ANAMA-nın supervayzerləri beynəlxalq təlimlərdə peşə qabiliyyətlərini artırıblar
Digər xəbərlər

ANAMA-nın supervayzerləri beynəlxalq təlimlərdə peşə qabiliyyətlərini artırıblar

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) sahə əməkdaşlarının mütəmadi olaraq beynəlxalq təcrübəyə əsaslanan təlimlərə cəlb edilməsi, milli potensialın təkmilləşdirilməsi və gücləndirilməsində, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan təmizləmə əməliyyatlarının miqyasının artırılmasında mühüm rol oynayır.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, Böyük Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı tərəfindən agentliyin yeni supervayzerlərinin hazırlanması üçün keçirilən təlimlər başa çatıb.

Təlimlər ANAMA və MAG qeyri-hökumət təşkilatı arasında ötən il imzalanmış Anlaşma Memorandumu əsasında keçirilib.

Bir ilə yaxın davam edən təlimlər zamanı supervayzerlər sahə əməliyyatlarının planlaşdırılması, icra və idarəedilməsi, o cümlədən sahədaxili qərarların qəbul olunması və peşə qabiliyyətlərinin artırılması istiqamətində bilik və bacarıqlara yiyələniblər.

Birgə hazırlanan plana uyğun olaraq nəzəri və praktiki metodologiyaları əhatə edən, eləcə də beynəlxalq minatəmizləmə standartlarına əsasən keçirilən kurslarda iştirak edən ANAMA-nın yeni sahə supervayzeri təlimləri müvəffəqiyyətlə yekunlaşıb, iştirakçılar "Sahə supervayzeri" üzrə sertifikat əldə ediblər.

Əldə edilən beynəlxalq sertifikatlar gələcəkdə ANAMA mütəxəssislərinin Azərbaycanı ölkə hüdudlarından kənarda bu sahədə reallaşdırılan layihələrdə təmsil etməsinə imkan yaradır.

AZƏRTAC