Yurd yerlərimiz
Digər xəbərlər

Yurd yerlərimiz

Vətənin bağrından qoparılmış torpaq

Pəmbək mahalının Böyük Qarakilsə (Quqark) rayonu Qərbi Azərbaycanın loğman təbiətli məkanlarından biri olub. Bu yurd axar-baxarlı təbiəti, zəngin fauna və florası ilə insanlarda xoş ovqat aşılayır, buradakı dağ gölləri, qıjıltı ilə axan çaylar, şərbət bulaqlar, əlvan xalıya bənzəyən çöl-çəmən, atlas geyimli yamaclar diqqəti cəlb edirdi. İndi bu qədim oğuz eli sahibsiz, necə deyərlər "gözüyaşlı" qalıb. 1988-ci ilin şaxtalı qış günlərində türk oylağı olan bu ərazilərdən erməni vandallarının xəyanəti nəticəsində qarakilsəlilər köçmək məcburiyyətində qalıblar.

Pəmbək mahalı Qərbi Azərbaycanın bir parçası olmaqla qədim Turanın görən gözü, Azərbaycanın döyünən ürəyidir.

Ermənilərin Türkiyədən və İrandan Qərbi Azərbaycana axını başlayandan az sonra haylar Pəmbək mahalının Böyük Qarakilsə rayonunda azərbaycanlılara qarşı qanlı cinayətlər törətmiş, hər vasitə ilə onları ata-baba yurdlarından sıxışdırmağa çalışmışlar. Bu ədalətsizliyə çar Rusiyası həmişə göz yummuş, xalqımızı ağır işgəncələrə məruz qoymuşdur. Tarixi vərəqləsək, bunun şahidi olarıq.

Rayonun ərazisində yaşayanlar tarix boyu hayların xəyanət toruna düşmüşlər. Buraya XIX əsrin əvvəllərində Osmanlı imperiyasından (Türkiyə) və Qacarlar dövlətinin (İran) ərazisindən türk qanına susayan erməni daşnakları gəlmişlər.

Nadir şah Əfşarın 1747-ci ildə öldürülməsindən sonra Cənubi Qafqazda müstəqil xanlıqlar yaradıldı. Onlardan biri də İrəvan xanlığı idi. Pəmbək mahalı da o dövrdə gürcü çarlarının hakimiyyəti altında idi.

1801-ci il yanvarın 18-də Gürcüstan Rusiyaya birləşdi və Pəmbək mahalı da rusların imperiyasına qatıldı. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsi ilə bütünlükdə Cənubi Qafqaz rusların əlinə keçdi.

Çar Rusiyası Cənubi Qafqazda inzibati ərazi islahatları aparan zaman Böyük Qarakilsənin indiki ərazisi daşnak Ermənistanda (1918-1920) 1920-ci il noyabrın 29-da Sovet hakimiyyəti qurulduqdan sonra Ermənistan SSR-in 1930-cu ilə kimi Lori-Pəmbək qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəzalar ləğv olunub yerində rayonlar yaradılan zaman Lori-Pəmbək qəzasının Pəmbək bölgəsi 1930-cu il sentyabrın 9-da Qarakilsə Quqark adlandırıldı. 1937-ci il dekabrın 31-də isə Hamamlı (Spitak) rayonu yaradıldı.

Rayonun türk əhalisi 1948-1953-cü illərdə soyqırımına və deportasiyaya məruz qalmışdır. Həmin illərdə əhalinin say tərkibi ermənilərin xeyrinə xeyli dəyişmiş, azərbaycanlılara məxsus olan qədim abidələr dağıdılıb məhv edilmişdir.

Rayonun azərbaycanlı sakinləri İ.Stalin, Molotov, Arutyunov və digər xəyanətkarların ucbatından köçürüldükdən sonra onların evlərinə xarici ölkələrdən köçürülmüş ermənilər yerləşdirilmişdir.

1988-ci ilin dekabrına kimi rayonun indiki ərazisində azərbaycanlılar üstünlük təşkil edirdilər. Qarakilsə rayonunun Arcut, Armudlu, Aslan-Xaraba, Aşağı Kilsə, Ayıbasan, Balqırqanlı, Bayatlar, Bəxtiyar, Gözəldərə, Yaqublu və digər kəndlərdə yaşayan azərbaycanlılar milli adət-ənənələrimizi ləyaqətlə qoruyub saxlayır, bu yurdda elm, mədəniyyət xadimləri yetişir, onlar hər addımda erməni xəyanəti ilə üzləşirdilər.

