Bağlar salınır, aqrotexniki tədbirlər gücləndirilir
Region

Bağlar salınır, aqrotexniki tədbirlər gücləndirilir

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-neft sektoru, o cümlədən kənd təsərrüfatı yeni bir inkişaf dövrünə qədəm qoyub. Bu istiqamət üzrə Qax rayonunda da mühüm işlər görülür. Belə ki, yerli əhalinin əsas gəlir mənbəyi olan fındıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı üçün möhkəm zəmin yaradılmaqdadır. Son dövrlər rayon icra hakimiyyətinin, Rayon Aqrar İnkişaf Mərkəzinin (AİM) dəstəyi, inzibati ərazi üzrə nümayəndəliklərinin, bələdiyyələrin köməyi ilə kəndlərdə yaşayan əhali aqrar sahə ilə daha yaxından məşğul olmağa və daha çox gəlir əldə etməyə başlamışlar.

Qax DAİM-in mütəxəssisləri fındıqçılıq, tütünçülük və baramaçılığın inkişaf etdirilməsi barədə yazılı təlimatlar hazırlayaraq inzibati ərazi nümayəndəlikləri (İƏN) və bələdiyyələrin köməkliyi ilə yerlərdə kənd sakinlərinə çatdırmışlar. Bu səbəbdən də rayonda kənd təsərrüfatı sahəsində qarşıya qoyulan tapşırıqların icrası müvəffəqiyyətlə həyata keçirilir.

DAİM-dən verilən məlumata görə, rayon üzrə arpa sahələrindən 29.6 sentner, buğda sahələrindən isə 33.4 sentner məhsul istehsal olunmuşdur. Ümumilikdə payızlıq əkin sahələrindən 32.1 sentner olmaqla 42556 ton məhsul istehsal edilmişdir.

2023-cü ilin məhsulu üçün 13,5 min hektar sahədə payızlıq dənli bitkilərinin səpini aparılmışdır ki, bunun da 9252 hektarı buğda, 4070 hektarını isə arpa təşkil edir.

Qeyd olundu ki, bağçılıq, xüsusən də fındıqçılıq rayonun iqtisadiyyatında mühüm yer tutur və bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Hər il yeni bağlar salınır, yaşlı bağlarda seyrəkliklər aradan qaldırılır, aqrotexniki tədbirlər, xüsusən də budama, becərmə, suvarma və s. tədbirlərin aparılmasına xüsusi diqqət yetirilir. Əhali arasında təbliğat işləri aparılmış, mütəxəssis məsləhətləri verilmişdir.

Ötən il rayonda 1556 hektar sahədə dən üçün qarğıdalı əkilmişdir. Həmin sahələrdən ümumilikdə 13573.2 ton olmaqla hər hektardan 87.2 sentner məhsul əldə edilmişdir. Bununla yanaşı, təkrar əkin üçün qarğıdalı 727 hektar təşkil edir. Təkrar qarğıdalı sahələrinin 417 hektarı yaşıl yem olaraq biçilmiş və 9591 ton məhsul toplanmışdır. 310 hektar dən üçün biçilmiş və 1338 ton dən qarğıdalı məhsulu əldə edilmişdir. 302 hektar kartof sahəsindən hər hektardan 94.5 sentner olmaqla 2856.6 ton, 201 hektar bostan bitkilərindən isə hər hektardan 90.3 sentner olmaqla 1814 ton məhsul əldə edilmişdir.

Subsidiyaların verilməsi üçün elektron kənd təsərrüfatı informasiya sistemi (EKTİS) üzərindən payızlıq əkinlərin bəyan prosesi yekunlaşdırılmış, çoxillik əkinlərin bəyan prosesinin bir qismi icra edilmişdir. Belə ki, 3519 fermer üzrə payızlıq əkin bəyanı 10944 hektar olmuşdur ki, bunun da 7452 hektarı buğda, 3492 hektarını isə arpa təşkil edir. Bununla yanaşı, 2146 fermerə məxsus 4523 hektar çoxillik bitkilərin bəyanı EKTİS üzərindən həyata keçirilmişdir.

M.NƏRİMANOĞLU,

"Respublika".