Hindistandan Hayastana
Digər xəbərlər

Hindistandan Hayastana

Hərbi texnikanın daşınması kimi məkrli cəhdlər heç nəyə yaramayacaq

Sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah daşınmasını əks etdirən videomateriallar yayılıb. Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb. Sosial şəbəkədə yayılan görüntülərdən aydın olur ki, daşınan yükü gizlətmək üçün üzərinə göy rəngdə tent atılıb. Məlumata görə, İrandan Ermənistana daşınan hərbi təyinatlı yük İranın Bəndər-Abbas limanına çatdırılıb.Silahların tədarükçüsü isə son zamanlar Ermənistanla hərbi-texniki əməkdaşlığı sürətlə inkişaf etdirən Hindistandır. Mətbuatdakı açıq mənbələrdən məlumdur ki, Ermənistanla Hindistan arasında dəyəri 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb.

Son illər iki ölkənin hərbçiləri arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi də qeyd olunmalıdır. Ermənistan-Hindistan hərbi əməkdaşlığın güclənməsindən xəbər verir. Müqaviləyə əsasən, Hindistan Ermənistana yerli istehsalı olan "Pinaka" reaktiv yaylım atəşi sistemləri, eləcə də tank əleyhinə raketlər və silah-sursat partiyası göndərəcək. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, Hindistanın Ermənistana silah sistemlərinin ixracı ilk deyil. 2020-ci ildə Hindistan bu ölkəyə təxminən 40 milyon dollar dəyərində dörd "Swathi" əks batareya radarı göndərib. Görünür Hindistan silahların İrana çatdırılması üçün fəaliyyətini intensivləşdirib.

Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən bildirib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə, onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır? Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Kadrlardan da aydın görünür ki, Ermənistan faktiki olaraq silah və hərbi texnika ilə sürətli şəkildə təchiz olunur. Görünür, rəsmi Bakının Dehlini Ermənistan ordusunu yenidən silahlandırması və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyasının yenidən baş qaldırmasına rəvac verəcək addımlardan çəkinməsi ilə bağlı xəbərdarlıqlarını qarşı tərəf bir o qədər ciddiyə almayıb. Ermənistanın müxtəlif kanallar vasitəsilə sürətlə silahlandırıldığını əks etdirən kadrlardan bir daha bu qənaətə gəlmək olur ki, Azərbaycanın Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi quraşdırması düşünülmüş və strateji əhəmiyyətli qərardır. Demək ki, Azərbaycanın indi fəaliyyətdə olan bu buraxılış məntəqəsi olmasaydı, Hindistandan İran ərazisindən keçməklə Ermənistana daşınan silahların hərbi texnikanın bir qismi Qarabağdakı qondarma rejimin qalıqlarının əlinə düşə bilərdi.

Amma bu gün Ermənistan istəsə də bu silahları Qarabağdakı qondarma rejimin qalıqlarına ötürə bilməyəcək. Çünkü Prezident İlham Əliyevin vaxtında verdiyi qərar əsasında Laçın yolunun başlanğıcında qurulan nəzarət-keçid məntəqəsi Qarabağ separatçılarının revanş məqsədi ilə növbəti təxribatlar törətməsinə mane oldu.

Hindistan onu da bilməlidir ki, Ermənistana silah-sursat, ölümcül silahlar, o cümlədən "Pinaka" zenit-raket sisteminin və uzaqmənzilli silahların tədarükündən onlar məkrli niyyətlərlə istifadə edə bilər. Çünki 44 günlük müharibə əyani şəkildə göstərdi ki, döyüş meydanında məğlub olan erməni ordusu dinc yaşayış məntəqələrini atəşə tutur. Görünən odur ki, gur səslə beynəlxalq hüquqdan danışan Hindistan, Cənubi Qafqazda sülhə və sabitliyə deyil, açıq-aşkar hərbi münaqişənin qızışdırılmasına çalışır.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşdə Ermənistanla Hindistan arasında hərbi əməkdaşlığın dərinləşməsi və bu xüsusda son günlər mediada Hindistan istehsalı olan silah sistemlərinin İran vasitəsilə Ermənistana daşınması barədə foto və videoların yayılmasının Azərbaycan tərəfində narahatlıq doğurduğunu bildirib. Vurğulayıb ki, Hindistanın bu ölkəyə öldürücü silahlar tədarük etməsi vəziyyətin gərginləşməsinə yol açır və Cənubi Qafqaz regionunda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasına maneələr törədir.

Ermənistan hərbi-siyasi rəhbərliyi 3 il əvvəlki aqibətlərini gözlərinin önünə gətirməlidirlər. Çünkü o vaxt da Hindistan, İran və digər ölkələr onları silahlandırırdılar. Nəticə isə hər kəsə məlumdur.

Mustafa KAMAL,

"Respublika".