Yeni və müasir evlər sakinlərinə qucaq açır
Sosial həyat

Yeni və müasir evlər sakinlərinə qucaq açır

Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi zəfər şanlı tariximizə qızıl hərflərlə həkk olundu. 44 günlük Vətən müharibəsi bitdikdən dərhal sonra Prezident İlham Əliyevin Sərəncamına əsasən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" qəbul edildi.

Hazırda həmin proqrama uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə quruculuq, abadlıq işlərinin görülməsi, infrastrukturun bərpası və yenidən qurulması həyata keçirilir. Bu işlərlə paralel keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması prosesi də davam edir. Quruculuq və abadlıq işlərinin əsas məqsədi doğma sakinlərin firavan yaşayışını təmin etməkdir. Hazırda Qarabağda görülən işlər, eləcə də sakinlər üçün yaradılan şərait dünya ictimaiyyətinin də diqqət mərkəzindədir. Onlar Azərbaycanın Qarabağ iqtisadi rayonunda apardığı tikinti-quruculuq, bərpa işlərinin miqyasını görür və ermənilərin dağıdıcı xarakteri ilə bizim qurucu, yaradıcı missiyamıza şahidlik edirlər. Hayastanın işğalçılıq, etnik təmizləmə siyasəti səbəbindən öz yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizin doğma evlərinə geri dönməsi Böyük Qayıdış barədə bütün dünyaya çox aydın bir ismarıc kimi də qiymətləndirilə bilər. Atılan addımlar, işğaldan azad edilən ərazilərdə şəhər və kəndlərin Baş planlarının tərtib edilməsi, onların sürətlə dirçəldilməsi, doğma yurdlarından didərgin düşənlərin dayanıqlı şəkildə məskunlaşması, eləcə də iqtisadi aktivliyin təmin olunmasına xidmət edən genişmiqyaslı layihələrin icrası Böyük Qayıdışa dair Dövlət Proqramının əhəmiyyətini və qiymətini önə çıxarır.

Qeyd edək ki, 2026-cı ilə kimi Qarabağ və Şərqi Zəngəzura 34 min 500 ailənin köçürülməsi nəzərdə tutulub. Şərqi Zəngəzur iqtisadi rayonunda aparılan işlərin ilkin yekunu olaraq 2022-ci ildə Zəngilan rayonu Ağalı kənd sakinlərinin doğma yurdlarına qayıdışı baş tutub. Həmin il Zəngilan, Kəlbəcər, Qubadlı şəhərlərinin Baş planları Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib, bu şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi baş tutub. Bununla yanaşı, Füzuli və Laçın şəhərlərindən, Laçın rayonunun Zabux, Tərtər rayonunun Talış kəndindən erməni işğalı nəticəsində didərgin düşmüş 1400-dən çox ailənin 2023-cü ildə doğma yurdlarına qayıtması üçün lazımi şərait yaradılıb.

Digər ərazilərdə olduğu kimi, Füzulidə də Böyük Qayıdışın uğurla həyata keçirilməsi məqsədilə genişmiqyaslı tikinti işləri aparılır. Belə ki, sakinlərin rahat yaşayışının təminatı üçün müasir və yaraşıqlı binalar tikilir, avtomobil və dəmir yolları çəkilir. Bu günədək Füzulidə yaşayış komplekslərinin, uşaq bağçasının, idman kompleksinin, Cuvarlı və Qoçəhmədli kəndlərinin təməli atılıb. Ağdam-Füzuli avtomobil yolunun tikintisi davam etdirilir. Bütün bunlar Füzuliyə köçün baş tutması üçün mühüm əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Füzuli şəhərinə ilk köç ötən il avqustun 18-də baş tutub. Həmin vaxt 23 ailənin (90 nəfər) öz doğma yurduna qayıdışı təşkil olunub. Bundan öncə həmin il avqustun 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə birinci mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirib. Püşkatmada 144 ailə (509 nəfər) iştirak edib və ailə tərkibinə uyğun olaraq, onlardan 51-i ikiotaqlı, 76-sı üçotaqlı, 17-si dördotaqlı mənzil ilə təmin olunub. Bu il martın 29-da Füzuli şəhərinə daha 35 ailə - 138 nəfər köçürülüb. İllər sonra doğma yurduna qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar eyni zamanda ərazilərimizi düşməndən azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər. Qeyd edək ki, indiyədək Füzuli şəhərində 666 ailənin, yəni 2517 nəfərin daimi məskunlaşması təmin edilib.

Nəzrin ELDARQIZI,

"Respublika".