Yavər  Şahbazov
Sosial həyat

Yavər  Şahbazov

Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə adını şanlı qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazan Azərbaycanın Milli Qəhrəmanı  Şahbazov Yavər Əlibala oğlu 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olub. 1981-ci ildə Alekseyevka kənd orta məktəbinin birinci sinfinə gedib. Hazırcavablılığı ilə müəllimlərinin, şagird dostlarının hörmətini qazanan Yavər dərslərinə xüsusi diqqət yetirirdi. 1991-ci ildə orta məktəbi bitirdikdən sonra Şamaxı Mədəni-Maarif Texnikumuna daxil olur.

Yavər ermənilərin torpaqlarımızı zəbt etməsindən çox narahat idi. Soydaşlarımızın öz doğma yurdlarından didərgin salınması onu narahat edirdi. Torpaqlarımızı qorumaq üçün əsgərlik vaxtının çatmasını səbirsizliklə gözləyirdi. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il  8 iyunda  o, arzusuna çatdı.  Milli Ordu sıralarında xidmətə başladı.

1995-ci il... 13-17 mart hadisələri... Dövlət çevrilişinə cəhd zamanı müstəqilliyimizə, suverenliyimizə yönəldilən bu mənfur niyyətin qarşısının alınmasında Yavər də iştirak edirdi. Silahlı dəstələrin zərərsizləşdirilməsində Yavər Şahbazov böyük şücaət göstərir. Bu ağrılı-acılı yolda xalqımızın bir çox ləyaqətli övladları ölkəmizin müstəqilliyi, onun yenidən itirilməməsi uğrunda öz canlarından keçdilər. Lakin müstəqilliyimizin əldən verilməsi üçün tək xaricdən yox, daxildən də canfəşanlıq edənlər mövcud idi. Bir   tərəfdən   erməni-faşist   daşnaklarının   işğalçılıq üzərində qurulmuş təcavüzkar siyasəti, digər tərəfdən də ac qurdlar kimi dövlətçiliyimizi parçalamağa cəhdlər göstərən xarici qüvvələrin məkrli planları, bir yandan da şəxsi mənafeləri və hərislikləri ilə onlara qoşulan, dedikləri ilə oturub-duran yerli cinayətkar ünsürlərin özbaşınalığı müstəqilliyimizi ciddi təhlükə qarşısında qoyurdu. Qısa bir zamanda, ulu öndərin müdrik siyasəti nətcəsində, ölkədə ictimai-siyasi sabitlik yaradılmış, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atılmışdır.

Belə ağır zamanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu.

Yavər qiyamçıların atəşi altında qalan döyüş yoldaşlarını xilas etmək üçün irəli atılaraq bir neçə yaralını xilas etdi. Özü isə bu qarşıdurmada həlak oldu. Alekseyevka kəndində dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə Şahbazov Yavər Əlibala oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.   

Alekseyevka kənd orta məktəbi hazırda qəhrəmanın adını daşıyır. Məktəbin önündə və Xaçmaz şəhərində büstü qoyulub. 2003-cü ildə isə Alekseyevka kəndində onun xatirəsinə Şəhidlər abidəsi ucaldılıb.

Torpaqların bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi hər zaman bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb. Müstəqil Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimizin müdafiəsində vətənpərvər oğullarımız yaddaşlarda daim yaşayacaqlar.

M.MİRZƏ,

“Respublika”.