Yeni, müasir, modern Laçın...
Siyasət

Yeni, müasir, modern Laçın...

Ölkə başçısının rəhbərliyi ilə görülən işlər bizi bu istəyimizə də qovuşduracaq

2020-ci il 1 dekabr. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub. Laçının işğaldan azad edilməsi Qarabağ bölgəsinin təhlükəsizliyi üçün böyük əhəmiyyətə malikdir, çünki məhz Ermənistanla həmsərhəd olan bu rayonun işğalından sonra düşmən artıq ələ keçirdiyi ərazilərə qoşun, texnika və döyüş sursatı göndərmək imkanı qazandı.

Laçın rayonu Vətən müharibəsinin sonunda imzalanmış üçtərəfli Bəyanata əsasən, bir güllə atılmadan azad edilmişdi. Ermənistanın işğal etdiyi ərazilər arasında Laçın irimiqyaslı köçürülmə proqramının həyata keçirildiyi az qala yeganə rayon idi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, orada təqribən 10 min erməni, yəni qondarma "Dağlıq Qarabağ Respublikası" əhalisinin altıdabir hissəsi yaşayırdı. Lakin Ermənistan insan resurslarına malik olmadığı üçün erməni köçkünlər digər ölkələrdən gətirilirdi. Cenevrə konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət idi. Lakin erməni liderlər bu cinayəti qəsdən törədir, Laçının qaytarılacağı barədə qətiyyən düşünmürdülər.

Xalqa müraciətində Prezident İlham Əliyev deyib: "Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır. İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq... Əlbəttə, işğaldan azad edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır. Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb, inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur. Ancaq biz o bölgələri, bütün regionları bərpa edəcəyik, vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq".

Azərbaycanın dilbər guşələrindən biri olan Laçın 28 il işğalda qaldı. O yerlərin əzəli sakinləri bu illərdə yurd həsrətilə yaşadılar, bəziləri elə bu nisgillə də dünyalarını dəyişdilər. İndi Laçın azaddır, o, yenidən qurulur, sərhədlər möhkəmləndirilir, rayonda fərqli təyinatlı yollar, enerji infrastrukturu layihələri reallaşdırılır. Azad edilmiş torpaqlarda tikiləcək beynəlxalq hava limanlarından biri də Laçının qismətinə düşüb. Laçın Hava Limanının inşası özlüyündə tarixi hadisədir. Dövlət başçısının dediyi kimi: "Hesab edirəm ki, bu bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü irədəmiz də var".

Dövlət başçısı işğaldan azad edilmiş torpaqların tez bir zamanda yenidən qurulması, keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtması istiqamətində görülən işlərə şəxsən özü nəzarət edir. Bölgələrə mütəmadi qaydada etdiyi səfərlər də bunu bir daha təsdiqləyir. Prezidentin bölgələrə səfəri zamanı yeni-yeni infrastruktur layihələrinin icrasına start verilir, hansısa obyektin təməli qoyulur. 2021-ci il fevralın 15-də Prezident İlham Əliyev Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasını işə saldı. Bu stansiya Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq.

Elə həmin il iyulun 28-də dövlət başçısı Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Dövlət Avtomobil Agentliyinə ilkin olaraq on milyon manat ayrıldı.

2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu. Hava limanının tikintisinin 2024-cü ilin sonunadək tamamlanması planlaşdırılır.

2022-ci il sentyabrın 30-da isə dövlət başçısı Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun işğaldan azad olunmuş Zabux və Sus kəndlərinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama görə, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq səkkiz yüz manat ayrılıb.

Digər torpaqlarımız kimi, işğal dövründə Laçın da ermənilər tərəfindən dağıdılıb, burada mövcud olmuş 14 kiçik su elektrik stansiyası darmadağın edilib. Bərpa-quruculuq işləri çərçivəsində həmin su elektrik stansiyaları bərpa olunacaq və əlavə yeni 14 su elektrik stansiyası da tikiləcək. Beləliklə, 28 su elektrik stansiyası olacaq ki, onların da ümumi gücü 120 meqavat təşkil edəcək. Bu stansiyalarda istehsal olunan elektrik enerjisi "Laçın" qovşaq stansiyası və digər yarımstansiyaları birləşdirən 400 kilometrdən artıq ötürücü xətlər vasitəsilə Azərbaycanın ümumi enerjisinə ötürüləcək. Bununla da, Qarabağda və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Bəli, bu gün vaxtilə işğal altında qalan, Azərbaycan əsgərinin canı, qanı bahasına azad edilən torpaqlarımıza yeni həyat verilir, dirçəldilir. Əzəli sakinləri ilə görüşə hazır vəziyyətə gətirilir. Laçın da o bölgələrimiz kimi, əsl sahiblərinin yolunu gözləyir.

Bunu isə bütün dünya görür, düşmən məyus olur, dost sevinir. Türkiyə Gəzintilər Klubunun üzvü Uğur Dəmircan Laçında olarkən aldığı təəssüratı belə bölüşüb: "Dörd ay əvvəl də mən bura gəlmişdim. O zaman təhlükəsizlik xidmətilə biz buradan yalnız keçib gedə bildik. Laçını tərk edilmiş, boş gördük. Yol kənarlarında ermənicə lövhələr vardı. Bizə dayanmağa, foto çəkməyə icazə vermədilər. Dörd ay sonra geri döndüm və çox sevinirəm ki, azad edildikdən sonra Laçına ilk gələn səyahətçilər biz olduq. Burada gördüyümüz erməni vəhşiliyini bütün dünyada anladacam. Laçında gedən quruculuq işləri məni çox sevindirir. İki ay içində görülən bu qədər böyük işlər məni heyrətləndirdi. İnanıram ki, tezliklə burada yaşayış başlayacaq".

Elə biz də buna inanırıq, çünki torpaqlarımızı azad edəcəyinə söz verib, onu həqiqətə çevirən dövlət başçımız da xalqına bunu vəd edir. Görülən işlər də bunu deməyə əsas verir: yeni, müasir, modern Laçın ərsəyə gətirilir...

Zümrüd QURBANQIZI,

"Respublika".