Zəfər seçkilərinə hazırlıq davam edir
Sosial həyat

Zəfər seçkilərinə hazırlıq davam edir

Ölkəmizin həyatında çox mühüm və həm də yeni dövr başlayıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə sayılı günlər qalıb. Prezidentliyə namizədlər seçicilər qarşısında fəal təşviqat aparır, proqram və tezislərini şərh edirlər. Qarabağ iqtisadi rayonuna daxil olan rayonlarda təşkil edilmiş məntəqə seçki komissiyalarının üzvləri ilə treninqlər təşkil edilir, demokratik və şəffaf seçkinin keçirilməsi üçün bütün təlimatlar diqqətə çatdırılır. Seçkilərlə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün Ağcabədi rayonunda keçirilən treninqlər  uğurla davam edir.

85 saylı Füzuli-Ağcabədi Dairə Seçki Komissiyasının sədri İbrahim Həsənov  bildirib ki,  treninqlər məntəqə seçki komissiyaları üzvlərinin bilik,  bacarıq və peşəkar vərdişlərinin gücləndirilməsində mühüm rol oynayır.  Treninqlərdə seçki dairəsi üzrə 366 nəfər aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur.  Altı gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla,  hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. Aşağı seçki komissiyaları üzvləri üçün maarifləndirici treninqlər 86 saylı Ağcabədi seçki dairəsində də mütəşəkkil qaydada davam edir.  Dairə seçki komissiyasının sədri Famil İsmayılov bildirdi ki,  treninqlərə dairənin tərkibinə daxil olan 49 seçki məntəqəsindən 294 nəfər komissiya üzvü cəlb edilib. Təlimlər Mərkəzi Seçki Komissiyası tərəfindən təşkil edilən "Trenerlər üçün treninq" kursunda iştirak edən nümayəndələr tərəfindən aparılır. Kiçik qruplar şəklində gün ərzində iki dəfə keçirilən treninq zamanı seçki günü məntəqə seçki komissiyaları üzvlərinin vəzifələri, səsvermə prosesi,  səslərin hesablanması,  protokolun doldurulması və sair mövzularda təqdimatlar edilir,  müzakirələr aparılır və suallar cavablandırılır.

Hər bir iştirakçıya təlimlərdə istifadə etmək və yaxından tanış olmaq üçün Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanan "Seçki günü üçün yaddaş" kitabçası və bir sıra digər zəruri metodiki vəsaitlər,  əyani materiallar da təqdim olunur.

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərdə 118 saylı Ağdam şəhər və 119 saylı Ağdam kənd seçki dairələrinin 118 məntəqəsi üzrə,  ümumilikdə,  700-dən artıq aşağı seçki komissiyası üzvünün iştirakı nəzərdə tutulur.  Beş gün davam edəcək treninqlər gün ərzində iki dəfə olmaqla,  hər sessiyada 36 nəfər məntəqə seçki komissiyası üzvünün iştirakı ilə keçirilir. Məntəqə seçki komissiyasının üzvləri seçki məntəqələrinin səsverməyə hazırlanması,  səsvermə prosesi,  seçki günü müstəsna hallar,  səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması da daxil olmaqla,  bütün seçki prosedurları barədə aydın və müfəssəl məlumatlar əldə edirlər. 

Salman ALIOĞLU,

"Respublika".