Region

"XOCALI NALƏSİ"

Keçən əsrin ən dəhşətli soyqırımı-Xocalı faciəsindən 32 il keçir. Faciə qurbanlarının əziz xatirəsi heç zaman unudulmur, qəm, qüssə, kədər dolu xatirələrlə ürəklərdə yaşayır.

Faciənin 32-ci ildönümü ilə əlaqədar Masallı Dövlət Regional Kollecində anım mərasimi keçirilib. Kollecin direktoru Vidadi Nəzərov Xocalı qətliamı barədə məlumat verib. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən "Xocalı soyqırımı günü haqqında" qərar qəbul olunub, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyəti açıqlanıb, 26 fevral Xocalı Soyqırımı Günü elan olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə faciənin bütün dünyada soyqırımı aktı kimi tanıdılması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirilir. Kollecin tələbələri dövlətimizin apardığı siyasəti dəstəkləyir, Xocalı həqiqətlərinin təbliği istiqamətində fəallıq nümayiş etdirirlər. Bütün bunlar gənclərimizdə mübarizlik əzmini, vətənpərvərlik hissini daha da gücləndirir.

Kollecin müəllimi Rahim Sərxanlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində beynəlxalq səviyyədə tədbirlərin həyata keçirildiyini, 17 dövlətin qanunvericilik orqanı, ABŞ-ın 24 ştatı və nüfuzlu beynəlxalq qurumlar tərəfindən bəşəri cinayətin soyqırımı kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Masallı şəhərinin mədəniyyət mərkəzinin səhnəsində Masallı Dövlət Regional Kollecinin müəllim və tələbələri, Masallı Xalq Teatrının aktyorlarının iştirakı ilə "Xocalı naləsi" adlı kompozisiya nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

"Respublika".