Mənəvi deqradasiyanın dibində olan Paris terrorçuya büst qoyur
Siyasət

Mənəvi deqradasiyanın dibində olan Paris terrorçuya büst qoyur

Azərbaycan ərazi bütövlüyü və suverenliyini öz gücünə bərpa etdikdən sonra ölkəmizə qarşı beynəlxalq səviyyədə təzyiqlər artmağa başladı. Rəsmi Bakının uğurlarını həzm edə bilməyənlərin öncülü isə Fransa oldu. Bu ölkə nailiyyətlərimizə kölgə salmaq üçün dezinformasiya kampaniyalarına start verdi, Ermənistana silah yardımı etməyə başladı. Bu addımlar nəticə verməyəndə isə rəsmi Paris milli-mədəni irsimizi hədəf aldı. Azərbaycan şairi Natəvanın Evian şəhərindəki abidəsi vandalizmə məruz qaldı. Heykəlin burnu və barmaqları qırıldı, gözləri, eləcə də adının yazıldığı hissə qırmızı rəngə boyandı. Bu hadisədən sonra Fransanın hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu 1-2 ay müddətində bükülmüş vəziyyətdə saxladılar. Bu məsələyə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumundakı çıxışında da toxundu. Dövlət başçımız bildirdi ki, vandalizmi dayandırmaqla bağlı bu ölkədəki səfirliyimiz və digər kanallarla Fransa hakimiyyət orqanlarına, Evian şəhərinin meriyasına müraciətlər edilib. Nəticədə heykəl Evian şəhərindən Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzinin qarşısında olan bağçaya təxliyə edilib və hazırda Natəvanın abidəsi oradadır. Bununla belə, ölkə rəhbərimiz vurğuladı ki, vandalizm aktına səbəb Parisin BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi:

“Fransa hökumətinin İkinci Qarabağ müharibəsinə və antiterror əməliyyatına münasibəti tamamilə qeyri-adekvat oldu. Onlar tərəfindən bu məsələlərin BMT Təhlükəsizlik Şurasına çıxarılmasına və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə beş dəfə cəhd edilib – yəni etmədiyimiz bir əmələ görə. Biz beynəlxalq hüquqazidd olan addım atmamışıq. Beş cəhdin hər biri uğursuz oldu, çünki Təhlükəsizlik Şurasının digər üzvləri bunu dəstəkləmədi. Daha sonra Avropa İttifaqı çərçivəsində Azərbaycana qarşı sanksiyaların tətbiqinə bir neçə cəhd edildi. Həmin cəhdlər də uğursuz oldu. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bunu dəstəkləmədi”.

Həqiqətən də özünü demokratiya lideri kimi qələmə verən Fransada baş vermiş rəzalət bu ölkədə azərbaycanofobiya, türkofobiya, islamofobiyanın hansı həddə çatdığını əyani şəkildə göstərir. Amma Yelisey Sarayının mənəvi deqradasiyanın dibində olduğunu sübut edən başqa amillər də var. Belə ki, Natəvanın büstünü təhqir edənlər terrorçuya heykəl qoydular. Martın 15-də Marselin ermənilərin məskunlaşdığı Pomon məhəlləsindəki “Pasteur” meydanında erməni terrorçu Soğomon Teyliryana həsr olunmuş anım tədbiri keçirildi. Xatırladaq ki, Teyliryan 2 aprel 1897-ci ildə Osmanlı İmperiyasının Ərzincan şəhərində anadan olub. Birinci Dünya müharibəsi başlayanda türklərə qarşı vuruşan erməni dəstələrinin tərəfinə keçib. Müharibədən sonra Daşnaksütyunun göstərişi ilə (“Nemezis” əməliyyatı çərçivəsində) o, 1920-ci ildə İstanbulda guya “türk gizli polisinin siyasi şöbəsi” ilə əməkdaşlıq etdiyinə görə Mkrtıç Arutyunyanı qətlə yetirib, sonra Berlinə yollanıb. 15 mart 1921-ci ildə Şarlottenburqda bir çox insanın gözü qarşısında Tələt Paşanı öldürüb. Teyliryan həbs edilib, amma məhkəmə onun affekt vəziyyətində olarkən bu cinayəti törətdiyi və törətdiyi qətl üçün məsuliyyət daşımadığı ilə bağlı hökm çıxarıb. Nəticədə terrorçu faktiki günahsız elan edilərək azadlığa buraxılıb. Natəvanın heykəlinin təhqir olunması fonunda belə bir şəxsə büst qoyulması isə onu göstərir ki, Cənubi Qafqazda planları baş tutmayan Makron hökuməti hələ də Ermənistan üzərində qazandığımız tarixi zəfəri həzm edə, xristian təəssübkeşliyindən əl çəkə bilmir.

Jalə QASIMZADƏ,

“Respublika”.