Vətən candan şirindir
Sosial həyat

Vətən candan şirindir

Bu həqiqəti qəhrəman oğullarımız döyüş meydanında öz qanları ilə təsdiq etdilər

Vətən müharibəsində Ermənistan və onun havadarları çox güclü, mükəmməl, qorxmaz ordu ilə qarşılaşacaqlarını bəlkə də heç ağıllarına gətirməyiblər . Ordumuz göy üzərində çaxan şimşək təsiri bağışladı, ən çətin relyefə malik yerlərdə irəliləyən, ən keçilməz sədləri aşan, düşmənin güvəndiyi istehkamları yararaq gecə-gündüz demədən düşməni qorxuya salan oğulların qəhrəmanlığı əfsanə kimi dillərdə dolaşır. Onlar düşmənə əsl müharibə cəhənnəmi yaşatdılar.

Döyüşlərin ilk günündən şəxsi heyət, tank, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikası aşkar edilərək məhv edildi.

Şanlı ordumuz 30 ilə yaxın Ermənistanın işğalı altında qalan əzəli torpaqlarımızı murdar düşmənin tapdağından azad edərək işğalçıların ordusuna sarsıdıcı zərbələr endirdi. Qeyd edək ki, 2020-ci il oktyabr ayının 20-dən başlayaraq Qubadlı istiqamətində ağır və şiddətli döyüşlər aparılıb, Ermənistan silahlı qüvvələrinə, hərbi texnikasına, təminat yollarına ciddi zərbələr vurulub. Düşmənin silah -sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Silahlı qüvvələrimizin həmlələri qarşısında dözə bilməyən düşmən bəzi istiqamətlərdə nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Otuz ilə yaxın işğal etdikləri torpaqlarda möhkəmlənən Ermənistan ordusu və muzdlu terrorçu dəstələri Qubadlı istiqamətində güclü istehkamlar qurmuş, bütün yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün ilk növbədə həmin yüksəkliklər azad olunmalı idi. Məhz buna görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Komandanlıq tərəfindən qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirən ordumuzun bölmələri ilk növbədə, şəhərə hakim olan yüksəklikləri, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri və digər strateji yüksəklikləri ələ keçirdi. Oktyabrın 22-də Mollabürhan kəndi ilə Qubadlı şəhəri arasında yerləşən yüksəkliyin azad edilməsi uğrunda gedən döyüşlərdə Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidov qəhrəmanlıqla həlak oldu.

Doğulub boya-başa çatdığı torpağı, doğma Qubadlını erməni işğalından azad edəndə qəhrəmanın hansı hisslər keçirdiyini təsəvvür etmək elə də çətin deyil. Otuz ildən sonra Qubadlı torpağına ayaq basan komandir həyatının ən xoşbəxt gününü yaşayıb, sinəsi qürur hissi ilə dolub, bir ovuc torpağı ovcuna sıxaraq Vətən candan şirindir deyə düşünüb. Hər bir qəhrəmanın tərcümeyi-halına diqqət yetirəndə, keçdiyi həyat yoluna nəzər salanda böyük bir həqiqətlə qarşılaşırıq. Qəhrəmanlıq torpağın ətri ilə, yurdun havası, suyu ilə, ana südü ilə, əcdadların ruhu ilə insanın qanına və canına hopur, məhz Şükür Həmidova da həyatın bu fəlsəfəsi qismət olub.

Şəhid Şükür Nəriman oğlu Həmidov 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində çoxuşaqlı ailədə anadan olub. On övladdan biri idi. Həmin kənddə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Həmin liseyi bitirdikdən sonra 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə qəbul olub. Hələ təhsilini hərbi liseydə davam etdirən zaman könüllü olaraq döyüşlərə qatılmaq arzusunda olduğunu bildirib. Motoatıcı ixtisasına yiyələnən Şükür Həmidov 1995-ci ilin iyun ayında leytenant rütbəsində Naxçıvan Muxtar Respublikasında yerləşən "N" saylı hərbi hissələrin birində taqım komandiri kimi xidmətə başlayıb. Orada mayor hərbi rütbəsinə qədər yüksəlib. 2006-cı ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub. 2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən "N" saylı hərbi hissələrin birində bölmə komandiri kimi xidmətimi davam etdirib. Xidmət illərində pillə-pillə yüksələrək qərargah rəisi, hərbi hissə komandiri olub, özünü heç vaxt əsgərlərindən üstün tutmayıb.

