Ulu Öndərin müdrik siyasəti sayəsində müstəqil dövlətimiz bütün təlatümlərdən üzüağ çıxdı
Siyasət

Ulu Öndərin müdrik siyasəti sayəsində müstəqil dövlətimiz bütün təlatümlərdən üzüağ çıxdı

1992-ci il oktyabrın 24-də AXC Naxçıvan şöbəsinin silahlı dəstələri dövlət çevrilişinə cəhd göstərmişlər

Ömrünü millətinə, dövlətinə həsr edən ümummilli lider canından artıq sevdiyi, haqqında fəxarətlə danışdığı Vətəninin müstəqilliyi, azadlığı uğrunda yorulmadan mübarizə apararaq onu zamanın sərt sınaqlarından çıxardı. Demokratik, hüquqi dövlət, dünyəvi cəmiyyət, sivilizasiyalı ölkə kimi Azərbaycanın daimi yüksəliş yolunu müəyyən etdi, xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşməsində, müasir Azərbaycan dövlətinin yaradılmasında misilsiz xidmətlər göstərdi.

1987-ci ildə SSRİ rəhbərliyindən istefa verən Heydər Əliyev 1990-cı ilin 20 iyulunda doğma Azərbaycana qayıtdı. Lakin o vaxt respublikaya rəhbərliyi zorla ələ keçirmiş və bu vəzifədən yalnız öz məqsədləri üçün istifadə edən şəxslər ümummilli liderin Bakıda qalmasına imkan vermədilər. Sonralar ulu öndər həmin illəri belə xatırlayırdı: "Moskvada məni təqib edirdilər... Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Görünür, mənim Naxçıvana gəlməyim taleyin işi imiş".

O illər mürəkkəb bir dövr idi, ölkəmizə qarşı ərazi iddiaları edən, işğal etdiyi torpaqları daha da genişləndirən Ermənistan Naxçıvan Muxtar Respublikasını blokadaya salmışdı. Bakı ilə həm dəmir yolu, həm də avtomobil yolu əlaqəsi kəsilən muxtar respublikada vəziyyət olduqca çətin idi. Həmin dövrdə ümummilli liderin Naxçıvana gəlişi xalqı əzab-əziyyətdən xilas etdi. Dahi şəxsiyyətin Naxçıvana gəldiyi vaxt Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə seçkilər ərəfəsi idi və əhali yekdilliklə ulu öndərin namizədliyini irəli sürdü. 30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Naxçıvanda yenidən siyasi fəaliyyətə başlayan ümummilli liderin rəhbərliyi ilə muxtar respublikada hökm sürən acınacaqlı vəziyyətin aradan qaldırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Ulu öndərin qonşu ölkələrlə danışıqlar aparması nəticəsində qazın, işığın verilməsi əhalinin həyat şəraitini yaxşılaşdırdı. Hətta Heydər Əliyev Naxçıvana erməni təcavüzünün qarşısının alınması üçün Ermənistan Ali Sovetinin sədri ilə telefon danışıqları apararaq respublikanın təhlükəsizliyinə nail oldu. Lakin uzaqgörən dahi şəxsiyyətin Ali Məclisin sessiyalarındakı çıxışları, xalqın mənafeyinə xidmət edən təklifləri əsasında qərarların qəbul edilməsi Azərbaycanın ovaxtkı səriştəsiz, dövlət idarəçiliyində təcrübəsi olmayan rəhbərliyinin ürəyincə deyildi. 1991-ci il sentyabr ayının 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə bu qüvvələr daha da təşvişə düşdülər və xalqın Heydər Əliyevə olan inamını, etibarını, etimadını sarsıtmaq üçün hər vasitəyə əl atdılar.

