Yeni perspektivli platforma:
İQTİSADİYYAT

Yeni perspektivli platforma: "Azəri-Mərkəzi-Şərqi"

Ölkəmizlə BP arasında etibarlı tərəfdaşlığa əsaslanan növbəti uğura imza atılır

Azərbaycanla BP şirkəti arasındakı sıx əməkdaşlıq neft strategiyasının həyata keçirilməsində başlıca rol oynayır. Şirkətlə regionda çox vacib enerji layihələri həyata keçirilib. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi layihələr bunun bariz nümunəsidir. BP təxminən otuz ildir ki, Azərbaycanın enerji tərəfdaşıdır.

Şirkət az karbonlu enerji sahəsində də öz biznesini əhəmiyyətli dərəcədə artırmağı, həmçinin nəqliyyat və digər xidmətləri transformasiya etməyi hədəfləyir.

Ölkəmizlə BP arasında uğurlu tərəfdaşlığa əsaslanan böyük potensial mövcuddur. Bu ilin sonuna qədər şirkət Qarabağda 11 kiçik su elektrik stansiyasını bərpa edəcək.

Hazırda BP-nin layihəsi əsasında 4 su elektrik stansiyası bərpa edilib. Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" (AÇG) blokunun "Azəri-Mərkəzi-Şərqi" platformasından ilk neft hasilatı 2024-cü ilin əvvəlində gözlənilir. Bu platformanın dayaq bloku ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə dənizə buraxılıb. Platformanın üst blokları dənizə bu il yola salınır.

Aprelin 4-də Bayıl tikinti-quraşdırma sahəsində "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının üst modullarının dənizə rəmzi yola salınması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev artıq tikintisi başa çatmış üst modullar qurğusuna baxış keçirərək öz daimi yerinə yola salınacaq bu obyektin açılışını edib. BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz və "Azəri-Mərkəzi-Şərqi" layihəsinin Baş direktoru Nil Filips dövlətimizin başçısına layihə üzrə görülən işlər barədə məlumat veriblər. Q.Counz vurğulayıb ki, Prezident İlham Əliyevi ACE platformasının üst modullarının tikildiyi istehsalat sahəsində qarşılamaq və ona layihədə əldə olunmuş möhtəşəm uğurlar barədə məlumat vermək qürurverici idi. Üst modulların tamamlanması ACE platformasının yekunlaşması istiqamətində son mühüm mərhələlərdən biridir. Hazırda sahədə istismar sınaqları aparılır və bu işlərin 2023-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır. Bundan sonra üst modullar STB-1 daşıma barjasına yüklənəcək, dənizə göndəriləcək və artıq AÇG yatağı sahəsində öz yerində olan dayaq blokunun üzərinə quraşdırılacaq.

Qeyd edək ki, "Azəri-Mərkəzi-Şərqi" layihəsi "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsinin növbəti mərhələsini təşkil edir. İndiyədək AÇG yataqlar blokundan neft hasilatı altı platformadan həyata keçirilib, "Azəri-Mərkəzi-Şərqi" platforması 7-ci olacaq. Bu, tamamilə yeni, müasir, yaxşı texniki göstəricilərə malik platformadır. Bu isə AÇG-də hasilatı stabilləşdirməyə kömək edəcək. Layihə çərçivəsində 48 quyunun qazılması planlaşdırılır. Məqsəd əlavə quyular qazmaq və əlavə dəniz obyektləri quraşdırmaqla gündə 100 min barelə qədər neft və 350 min standart kubfut qaz təşkil edən pik hasilat həcminə nail olmaqdır. AMŞ platformasının üst modullarına neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. Modulların layihələndirilmiş çəkisi 19 600 tondur. Üst modullar Bayılda yerləşən tikinti-quraşdırma sahəsində "Azfen" şirkəti tərəfindən yerli infrastruktur və resurslardan istifadə olunmaqla inşa edilib. Hazırda tikinti işlərinin və sahə istismar sınaqlarının son mərhələsi həyata keçirilir və bu sınaqlar artıq 95 faiz tamamlanıb. ACE Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. 19 aprel 2019-cu il tarixində "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi layihəsinin səhmdarları "Azəri-Mərkəzi-Şərqi" layihəsi üzrə yekun investisiya qərarı imzalayıblar. Layihənin dəyəri 6 milyard dollar təşkil edir. Bunun təxminən 3,2 milyard dollarını tikinti işləri xərcləri, qalanını isə yeni quyuların qazılması da daxil olmaqla işlənmə xərcləri təşkil edir.

Layihə suyun 137 metr dərinliyində, "Mərkəzi Azəri" və "Şərqi Azəri" platformaları arasında yerləşdiriləcək yaşayış bloklu hasilat və qazma platformasının tikintisini nəzərdə tutur. Onu da qeyd edək ki, "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb. Blokda neft hasilatına 1997-ci ilin noyabr ayında başlanılıb. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG yataqlar blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.

Xatırladaq ki, "Azəri-Mərkəzi-Şərqi" platformasının bütün istismar sınaqları bitdikdən sonra dayaq bloku ötən il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə dənizə yola salınıb və özülü suyun dərinliyində quraşdırılaraq üst modulları qəbul etməyə hazır vəziyyətə gətirilib. Bu BP tərəfindən "Azəri-Mərkəzi-Şərqi" layihəsi üzrə növbəti uğurlu əməliyyat olaraq yadda qalıb. İki qazma modulunun təhlükəsiz və səmərəli şəkildə lazımi hündürlüyə qaldırılması və hazırda tikilməkdə olan ACE üst modullar blokunun üzərinə yerləşdirilməsi ilə layihədə unikal bir əməliyyat icra olunub. İl ərzində "Azəri-Mərkəzi-Şərqi" platformasının üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində davam etmişdir. Qazma modullarının üst tikililər blokuna inteqrasiyası işləri irəliləmişdir - modullu qazmaya dəstək modulu və qazma avadanlığı dəsti hər ikisi artıq istismar sınaqlarına təhvil verilib. Prezident İlham Əliyev BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mərasimdə mükafat ona təqdim olunub.

Mustafa KAMAL,

"Respublika".