Qazaxıstanda “Birlestik-2024” beynəlxalq təlimi keçiriləcək
ORDU

Qazaxıstanda “Birlestik-2024” beynəlxalq təlimi keçiriləcək

Döyüş hazırlığı tapşırıqlarının hazırlanmasında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın hərbi kontingentləri iştirak edəcəklər.

Qazaxıstanın Vecher.kz nəşri yazır ki, hərbi manevrlər “Oymaşa” poliqonunda, eləcə də Manqistau vilayətinin Tokmak burnundan iki kilometr aralıda yerləşən dəniz sahəsində baş tutacaq.

İyulun 8-dən iyulun 17-dək hərbi kontingentlər silahlı münaqişənin lokallaşdırılması üzrə birgə əməliyyat hazırlayıb keçirəcəklər.

Təlimlərə 4 minə yaxın hərbi qulluqçu, 700-ə qədər silah və hərbi texnika cəlb olunacaq. Taktiki epizodlar yerüstü və hava kəşfiyyat qrupları, dəniz xüsusi təyinatlıları, ordu və cəbhə aviasiya ekipajları, döyüş gəmiləri və katerləri, artilleriya ekipajları, hücum və tank bölmələrinin iştirakı ilə keçiriləcək.

Təlim çərçivəsində mədəni, istirahət və idman tədbirləri də keçiriləcək. Yarışlar hərbi tətbiqi idman növləri, “Bağdar” taktiki səmti müəyyənləşdirmə və ordu taktiki atıcılığı üzrə keçiriləcək.

Arzu BAXŞIYEVA,

“Respublika”.