Ali Məclisin Sədri seçildikdən sonra Heydər Əliyev muxtar respublikada ümumi vəziyyətin stabilləşməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində fəaliyyətini demokratik şəraitdə həyata keçirir, xalqın içindən çıxan qüvvələrlə birgə çalışır, onları rəhbər vəzifələrə təyin edirdi. Belə ki, ulu öndər Xalq Cəbhəsinin Naxçıvan şöbəsinin iki üzvünü Ali Məclisin sədrinin müavini təyin etmiş, AXC-nin yaradıcılarından biri baş nazir təsdiq edilmiş, demokratik xalq hərəkatının liderləri Culfa və Ordubad rayon sovetlərinin sədrləri seçilmişdilər. Lakin xalqın və dahi lider Heydər Əliyevin etimadını doğrultmayan müxalif qüvvələr vəzifələrindən sui-istifadə edir, qeyri-qanuni fəaliyyətlə məşğul olurdular. Bakıdan aldıqları təlimatla respublikada vəziyyəti gərginləşdirmək, əhalinin yaşayışını çətinləşdirməklə ulu öndərin gördüyü işlərə kölgə salmağa, onun xalq arasında olan nüfuzuna xələl gətirməyə çalışırdılar. Xalqının, millətinin mənafeyini hər şeydən üstün tutan, dövlətinə hər zaman şərəflə xidmət edən müdrik siyasətçi kimliyindən, vəzifəsindən asılı olmayaraq xalqına qarşı əks mövqedə dayanan, onun inkişafına, tərəqqisinə mane olan hər hansı bir qüvvəni zərərsizləşdirməyi ən mühüm vəzifəsi hesab edirdi. Buna görə də yolundan çıxmış Xalq Cəbhəsi üzvlərini tutduğu vəzifələrdən azad etdi, bundan sonra isə AXC-nin Heydər Əliyevə qarşı fəalliyyəti daha da gücləndi. 1992-ci il oktyabrın 24-də isə AXC Naxçıvan şöbəsinin silahlı dəstələri və Ordubad rayon polisi tərəfindən Naxçıvanda dövlət çevrilişinə cəhd göstərildi. Cəbhəçilər yerli televiziyanın binasını, texniki istismar rabitə idarəsinin elektrik mərkəzini, Daxili İşlər Nazirliyini tutdular. Xalq Cəbhəsinin bu hərəkətlərinə qəti şəkildə etiraz edən əhalinin böyük bir hissəsi Naxçıvan MR Ali Məclisinin qarşısında mitinq keçirdi və xalq ulu öndərin ətrafında birləşdi, onunla həmrəy olduğunu bildirdi. Ali Məclisin sədri Heydər Əliyev silahlı dəstələrdən qanunsuz hərəkətlərinə son qoymağı, Daxili İşlər Nazirliyinin və Teleradio Verilişləri Komitəsinin binasını boşaltmağı tələb etdi. Heydər Əliyev həmin günlərdən bəhs edərkən demişdir: "Oktyabr ayının 24-də Naxçıvanda çevriliş edib məni ordan qovmaq istəyəndə mən 9 dəfə Əbülfəz Elçibəylə telefonla danışdım, dedim, bu adamları yığışdırın, o, mənə deyir, nə cür yığışdırım? Dedim, bunlar Xalq Cəbhəsinin qeyri-qanuni silahlı adamlarıdır. Siz, Xalq Cəbhəsinin sədrisiniz, göstəriş verin yığışdırsınlar. Siz bilirsinizmi ki, o, bu göstərişi vermədi? Nəhayət, 15 min Naxçıvan əhalisi - qoca, cavan, uşaq, qadın, kişi toplaşdılar ora, camaatı oradan dağıtdılar".

Oktyabrın 25-də keçirilən Naxçıvan MR Ali Məclisinin fövqəladə sessiyasında AXC Naxçıvan şöbəsinin silahlı dəstələrinin dövlət çevrilişi cəhdi pislənildi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 25 oktyabr tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 1992-ci il oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsi və onun silahlı qüvvələri tərəfindən ələ keçirilməsi, bu dövlət orqanlarının işinin bir neçə saat ərzində iflic vəziyyətinə salınması və beləliklə, bütün əhaliyə mənəvi zərbə vurulması Naxçıvan Muxtar Respublikasında dövlət çevrilişi kimi qiymətləndirildi. Ali Məclis AXC silahlı qüvvələrinin üç gün ərzində tərk-silah olunması haqqında qərar qəbul etdi.

Öz ideyalarında Azərbaycanın gələcəyini aydın və dəqiq müəyyən edən Ulu öndər müstəqillik yolunun çox uzun və keşməkeşli olduğunu, onun qorunub saxlanmasının isə daha çətin olduğunu vurğulayırdı. Ona görə də dahi lider ilk növbədə, Azərbaycanın müstəqilliyinin əbədiliyinə xələl gətirəcək amilləri vaxtında aradan qaldırdı, müdrik siyasəti sayəsində müstəqil dövlətimiz bütün faciə və təlatümlərdən üzüağ çıxdı, dövlətçiliyimiz qorunub saxlanıldı.

Mehparə ƏLİYEVA,

"Respublika".