Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq, 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən Müharibəsində tarix yazan Biləsuvarlı qəhrəmanlardan biri də Ruslan Üzeyir oğlu Qurbanov idi. 2 oktyabr 2021-ci ildə qəhrəman Ruslan Qurbanovun şəhidlik zirvəsinə ucalmasından bir il ötür.
Ruslan Üzeyir oğlu Qurbanov 7 sentyabr 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Ağalıkənd tam orta məktəbində təhsilini başa vurduqdan sonra Gəncədəki N saylı hərbi hissədə qulluq edirdi.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Ruslan Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və 2 oktyabr 2021-ci ildə Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Ruslan Üzeyir oğlu Qurbanov ölümündən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin doğulub boya- başa çatdığı Ağalıkənd kəndində keçirilən anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etdi. Mərasimdə rayon icra hakimiyyətinin başçısı şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşdü. Tədbir zamanı qəhrəman şəhidimizin yaşadığı evə xatirə lövhəsi vuruldu.
Ərəstun ABDULOV,
“Respublika”.