Separatçılar Azərbaycan qanunları ilə mühakimə olunacaq
Digər xəbərlər

Separatçılar Azərbaycan qanunları ilə mühakimə olunacaq

Ermənistan rəhbərliyinin Azərbaycana qarşı təxribat xarakterli hərəkətləri son vaxtlar daha da artıb. Belə ki, bu ölkənin baş naziri Paşinyan hələ də ikiüzlü, riyakar siyasət yürütməkdə davam edərək sözdə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu desə də, əməldə tam əks-mövqe nümayiş etdirir.

Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirdi ki, Azərbaycan dəfələrlə Qarabağa humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi  yolunu təklif edib. Lakin ermənilər qəsdən bu yoldan imtina edirlər.  Laçın yolunda Azərbaycan dövləti tərəfindən qurulmuş nəzarət-buraxılış məntəqəsi açıqdır və bu günə qədər iki mindən çox mülki erməni bu yoldan istifadə edərək İrəvana gedərək geri qayıdıb.

Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq. Onların Qarabağa hərbi texnikalarını yerləşdirməsi və səngərlər qazması Rusiya sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidə həyata keçirilir və Rusiya sülhməramlı qüvvələri separatçıların bu qanunsuz hərəkətlərinə göz yumurlar.

Ermənistan Fransa və Qərbdəki erməni lobbisinin əlində oyuncağa çevrilib. Avqustun 16-da keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında da Ermənistan ağır məğlubiyyətə düçar oldu. Prezident İlham Əliyev dünyanın ən böyük təsisatı olan BMT-də də Ermənistanla yanaşı, ona havadarlıq edən ölkələr, xüsusən Fransa üzərində tarixi qələbə əldə etdi. TŞ-dəki müzakirələr Azərbaycanın Qarabağ iqtisadi rayonundakı erməni qeyri-qanuni hərbi birləşmələrinin tərk-silah edilməsinin vacibliyini göstərdi. Azərbaycanın  ermənilərin terror cəhdinin qarşısını almaq məqsədilə həyata keçirdiyi əməliyyatların legitimliyini təsdiqlədi. BMT Təhlükəsizlik Şurası Qarabağdakı separatçılara, Ermənistandakı revanşist qüvvələrə və xaricdə fəaliyyət göstərən erməni lobbisinə qəti şəkildə bildirdi ki, onların istədikləri olmayacaq. Ermənistanın Təhlükəsizlik Şurasının acı məğlubiyyəti onu göstərdi ki, Ermənistan hökuməti ilə xaricdəki erməni lobbisi arasında ciddi narazılıq var və bu hər gün dərinləşməkdədir. BMT Təhlükəsizlik Şurasındakı müzakirələrdə dövlətlərin əksəriyyətinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi və ölkəmizin atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu bir daha təsdiqlədi.

Deputat əlavə etdi ki, Beynəlxalq Ədalət Məhkəməsindən sonra Təhlükəsizlik Şurasında da məğlub olan Ermənistanın bir çıxış yolu qaldı. Azərbaycanın irəli sürdüyü şərtlər əsasında beynəlxalq prinsiplərə söykənən sülh müqaviləsinə imza atmaq. Qarabağdakı separatçılar da törətdikləri cinayətlərə görə Azərbaycan qanunları ilə mühakimə olunacaq. Onların əfv olunub-olunmayacağı barədə qərar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veriləcək. Qarabağda yaşayan sadə erməni əsilli Azərbaycan vətəndaşları ölkəmizin qanunları ilə firavan və rahat həyat sürəcəklər.

BMT Təhlükəsizlik Şurasındakı Azərbaycan dövlətinin qələbəsi ölkəmizin qüdrətli bir dövlət, Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat olduğunu bir daha sübut etdi.

M.QULUYEV,

"Respublika".