Türk ailəsi güclənir
Siyasət

Türk ailəsi güclənir

Ötən il diplomatik münasibətlərin 30-cu ildönümünü qeyd edən Azərbaycan və Qırğızıstan strateji tərəfdaş ölkələrdir. 1993-cü il yanvarın 19-da qurulan əlaqələr bu gün şaxələndirilmiş əməkdaşlıq fonunda davam edir. Sahib olduğumuz eyni dil, din, qardaşlıq, dostluq əlaqələri və oxşar tarixlə yanaşı, dünyada formalaşan yeni geosiyasi maraqlar iki ölkəni bir-birinə yaxınlaşdırır. Dünyada baş verən proseslər fonunda Türk dünyasının birliyi vacib amildir. Azərbaycan və Qırğızıstan isə bu ailənin mühüm üzvləridir. Ölkələrimiz mövcud potensialdan istifadə edərək əlaqələrin daha da genişləndirilməsində maraqlıdırlar.

Hər iki dövlət həm də bir-biri ilə mədəniyyət sahəsində səmimi münasibətlər qurub. Ölkəmizdə böyük qırğız yazıçısı Çingiz Aytmatovun heykəlinin qoyulması, 2022-ci ilin 11 oktyabrında Prezident İlham Əliyevin səfəri zamanı Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq parkının açılışı qarşılıqlı mədəni əlaqələrin mövcudluğunu əyani sübut edir. Ötən gün Qırğızıstanın dövlət başçısı Sadır Japarovun ölkəmizə səfəri mühüm tərəfdaşlıq sənədlərinin imzalanması və mövcud əlaqələrin daha da genişlənməsinə yönəlib.

Baş tutan səfər Qırğızıstan prezidentinin Azərbaycana ikinci dövlət səfəridir. Ötən ilin noyabr ayında da cənab Sadır Japarov Azərbaycanda olmuşdu. Amma budəfəki səfər həm də Dövlətlərarası Şuranın iclasının keçirilməsi ilə əlamətdardır. Artıq Şuranın ikinci iclası keçirilir. Bu kimi səfərlər ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsini təmin edir. Hazırda hər iki ölkənin hökumət nümayəndələri tərəfindən iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı əlaqələri və münasibətləri tənzimləyəcək müqavilələrin və sazişlərin imzalanması prosesi gedir və çoxsaylı sazişlər imzalanır. Qırğızıstan türk dünyasının çox vacib ölkəsi kimi, mühüm geostrateji mövqeyə malikdir. Onun yerləşdiyi coğrafiya Mərkəzi Asiyanın təhlükəsizliyi, eləcə də Mərkəzi Asiya dövlətləri arasında iqtisadi münasibətlərin tənzimlənməsi baxımından əhəmiyyətlidir. Şübhəsiz ki, bütün dövlətlər kimi Azərbaycan da bunu nəzərə alır və eyni zamanda ölkəmiz də Qırğızıstan üçün çox mühüm bir tərəfdaşdır. Belə ki, Azərbaycan bütün Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Qırğızıstanın Avropaya çıxışı, həm nəqliyyat infrastrukturu, həm də humanitar, mədəni əlaqələrin inkişafı nöqteyi-nəzərdən mühüm aktordur.

Görüş zamanı hər iki ölkənin rəsmi nümayəndələri tərəfindən bir çox sahədə əməkdaşlıq barədə sənədlər imzalandı. Daha sonra Qırğızıstan prezidenti Sadır Japarovun iştirakı ilə Çingiz Aytmatovun abidəsinin açılışı oldu. Səfər çərçivəsində Sadır Japarov Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını da ziyarət etdi.

Ölkələr arasında iqtisadi, humanitar və digər sahələrdə yüksək səviyyəli əməkdaşlıq əlaqələri mövcuddur. Digər bir tərəfdən, Qarabağda yenidənqurma işlərinə Qırğızıstanın dəstəyi ölkələr arasında münasibətləri dərinləşdirir. Qırğız xalqı 2020-ci ilin Vətən müharibəsi zamanı da bütün Mərkəzi Asiya dövlətləri kimi haqlı mübarizəmizi izləyir, ölkəmizin uğurlarına bizim qədər sevinirdi. Həmçinin Azərbaycanla Qırğızıstanı tarixi tellər bağlayır. Ötən əsrin 90-cı illərində imzalanmış atəşkəs protokolunun da ünvanı məhz Bişkek şəhəri idi. Həmin dövrdən keçən müddət ərzində Qırğızıstan Azərbaycanın ərazi bütövlüyünü bütün platformalarda dəstəkləmişdi. Vətən müharibəsindəki mənəvi, siyasi dəstəkdən sonra bütün türk dövlətləri, o cümlədən Qırğızıstan Azərbaycana işğaldan azad olunmuş torpaqların abadlaşdırılmasında öz töhfəsini vermək təşəbbüsü ilə çıxış etdi.

Türkiyə, Qazaxıstan və Özbəkistandan sonra Qırğızıstan da işğaldan azad olunmuş ərazilərimizdə Ağdam şəhərində məktəb binası tikməklə Böyük Qayıdış prosesinə töhfə vermək istəyir. Bu, əlbəttə, rəmzi məna daşıyır. Məktəbi də, digər infrastruktur layihələrini də, xəstəxanaları, kitabxanaları da Azərbaycan hökuməti özü tikir və tikə bilər. Amma qardaş türk dövlətlərinin işğaldan azad olunmuş ərazilərə öz töhfəsini vermək istəyi xalqlarımızın bir-birinə olan qarşılıqlı səmimiyyətindən, dostluq və qardaşlıq münasibətlərindən irəli gəlir. İkinci bir tərəfdən bu, bəzi ölkələrə və beynəlxalq təşkilatlara mühüm bir mesajdır ki, biz türk dövləti olaraq bir yerdəyik, birlikdəyik və hər zaman bir-birimizin maraqlarını müdafiə etməyə hazırıq.

Tacir SADIQOV,

"Respublika".