Sosial həyat

"YAŞAT" Fondunun yaradılmasından üç il ötür

Yaşatsaq, yaşayarıq...

"Siz gənc yaşlarınızda böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarınızı Azərbaycan tarixinə yazdırırsınız. Eyni zamanda, sizi belə vəziyyətdə görmək mənim üçün, hamımız üçün çox ağırdır. Amma əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımsa biz onu da edəcəyik. Bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər nəinki həkimlər, bizim bütün xalqımız sizə dəstək olmalıdır. Siz əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq". Bunları hələ müharibə dövründə, 2020-ci il sentyabrın 30-da Prezident İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik hospitalında müalicə olunan hərbçilərlə görüşündə demişdir.

Cəmi 44 gün çəkdi Vətən müharibəsi. Sentyabrın 27-si səhər açılar-açılmaz bütün xalq səfərbər oldu, oğullar növbəyə yazıldı, davaya getmək üçün çünki ellər çağırırdı. Çünki 30 il ərzində verdiyimiz günahsız qurbanların, qeyri-bərabər döyüşlərdə canlarından keçən şəhidlərin ruhu səsləyirdi intiqama. Analar "oğul, oğul" deyib düşməni lənətlədi, ağbirçəklər haqqın dərgahında əl açıb: "Allahım, sən bizim balaları qoru, düşməni xar et!", - deyib dilək dilədilər. Ürəklər cəbhə ilə birgə döyündü, könül intizarda, göz yol üstdə qaldı. Xoş müjdə istədik, qələbə müjdəsi. Torpaqlarımız hissə-hissə azad edildikcə, ümidlərimiz artdı, qələbəyə inandıq. Onu asan qazanmadıq, axı müharibə qansız, qadasız, ölümsüz, itkisiz olmur. Bu döyüşlərdə üç minədək şəhid verdik, övladlarımızın çoxu qazi oldu, sağ-salamat geri dönənlərimiz də var...

Bəli, bu xalq qədirbilən, yardımsevər xalqdır. Vətən müharibəsi dövründə bunun bir daha şahidi olduq. Həmin qanlı-qadalı günlərdə sosial şəbəkələrdə vətəndaş cəmiyyətində yardımların cəmlənməsi və onun düzgün istiqamətləndirilməsini təmin edən bir qurumun yaranmasına çağırışlar edilirdi. Elə bu çağırışlara adekvat olaraq dövlət başçısı 2020-ci il dekabrın 8-də "YAŞAT" Fondunun yaradılması üçün fərman imzaladı. Dərhal struktur formalaşdırıldı və respublika üzrə 69 qrup yaradıldı. Qruplardan biri təcili müraciətlərin qəbul edilməsinə yönləndirildi, digər 68-i isə regionlarda fəaliyyət göstərməyə başladı. Şəhid ailələrinin evlərinə, şəhərlərə, rayonlara, ən ucqar kəndlərə belə əməkdaşlar göndərildi, mövcud vəziyyət öyrənildi. Toplanan məlumatlar elektron şəkildə mərkəzləşdirilmiş bazaya ötürüldü. Bu isə rahat şəkildə həmin məlumatları təhlil edib müvafiq qərarlar qəbul etməyə imkan yaratdı.

"YAŞAT" Fondu, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailə üzvlərinə, işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının (qurumlarının) əməkdaşlarına və ya həlak olmuş əməkdaşlarının ailə üzvlərinə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb. Ötən üç il ərzində bu istiqamətdə böyük işlər görülüb.

Onu da qeyd edək ki, Fondun əməkdaşları elə ilk gündən gərgin iş qrafiki ilə işləməyə başladılar, çünki sistem, məlumat bazası formalaşdırılmalı, müraciətlər təhlil olunmalı, Fondun saytı yaradılmalı, çağrı mərkəzi fəaliyyətə başlamalı idi. Regionlardakı qruplardan daxil olan məlumatları bazaya daxil etmək, qazilərimizin müraciətləri əsasında onların müalicəsi istiqamətində işləri sürətləndirmək lazım gəlirdi. Rəhbərliyin dəstəyi, əməkdaşların peşəkarlığı sayəsində tez bir zamanda bütün çətinliklər aradan qaldırıldı, oturuşmuş sistem yaradıldı və dörd fəaliyyət istiqaməti üzrə müraciətlər paralel olaraq həyata keçirildi.

Fondun fəaliyyətinin düzgün istiqamətləndirilməsində dövlət başçısının Sərəncamı ilə təyin olunmuş Himayəçilik Şurasının üzvləri də mühüm rol oynayır. Şura üzvlərinin bəziləri xarici ölkələrdə yaşayır. Üzvlərlə mütəmadi görüşlər keçirilir. İstər onlayn, istər əyani şəkildə keçirilən bu görüşlərdə müəyyən mövzularda müzakirələr aparılır, irəli sürülən təkliflər qanunvericiliyin tələbinə cavab verdiyi təqdirdə qeydə alınır və reallaşdırılır.

Fondun uğurlu fəaliyyət göstərməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. Ölkəyə müasir protezlər məhz onun şəxsi təşəbbüsü və nəzarəti altında gətirilir ki, bu protezlər də qazilərə sərbəst hərəkət etməyə kömək olur.

"YAŞAT" Fondu Türkiyə və İsraildən həkim heyətinin ölkəmizə gətirilməsi və qazilərimizin müayinə, müalicə və əməliyyatının yüksək səviyyədə təşkil edilməsi istiqamətində uğurla fəaliyyət göstərir. Həmçinin ağır yaralı qazilərin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin olunur. Bu yazını hazırlayarkən bir maraqlı faktı qeyd etməyi lazım bildik. Belə ki, gözündən zədə almış hərbi qulluqçuların müayinəsi, əməliyyat olunması məqsədilə Fondun təşəbbüsü ilə yaralılar İsrailə də göndərilir. Təbii ki, bəzən dəfələrlə əməliyyat aparmaq lazım gəlir. Qazi Arif Hacıyev də dəfələrlə əməliyyat keçirməli olmuşdu. İsrailli bir qadının rəhmətə getmiş 55 yaşlı həyat yoldaşının gözünün buynuz qişasının Azərbaycan əsgərinə bağışlanması ilə onun görməsi tam bərpa edilmişdi.

Bəli, "YAŞAT" Fondu gözlərə nur verir, ömrə ömür qatır, yaşadır. Yaşadır ki, yaşayaq... Bu isə Vətənin oğul deyib dar gündə güvəndiyi övladlarının halal haqqıdır...

Zümrüd QURBANQIZI,

"Respublika".