Kəlbəcərdə iki analı pətəklərdən arı ailəsi başına 180 kiloqram bal süzülüb
Region

Kəlbəcərdə iki analı pətəklərdən arı ailəsi başına 180 kiloqram bal süzülüb

İşğaldan azad edilmiş Kəlbəcər və Laçın yaylaqlarında mövsüm tam yekunlaşıb. Yaylaqlara köç etmiş qoyunçuluq təsərrüfatlarının ardınca arıçılıq təsərrüfatları da Aran bölgəsinə qayıtmağa başlayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uzun illərdən sonra arı ailələrini doğma yaylaqlara aparmaq imkanı qazanan kəlbəcərli fermerlər nəticələrdən çox razıdırlar.

Tanınmış arıçı Sabir Mustafayev deyir ki, yaylaqların zəngin bitki örtüyü məhsuldarlığa müsbət təsir göstərib: “Bu il hər arı ailəsinə görə orta hesabla 53 kiloqram bal əldə etmişik. Biz də iki analı sistemlər var. O sistemlərdə hər arı ailəsinə görə orta məhsuldarlıq 180 kiloqram olub. Bəziləri üçün bu rəqəm fantastik görünə bilər, lakin biz hər süzümdə iki analı sistemdən 40 çərçivə çıxarırıq. 40 çərçivənin hərəsini orta hesabla iki kiloqramdan hesablayanda bir arı ailəsinə 80 kiloqram bal düşür. Üçüncü süzüm bir az zəif oldu, amma iki analı sistemlərdən hər arı ailəsinə üç süzümə təxminən 180 kilo bal süzdük. Gələcəkdə arıxanamızın böyük hissəsini iki analı sistemlə qurmağı nəzərdə tuturuq. Mən indidən Kəlbəcər balını xaricə ixrac olunacaq Azərbaycan balları sırasında bir brend kimi görürəm”.

Arıçı Vahid Məmmədov da bu il pilot layihə çərçivəsində arılarını Kəlbəcər yaylaqlarına ilk aparan arıçılardandır. Onun arıxanasında da bu il çox yüksək məhsuldarlıq əldə olunub. “Biz Kəlbəcərə ən güclü arı ailələrimizi gətirmişik. Mənim arıxanamda orta məhsuldarlıq hər arı ailəsinə görə 50 kiloqram oldu. Arıçılarımıza tövsiyə edirəm ki, mövsüm zamanı yaylaqlara güclü arı ailələrini gətirsinlər. Məhsuldar sortlarla, seleksiya olunmuş sortlarla işləsinlər. Sabir müəllimlə arıxanalarımızın məsafəsi heç bir kilometr deyil. Sabir müəllim bəlkə də məhsuldarlıq göstəricisini bir qədər az dedi. İki analı sistemlərdə bəlkə də 200 kiloqram məhsul götürülüb, Sabir müəlim çərçivəsinin çəkisini minimum 2 kiloqram götürür. Gələcəyə dair əsas fikrimiz budur ki, Kəlbəcərdə arılar üçün təcrid olunmuş zonalar yaradılsın, bu zonalarda yalnız yerli arılarımızla işləyək. Çünki yerli arılar bu flora və faunaya min illərdir adaptasiya olunub, uyğunlaşıb”, - deyə o bildirib.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovla söhbət zamanı qeyd edib ki, Kəlbəcər yaylaqlarında mövsüm başa çatmaq üzrədir. Pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına köçürülmüş 59 arıçılıq təsərrüfatı və 3537 arı ailəsi üzrə monitorinqlər başa çatıb. Artıq arıçılıq təsərrüfatlarının təxminən 60 faizi Aran bölgəsinə qayıdıb.

Şöbə müdiri deyib: “Hazırda olduğumuz təsərrüfatlarda qış dövrünə hazırlıq işləri gedir. Monitorinqlərin nəticələri gözlədiyimizdən artıq oldu. Arıçılarla etdiyimiz söhbətlər də göstərir ki, əldə olunan nəticələr gözləntilərin çox üzərindədir. Pilot layihəyə başlayan zaman bizim də məhsuldarlığın yüksək olacağına dair müəyyən proqnozlarımız vardı. Proqnozlara görə Kəlbəcər yaylaqlarında məhsuldarlıq Aran bölgəsinə nisbətən yüksək olmalı idi. Məhsudarlığın proqnozlardan iki-üç dəfə artıq olması, mövsüm ərzində 2-3 bal süzümü həyata keçirilməsi bizi çox sevindirir. Kəlbəcər balı bütün dünyada məşhurdur, polen tərkibinə görə ən zəngin tərkiblərdən biri sayılır. Nəticə bizi niyə sevindirir? Birinicisi Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihə uğurlu nəticə verib, ikincisi və ən əsası bu işdən fermerlər qazanclı çıxıblar. Arıçılarımız çox məhsul əldə ediblər. Hazırda bazarda Kəlbəcər balı deyə bir brend formalaşıb, bu məhsulun kifayət qədər alıcısı var. Kəlbəcərə arıxanalarını köçürmüş fermerlərin məhsul satışı ilə bağlı heç bir problemi yoxdur”.

Nazirlik rəsmisinin sözlərinə görə, həm qoyunçuluq, həm arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi azad olunmuş ərazilərə qayıdışın ilkin mərhələlərindən biridir. “Artıq bu mərhələ başa çatmış sayılır. Təsərrüfatlar geri qayıdırlar. Həm arıçılıq, həm qoyunçuluq təsərrüfatları qışı ənənəvi ərazilərdə, Aran bölgəsində keçirəcəklər. Düşünürəm ki, pilot layihənin nəticələrinin analizi növbəti illərdə Kəlbəcər və Laçın yaylaqlarına təsərrüfatların köçürülməsi qərarına müsbət təsir edəcək”, - deyə V.Hüseynov əlavə edib.

AZƏRTAC