Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir
Siyasət

Azərbaycan-Türkiyə münasibətləri daha da möhkəmlənir

Yanvarın 29-da Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə komitə sədri Səməd Seyidov bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini deyib, qardaş ölkələr arasında bütün istiqamətlərdə əməkdaşlığın daha da möhkəmləndiyini və artıq yeni səviyyəyə yüksəldiyini bildirib. O, Hulusi Akarın Türkiyənin milli müdafiə naziri olduğu dövrdə gördüyü işlərin yüksək qiymətləndirildiyini qeyd edib.

Komitə sədri Qarabağ məsələsində, 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstəyin önəmindən bəhs edib, Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları Şuşa Bəyannaməsinin mühüm tarixi əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycanın regionda sülh və əmin-amanlığın tərəfdarı olduğunu, lakin buna maneçilik törədildiyini və bu maneələrə qarşı lazımi addımların atıldığını söyləyib.

Səməd Seyidov Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, Türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib.

Hulusi Akar ölkəmizdə bütün sahələrdə müşahidə olunan dinamik inkişafdan məmnunluğunu bildirib. Qonaq səfər zamanı keçirdiyi görüşlərdən, aparılan danışıqlardan razılıqla söhbət açıb. O, iki ölkə arasında qardaşlıq və müttəfiqlik əlaqələrinin bütün sahələrdə uğurlu inkişaf etdiyini söyləyib. Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Qonaq Azərbaycan ərazilərinin 30 il ərzində işğalı dövründə Türkiyə dövlətinin və xalqının narahatlıq keçirdiyini, 44 günlük Vətən müharibəsində ölkəmizin Qələbəsindən qürur duyduqlarını söyləyib. O, Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin edilməsinin, ölkələrimizin silahlı qüvvələri arasında əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri çıxış edərək əlaqələrimizin tarixi və bu günü, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi haqqında fikirlərini açıqlayıblar.