Zəfər salnaməsinin şəhidləri...
Digər xəbərlər

Zəfər salnaməsinin şəhidləri...

Lənkəran elinin qeyrətli oğulları - Elməddin Məmmədli, Ramid Əliyev Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan 44 günlük İkinci Qarabağ müharibəsində ölümün gözünə dik baxmaqla Vətənin harayına birinci səs verdilər.

30 il yağıya əsir düşmüş Vətən torpaqlarının azadlığı uğrunda son damla qanına qədər vuruşaraq canlarını fəda etdilər. Sonda qəhrəmanların axıtdığı qızıl qan üçrəngli qələbə bayrağımıza dönüb müqəddəs Vətən torpaqlarında ucaldı. Məhz bu yolda şəhidlik zirvəsinə ucalan Elməddinin və Ramidin ömrü nə qədər qısa olsa da, örnək kimi tarixə düşdü. Neçə-neçə qərinələr ötsə belə, xalq onları heç vaxt unutmayacaq, xatırladıqca iftixarla adlarını anacaq. Vətənə, onun torpağına halal sevgini Elməddinin, Ramidin qoyduqları əməllərdən öyrənəcək.

Bəli, Azərbaycanın tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi daxil olan haqq savaşımızda Lənkəran elinin hər iki qəhrəman oğlu elə bir tarix yazıblar ki, bu, heç zaman unudulmaz. Bu fikirlər qalib şəhidlərin şəhadətə qovuşduğu 3-cü anım ilində təşkil olunmuş tədbirdə bir daha bildirildi. Mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, digər rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri Elməddin Məmmədli və Ramid Əliyevin uyuduqları məzarları ziyarət edib, xatirələrini ehtiramla andılar. Daha sonra şəhidlərin ailə üzvləri ilə görüşən icra başçısı qayğı və problemlərini öyrənməklə bərabər, onu da əlavə etdi ki, öz doğma Vətəninin müdafiəsi uğrunda canından keçən qeyrətli oğullar heç vaxt unudulmur, daim qəlblərdə yaşayırlar.

Şəhidliyi Vətən sevgisindən başlanan, xalqın qəhrəmanlıq simvoluna dönən, "Vətən uğrunda", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medallarına layiq görülən Elməddin Ələddin oğlu Məmmədli Lənkəran rayonunun Göyşaban kəndində anadan olub. Onun bu işıqlı dünyaya gəlib-getməsi cəmi 25 il çəkdi. Olduqca şərəfli həyat yolu keçməklə, adı əbədi yaddaşlara yazıldı. O, Vətən müharibəsi başlanan gün tərəddüd etmədən cəbhəyə yollanıb, silaha sarılan andan yağıya qan qusdurub. Qubadlıda, Zəngilanda göstərdiyi şücaət döyüşçü yoldaşlarında şanlı qələbəmizə böyük inam yaradıb. Qubadlıda gedən ağır döyüşlərdə ölümcül yaralansa da, döyüşə-döyüşə şəhidlik zirvəsinə ucalıb.

İgidliyi, mərdliyi ilə təkcə bir ailənin yox, bütün Azərbaycan xalqının övladı olan Ramid Kamal oğlu Əliyev 1996-cı ildə Lənkəranın Şağlaser kəndində boya-başa çatıb. O, 44 günlük haqq savaşımıza könüllü qatılıb. Müharibə meydanında ilk ciddi sınaqdan alnıaçıq çıxıb, hünəri onunla çiyin-çiyinə vuruşan döyüş yoldaşlarını heyran qoyub. Düşmən onun vurduğu sarsıdıcı zərbələr qarşısında itki verə-verə qaçmağa məcbur olub. Azad edilən Vətən torpaqlarının bir çox yerində üçrəngli qələbə bayrağımızın ucalmasında Ramid böyük şücaət göstərib. Vətəni alınmaz qalaya çevirən qəhrəman Qubadlı istiqamətində erməni dığaları tərəfindən atılan artilleriya mərmisi nəticəsində dünyasını dəyişib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və digər medallara layiq görülüb.

Zəfər ORUCOĞLU.