YÜZ BİR YAŞLI VETERAN
Region

YÜZ BİR YAŞLI VETERAN

Cənnət Teymurov ömrünün 101-ci baharını yaşayır. İkinci Dünya müharibəsi başlananda 19 yaşı olub. Doğulub boya-başa çatdığı Masallı rayonunun Qədirli kəndindən cəbhəyə yollanıb, 416- atıcı diviziyanın tərkibində döyüşüb.

Taqanroq, Mozdok, Kerç, Krım, Rostov şəhərlərinin alman faşistlərindən azad edilməsində şücaət göstərib. 416- Azərbaycan diviziyasının tərkibində III Ukrayna I Belorusiya cəbhələrində düşmənə qarşı vuruşaraq Berlinə kimi şərəfli döyüş yolu keçib.

Cənnət Teymurov 1945-ci ilin avqustunda sovet ordusunun Yaponiya ilə başladığı müharibədə iştirak edib. 1947-ci ildə sinəsi orden medallarla Vətənə qayıdıb. Uzun illər Bakı şəhərində daxili işlər orqanlarında çalışıb. Təqaüdə çıxdıqdan sonra Masallı rayonunun Viləş kəndinə köçüb. Burada ev-eşik qurub, ömür-gün yoldaşı İnsaf xanımla iki oğul, 3 qız övladı böyüdüb. Cənnət Teymurovun nəsillərə örnək olan həyat yolunu bu gün övladları, nəvələri ləyaqətlə davam etdirir.

9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın şöbə müdirləri, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəhbər işçiləri, ictimaiyyət nümayəndələri veterana baş çəkiblər.

İcra başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına, yaşlı nəslin nümayəndələrinə göstərdiyi yüksək diqqət qayğıdan söhbət açıb. 101 yaşlı veteranın məişət şəraiti, qayğıları ilə maraqlanıb. Faşizm üzərində Qələbə Günü münasibətilə veterana hədiyyə təqdim edib.

İkinci Dünya müharibəsinin veteranı Cənnət Teymurov dövlətimiz tərəfindən göstərilən qayğıdan məmnunluğunu ifadə edib ölkə Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Əlisəfa HƏSƏNOV,

"Respublika".