Artıq qüdrətli Azərbaycan dövləti əzəli və əbədi ərazilərində qurub-yaratmaqla məşğuldur. Bununla yanaşı, fevralın 7-də ilk dəfə olaraq bütöv Azərbaycanda prezident seçkiləri keçiriləcək.

Bu çərçivədə qeyd etmək lazımdır ki, bizim milli ideyamız azərbaycançılıq, Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, milli ordumuzun daha da gücləndirilməsi olmalıdır. Dünyanın qaynar nöqtələrindən biri olan Cənubi Qafqazda bunu təmin etmək ən əsas şərtlərdən biridir. Regionda diktə edən tərəf olaraq Azərbaycanı parçalamaq, zəiflətmək istəyən qüvvələr keçmişdə olduğu kimi, bu gün də var və gələcəkdə də olacaqdır. Ona görə də milli təfəkkürü, azərbaycançılıq ideyasını inkişaf etdirmək Azərbaycanı daha da yüksək pillələrə daşıyacaq. Təbii ki, bunun üçün güclü iqtisadi baza lazımdır. Qüdrətli Azərbaycanın təməli məhz ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Milli ideyamızın və hədəflərimizin müəllifi olan ümummilli liderimiz beynəlxalq zəmində Azərbaycanın nüfuzunu qaldırmış, bu da öz növbəsində iqtisadi tərəqqini mümkün etmişdir. Təsadüfi deyil ki, əldə edilən iqtisadi, siyasi və sosial dividendlər nəticəsində və milli birliyimizin möhkəmliyi sayəsində torpaqlarımız işğaldan azad edilmişdir. Lakin beynəlxalq təcrübə sübut edir ki, sadalananlar Zəfər üçün kifayət deyil. Şübhəsiz ki, milli şüuru mənimsəyən, bu ruhu özündə əks etdirən, canını bu yolda qurban verən igid oğullarımız qələbəni mümkün etmişlər.

Xalqımız milli, mədəni, dini ənənələri yaşadır, inkişaf etdirir. Azərbaycançılıq anlayışını qanı, canı ilə duyanlar gələcək inkişaf yolumuzu müəyyənləşdirir. Tarixi təcrübə də təsdiqləyir ki, milli ideologiyası olmayan dövlət müstəqil ola bilməz, yad təsirlərə məruz qalar, nəticədə yad ideologiyaya xidmət edər. Kənar ideologiyaya xidmət etmək isə elə başqasının təsiri altında olmaq kimi bir şeydir.

Azərbaycançılıq ideologiyasının ən vacib anlayışlarından biri də dövlət dilidir. Dövlətçiliyimizə göz dikən, bizi hər zaman əsarətdə saxlamaq, yaddaşımızı silmək istəyən istilaçılar tərəfindən dəfələrlə əlifbamız dəyişilməyə məruz qalmışdır. Ümummilli liderimiz Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdə - milli ideologiyanı formalaşdırmağın mümkün olmadığı dövrdə azərbaycançılıq ideyasını inkişaf etdirdi. Azərbaycan dilinin inkişaf etdirilməsi, bunun davamı olaraq 1978-ci ildə qəbul edilmiş Konstitusiyada ana dilimizin "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" kimi təsbit olunması, tariximizi saxtalaşdıranlara qarşı Heydər Əliyevin sərt mövqeyi, bütün sahələr üzrə milli kadrların hazırlanması sovet ideologiyasının içində azərbaycançılığı formalaşdırır, milli ruhu yüksəldirdi.          

Elşad HƏSƏNOV,

politoloq.