1935-1978-ci illərdə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin imzaladığı müxtəlif fərmanlarla rayonun ərazisində türk və molokan kəndlərinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

1980-ci ilin əvvəllərində Ermənistan təhsil nazirliyinin bir qrup əməkdaşları Pəmbək mahalının Böyük Qarakilsə rayonuna səfər edir. Bu, müəllimlərin avqust müşavirəsi ərəfəsində olur. Burada keçirilən toplantıda 2 nəfər azərbaycanlı məktəb direktoru etiraz səslərini ucaldıb bildirirlər ki, Azərbaycan kəndlərində məktəb tikintisi unudulub. Bir-birinin ardınca erməni məktəbləri inşa olunur. Bu ayrı-seçkilik isə heç kəsi narahat etmir.

Avqust müşavirəsindən 5-6 gün sonra təhsil nazirliyinin göstərişi ilə heç bir səbəbi olmadan azərbaycanlı məktəb direktorlarını tutduqları vəzifələrdən uzaqlaşdırırlar. Əlbəttə, ermənilərin belə xəyanətini çox-çox sadalamaq olar.

1971-1980-ci illərdə artıq SSRİ imperiyasının zəifləməsi prosesi gedirdi. Xalq arasında kommunizm utopiyasına inam azalırdı. İllərdən bəri formalaşmış inzibati amirlik sistemi artıq iflic vəziyyətinə düşmüşdü. Ölkədə tüğyan edən rüşvətxorluq, təsərrüfatsızlıq, şişirtmə rəqəmlərlə özünü və cəmiyyəti aldatma bu xəstə imperiyanın dağılmasına gətirib çıxardı. Lakin bu prosesin tezliklə baş verəcəyinə 80-ci illərdə xalqın inamı yox idi.

Sov. İKP MK-nın baş katibi M.Qorbaçovun siyasi və iqtisadi sahədə elan etdiyi aşkarlıq, demokratiya, plüralizm və sərbəst iqtisadiyyat vəd edən yenidənqurma siyasəti nəticəsində ermənilər daha da azğınlaşdılar. Onlar 1988-ci ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı açıq terrora keçdilər. Haylar uydurma Qarabağ məsələsini ortaya atdılar, əsassız ərazi iddiası irəli sürdülər. 1987-ci ilin oktyabrında Yerevan şəhərindəki Puşkin adına parkda Qarabağ komitəsinin ilk nümayişi keçirildi.

1988-ci ildə Qərbi Azərbaycandakı bütün soydaşlarımız kimi, Pəmbək mahalının Böyük Qarakilsə rayonunda erməni daşnakları amansız qırğınlar törətdilər. Rayonun neçə-neçə azyaşlı körpə uşaqları işgəncə ilə dəmir borulara doldurulub bərk-bərk qaynaq edildi. Ermənidən başqa bu qəddarlığı heç bir millət etməzdi, ancaq haylar etdilər. Bu, son deportasiyanın ən qanlı hadisəsi oldu.

Pəmbək mahalının sakinləri, xüsusilə Böyük Qarakilsə böyük çətinliklərlə üzləşdilər. Deportasiya zamanı 217 azərbaycanlı qətlə yetirildi.

Beləliklə, tarixən Qərbi Azərbaycan olan indiki (Ermənistan) ərazisindən azərbaycanlıların deportasiyası 1905-1907-ci illərdə başlanmış (haylar tərəfindən), 1918-1920, 1948-1953-cü illərdə davam etdirilmiş və XX əsrin 80-ci illərinin axırlarında tam başa çatdırılmışdır.

Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indiki Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir. Terror, şantaj, separatçılıq yolunu seçmiş ermənilər və onların faşist ideyalı "Daşnaksütyun" partiyası daim Qərbi Azərbaycan torpaqları və azərbaycanlı əhalisinin faciəsi hesabına öz mənfur məqsədlərinə nail olmuşlar.

Pəmbək mahalı, Böyük Qarakilsə hər qarışında bir tarix yaşadan yurd yeri, ulularımızın ruhu dolaşan əngin səma, əcdadlarımızın yadigarı və 35 ildir ki, həsrətini çəkdiyimiz bir məkandır. Çox tezliklə səngərli dağlara durna qatarı kimi köç karvanları düzüləcəkdir...

 Qədir ASLAN,

"Respublika".