YAŞIL DÜNYAMIZI BİRLİKDƏ QORUYAQ
Region

YAŞIL DÜNYAMIZI BİRLİKDƏ QORUYAQ

Lənkəran

Ölkəmizin iqtisadi potensialı artdıqca ekoloji məsələlərin həllinə daha çox diqqət yetirilir. Ətraf mühitin mühafizəsi, insanların saf təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi aparılan sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindən biridir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Yurdumuzun bütün guşələrində ağacəkmə aksiyalarının keçirilməsi, yeni parkların, yaşıllıqların salınması ətraf mühitin qorunmasına göstərilən dövlət qayğısının əyani nümunəsidir.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin kollektivi "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilən tədbirlərə fəal şəkildə qoşulub. İdarənin təşkilatçılığı ilə Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzi, 1, 2, 3, 5 saylı şəhər, Rvo, Tatoba kənd klubları, Bürcəli kənd və Aşağı Nüvədi qəsəbə mədəniyyət evlərinin kollektivlərinin iştirakı ilə Rvo kəndində ağacəkmə aksiyası keçirilib.

Aksiya zamanı kəndin ərazisində dekorativ ağaclar əkilib, yaşıllıqlara qulluq göstərilib. Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyevin məlumatına görə ilin əvvəlindən mədəniyyət işçiləri tərəfindən Lənkəran rayonunun ərazisində 100 dekorativ ağac əkilib və 300 ağacın əkilməsi nəzərdə tutulub.

Yardımlı

Yardımlı Rayon İcra Hakimiyyətində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Dəyirmi masa" keçirilib.

İcra başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinin əhəmiyyətindən, Sərəncamda qarşıya qoyulan vəzifələrdən söhbət açıb. Bildirib ki, Azərbaycan dünyada qlobal təşəbbüslərə ilk qoşulan ölkələr sırasındadır, "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi tanınır. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi vacib prioritetlərdən hesab olunur.

Ətraf mühitin qorunması istiqamətində işlər xeyli intensivləşib, müntəzəm olaraq ağacəkmə, təmizlik aksiyaları keçirilir. Əsas məqsəd ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

Növbəti ağacəkmə aksiyasında Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri Anar Alışov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Aksiya iştirakçıları tərəfindən ərazidə təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib. Aksiya zamanı 130 Eldar şamı əkilib və ağaclara aqrotexniki qulluq göstərilib.

Bu günlərdə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi "Yaşıl dünyamızı birlikdə qoruyaq, gələcəyimizə sahib çıxaq" layihəsi çərçivəsində Yardımlı şəhərində təmizlik işləri aparılıb, 35 dekorativ ağac əkilib, yeni yaşıllıqlar salınıb.

Əlisəfa HƏSƏNOV,

"Respublika".