Məktəblər  ağacəkmə aksiyası keçirib
Sosial həyat

Məktəblər  ağacəkmə aksiyası keçirib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa 1 nömrəli tam orta məktəb arasında milli-mənəvi dəyərlərin təbliği, mütaliə mədəniyyəti, yazı vərdişlərinin formalaşdırılması istiqamətində birgə fəaliyyəti əks etdirən əməkdaşlıq sazişi imzalanıb. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumatda bildirilir ki, Şuşa 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev, Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, qazi müəllimlər, KİV təmsilçiləri, məktəb direktorları və digər qonaqlar iştirak edib. Tədbir Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva 2 nömrəli Texniki-Humanitar Lisey və Şuşa şəhər 1 nömrəli tam orta məktəbi arasında imzalanan əməkdaşlıq sazişini ölkəmizin inzibati və mədəniyyət paytaxtları arasında uğurlu təhsil körpüsü adlandırıb.

Bildirib ki, birgə əməkdaşlıq sazişi çərçivəsində “Yaşıl körpü” ağacəkmə aksiyasında əkilən 44 ağacın Vətən müharibəsi şəhidlərinin xatirəsinə  sonsuz minnətdarlığın, vəfa borcunun kiçik bir təcəssümüdür.

Tədbirdə çıxış edən Şuşa Rayon Təhsil Şöbəsinin müdiri Təvəkkül Əliyev  Azərbaycanda və Cənubi Qafqazda ilk dünyəvi məktəbin 1830-cu ildə məhz Şuşada inşa olunduğunu, işğal dövründə qədim tarixə malik 1 nömrəli tam orta məktəbin də erməni vandalları tərəfindən dağıdıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mayın 12-də Şuşada məktəbin təməlinin qoyulması təhsilə olan ali dəyərin göstəricisidir. 

Daha sonra tədbir iştirakçıları məktəbin həyətində Vətən müharibəsi şəhidlərinin xatirəsinə  44 ağac  əkiblər.

                                                                                               Əli SADIQOV,

                                                                                                                  “Respublika”.