Qardaşlığın və tərəfdaşlığın Naxçıvan səhifəsi
Siyasət

Qardaşlığın və tərəfdaşlığın Naxçıvan səhifəsi

Türkiyə Prezidentinin səfəri ölkələrimizin gələcək perspektivlərini ehtiva edən mühüm tarixi hadisə oldu

Sentyabrın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana tarixi səfəri əsl qardaşlıq, tərəfdaşlıq və dostluq nümunəsinin təzahürüdür. Bu, bütün dünyaya mesajdır ki, birliyimiz sarsılmazdır və əbədidir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İğdır-Naxçıvan Qaz Kəmərinin təməlinin qoyulması, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışı, "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu"nun imzalanması iki qardaş ölkə arasında əlaqələrdə yeni səhifə açır. Rəcəb Tayyib Ərdoğanın səfəri bir daha Türkiyənin dəstəyinin, ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinin bariz nümunəsidir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri həm siyasi, həm də mənəvi əhəmiyyətə malikdir. Bu səfər türk dünyasının, Azərbaycan-Türkiyə qardaşlığı və dostluğunun timsalında bütövlükdə dünyaya birliyin, həmrəyliyin, dostluq və qardaşlığın növbəti bəyanı oldu. Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq, eyni zamanda regionda uzunmüddətli sülhə və təhlükəsizliyə, yeni əməkdaşlıq mühitinin yaradılmasına yönəlib. Bu baxımdan, səfər regionun gələcək inkişafı, sülhün və sabitliyin qorunub saxlanması və möhkəmləndirilməsi üçün yeni imkanlar açır. Türkiyə sabitləşdirici missiya daşıdığına görə, onun regionda olması ümumi sabitliyə xidmət edir. Çünki artıq bütün dünya Türkiyə reallığı ilə hesablaşır. Naxçıvana baş tutan bu səfər də həmin amilin daha bir bəyanıdır.

 "Vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik. Bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 25-də Naxçıvanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında bildirib. Dövlət başçısı qeyd edib ki, Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.

İğdır-Naxçıvan qaz kəməri layihəsinin həyata keçirilməsi ilə Naxçıvanın ixrac potensialı xeyli artacaq və muxtar respublikanı bölgənin mühüm bir tranzit mərkəzinə çevirəcək, Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda Fars körfəzi ölkələri ilə birləşdirəcək. Bu, həm də "Dəmir İpək Yolu"nun bərpası deməkdir. Qeyd edək ki, Naxçıvana Türkiyədən qaz kəmərinin çəkilməsi Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə düşəndən sonra planlaşdırılmışdı. Bu qaz kəmərinin işə düşməsindən və Azərbaycan qazının Türkiyə bazarlarına daxil olmasından, bu qazın həcminin artımından sonra Türkiyənin Naxçıvanla həmsərhəd olan bölgələrinə də təbii qazın verilməsi nəzərdə tutulmuşdu. Artıq təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın qaz təchizatının şaxələndirilməsinə imkan verməklə onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq. 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamına əsasən isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın prioritet layihələri sırasında yer alıb. Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.

Azərbaycanın son 3 il ərzində regionda yaratdığı yeni reallıqlar, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini də strateji müttəfiqlik səviyyəsinə yüksəldib. Naxçıvanın yeni layihəyə qoşulması muxtar respublikanın gələcək iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. İğdır-Naxçıvan magistral qaz kəmərinin çəkilməsi kimi iri iqtisadi layihənin həyata keçirilməsi regionun gələcək inkişafına istiqamətlənib.

Dövlət başçımızın qeyd etdiyi Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihəsi iki dost və qardaş ölkə olan Türkiyə və Azərbaycanın gələcək nəsillərə qoyduqları böyük bir mirasdır. Cənubi Qafqaz Boru Kəməri, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəmərindən (TAP) ibarət olan və Cənub Qaz Dəhlizinin ən mühüm komponentlərindən biri olan TANAP Azərbaycan və Türkiyənin strateji əməkdaşlıq layihəsi kimi mühüm əhəmiyyət daşıyır. Bu layihə Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz 2" qaz yatağından hasil edilən təbii qazın Türkiyə vasitəsilə Avropaya nəqlini həyata keçirir.

Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və təbii qaz nəqli layihələrinin həyata keçirilməsi ilə başlayan Azərbaycanla Türkiyənin enerji sahəsindəki regional əməkdaşlığı hazırda qlobal müstəviyə keçib. Belə ki, müxtəlif maraqlı tərəfləri, o cümlədən 7 hökuməti və 11 şirkəti özündə əhatə edən, Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi bu gün uğurla icra edilir. Dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən Cənub Qaz Dəhlizi ilk dəfə olaraq Xəzər regionundakı qaz təchizatını Avropa bazarına birləşdirməklə bütün regionun enerji xəritəsini dəyişib. Seqmentlərini "Şahdəniz-2", Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edən Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir. 3500 kilometr uzunluğunda boru kəmərləri zəncirindən ibarət olan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropanın irihəcmli qaz təchizatçısına çevrilməsinə zəmin yaradıb.

Beləliklə də Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə Xəzər dənizi və Aralıq dənizini birləşdirən Azərbaycan növbəti - Xəzər dənizi ilə Adriatik dənizinin boru kəmərləri ilə birləşdirilməsi hədəfinə nail olub. Bu boru kəmərləri zənciri Azərbaycan təbii qazını Türkiyəyə və həmin ölkədən də Avropaya çatdırmaqla nəinki regionun, eləcə də qitənin enerji mənbələri və marşrutlarının şaxələndirilməsinə öz töhfəsini verir. Cənub Qaz Dəhlizinin tamamlanması nəticəsində "Şahdəniz" Xəzərdən minlərlə mil uzaqda yerləşən Avropa istehlakçılarını qazla təmin etməklə qitə üçün yeni enerji təchizatı mənbəyinə çevrilib. Azərbaycanın regional və beynəlxalq miqyasda iri qaz təchizatçısı kimi yüksələn rolu, ölkəmizin neft və qaz gəlirlərinin artması inkişafa, rifaha güclü potensial yaradır.

Mustafa KAMAL,

"Respublika".