Qubadlı həsrəti yaşayan, doğma torpaqları işğaldan azad etmək arzusu ilə nəfəs alan Şükür Həmidov 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Prezident İlham Əliyevin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Qəhrəman zabitimiz Şükür Həmidovun sağlığında verdiyi müsahibəni həyəcansız oxumaq mümkün deyil, eyni zamanda onun mətinliyi, xarakteri, əsgəri ilə çiyin-çiyinə döyüşən zabitin mənəvi keyfiyyətləri sözün əsl mənasında heyrət doğurur, adamda qürur hissi yaradır. Həmin müsahibədən bir hissəyə diqqət yetirək: düşmən öz aləmində gizli tədbirlər həyata keçirirdi. Onlar arxadakı bölmələrini önə çəkirdilər, döyüş təlimləri adına müəyyən qruplaşmalar yaradırdılar, artilleriya, motoatıcı, mexanikləşdirilmiş tank bölmələrini önə gətirib ərazilərdə cəmləşdirirdilər. Təbii ki, bizim bölmələr boş durmayıb qarşı tərəfin bütün hərəkətini müşahidə edirdi. Baş verənləri təhlil etdikdən sonra anlamışdıq ki, düşmən hücumu ola bilər. Yanılmadıq... Aprelin 1-dən 2-nə keçən gecə düşmən təxribat törətməyə başladı. Həmin istiqamətdə hərbi hissə komandiri idim. Baxdım ki, düşmən açıq şəkildə hücuma başlayır. Həmin vaxt ön xətdə xidmət aparanların hamısı adi əsgərlər idi. Həmin əsgərlər düşmən hücumunun qarşısını rəşadətlə aldılar. Onlara Azərbaycan əsgərinin zərbi-dəstini göstərdilər. Düşmənə sübut etdilər ki, bu, 1992-1993-cü illərdəki peşəkar zabitlər tərəfindən idarə olunmayan, silah-sursat qıtlığı yaşayan özünümüdafiə bölmələri deyil, bu, ən müasir ordularla müqayisə ediləcək Azərbaycan Ordusudur.

Silahdaşları bildirirlər ki, Şükür Həmidovun ən böyük arzusu işğal altındakı torpaqlarımızı, eləcə də doğma Qubadlı rayonunu işğaldan azad etmək olub və o, Qubadlının bir neçə kəndinin azad edilməsi əməliyyatlarında cəsarət və hünər göstərib.

Xalqımızın fəxri, qüruru, qəhrəman zabitimiz Şükür Həmidov haqqında bu qeydləri yazanda Türkiyənin qurtuluş savaşının iştirakçısı olmuş Şükrü paşanın bütöv bir dastana, böyük bir əsərə bərabər olan bir cümləlik vəsiyyəti yadıma düşdü. Deyib ki, düşmən sərhədlərimizi keçəndən sonra ölsəm məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş ölsəm kəfənim, sabunum çantamdadır. Dəyərli bir atalar sözümüzdə isə deyilir ki, bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid bir eli qurtarar. İgid ölər, adı qalar. Vətən müharibəsindəki şücaətlərinə görə Şükür Nəriman oğlu Həmidov Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Zəfər" ordeni, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub. Oktyabrın 22-də Milli Qəhrəman, Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, polkovnik Şükür Həmidovun ali məqam hesab olunan şəhidliyə yüksəlməsindən iki il ötür. Tarixi qəhrəmanlar yazır.

Salman ALIOĞLU,

"Respublika".