Xocalı cəlladı, korrupsioner prezident – fitili çəkilmiş “saatlı bomba”
Siyasət

Xocalı cəlladı, korrupsioner prezident – fitili çəkilmiş “saatlı bomba”

Xalqımızın qəsdinə duran cəlladların bəzilərinin cəzasını Azərbaycan özü verdi. Necə ki, Gəncədə günahsız insanların üzərinə bomba yağdırıb zəfər simvolu hesab edilən "çay mərasimi"ni Bakıda təşkil edəcəyini deyən Arayik bu gün ölkəmizin istintaq təcridxanasının divarları arasında bu istəyini reallaşdırmağa nail olub. Birinci Qarabağ müharibəsində Xocalı soyqırımının əsas iştirakçılarından biri Manvel Qriqoryan həmin dövrdən sonra Ermənistan Ordusunda "tuşonka" satmaqla məşğul olmuş, 2020-ci il tarixi ədalətin bərpa edilməsindən cəmi 9 gün sonra gəbərmişdir. Bu siyahıya əlavələr də etmək olar. Lakin bir nəfər var ki, bu şəxsi 30 ilin əsl "qəhrəmanı" hesab etmək olar. Bu, Qarabağ müharibəsinin ən aktiv iştirakçılarından biri, Xocalı soyqırımını etiraf edən, 2008-2018-ci illər arasında Ermənistan Respublikasına rəhbərlik etmiş 3-cü prezident Serj Sarkisyandır (hələlik belə adlandıraq). Bu yaxınlarda özü, ailəsi və yaxın qohumlarının adı korrupsiya qalmaqalında hallanan Sarkisyanın bioqrafiyası və "saatlı bomba"nın fitilini neçə çəkdiyi barəsində bəzi detalları bilmək vacibdir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2021-ci il oktyabrın 3-də Suqovuşanda Ermənistanın sabiq prezidentinin ünvanına söylədiyi həqiqətlər Serj Sarkisyanın əsl simasını erməni xalqına nümayiş etdirdi. Adının "Serj" deyil, "Serjik" olduğunu bildiyimiz bu şəxs kağız üzərində 10 il sülh müqaviləsini ləngitsə də, onun xislətinin tarixi daha qədimdir.

1954-cü il iyunun 30-da Xankəndi şəhərində anadan olub. Atası Azat və anası Nora azərbaycanlıların sıxışdırılıb çıxarılması ilə tarixi torpaqlarımıza köçürülən ermənilərdəndir. Məhz Prezident İlham Əliyev öz çıxışında "Azərbaycanın çörəyini yeyən Serjik" fikri ilə bu məqamlara işarə vururdu.

1979-cu ildə İrəvan təhsilindən və bir müddət işlədikdən sonra Xankəndiyə qayıdan Serjikin quldurluq fəaliyyətləri bu andan etibarən başlayır. Xankəndi Kommunist partiyasının gənclik bölməsinə rəhbərlik edən Serjik erməni terrorçu Qaregin Njdenin geniş təbliğatını aparmaqla erməni sakinlərini yerli azərbaycanlılara qarşı silahlandırır. 1988-1991-ci illərdə öz fəaliyyətini hər iki istiqamətdə - həm cəbhədə, həm də siyasi arenada genişləndirməyə başlayır. Belə ki, Birinci Qarabağ müharibəsində aktiv iştirak edən Serjik Sarkisyan 1990-cı ildə "Respublikaçılar partiyası"nı təşkil edir. Partiyanın nizamnaməsinin ilk cümləsi isə belədir: "Ermənistan Respublikaçılar Partiyası özünün ideoloji əsasını Qaregin Njdenin təlimindən götürüb". Bu azğın və qaniçən ideologiyadan ruhlanaraq bunu Ermənistan ordusuna aşılayan Serjik beləliklə Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı törətmiş olduğu bütün vəhşiliklərin əsasını qoymuş oldu. Məhz, Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Serjik Sarkisyan sonralar bu vəhşiliyi etiraf etmişdir: "Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz onlarla sadəcə zarafat edirik. Azərbaycanlılar bu fikirdə idilər ki, ermənilər dinc sakinlərə əl qaldırmağa bacaran insanlar deyil. Bu fikirləri sındırmaq lazım idi. Belə də alındı".

Qanlı Qarabağ döyüşlərindən sonra Azərbaycan torpaqlarının işğalına və günahsız insanların vəhşiliyinə sevinclə tamaşa edən Serjik Sarkisyan müharibədən sonra separatçı rejim tərəfindən ona "Milli qəhrəman" adı verilmiş və digər "orden və medal"larla təltif olunmuşdu. Bu medallar isə sadə dəmir parçaları idi və 2020-ci ildən sonra bu, öz əksini tapdı. Məhz Prezident İlham Əliyev həm bu dəmir-dümür parçalarını, həm də Serjikin qürurunu və şəxsiyyətini "yerə vurdu".

1996-cı ildən sonra Ermənistan müdafiə nazirliyində bir sıra vəzifələri icra edən Serjik Sarkisyan 2007-ci ildə o zamankı rəhbər Andranik Marqaryanın vəfatından sonra hərəkətə keçməyə başlayır və separatçı rejim üzərində təbliğat kampaniyaları aparır.

Əslində bu kampaniyaya ehtiyac yox idi. Çünki Serjikin sonralar xəyanət edəcəyi Robert Köçəryan onu himayə edirdi. Bu himayənin əsası isə 1999-cu ildəki hadisədən sonra qoyulmuşdu. Belə ki, həmin dövrdə Ermənistanda baş nazir vəzifəsini icra etmiş Vazgen Sarkisyan və parlamentin spikeri Karen Dəmirçiyanın tərəfdarlarının çoxalması Robert Köçəryanın siyasi səhnədən uzaqlaşması ilə nəticələnə bilərdi. Azərbaycanla razılaşmağa da yaxın olan bu ikili həmin ilin 27 oktyabrında Ermənistan Milli Məclisinə silahlı hücum nəticəsində qətlə yetirilir. Beləcə sülh prosesi son anda yubadılır və Robertin itmiş imici bərpa edilir. Bu faktlar isə erməni araşdırmaçıların yekun təhlilindən sonra məlum olub.

2008-ci ildə 52% səs toplayan Serjik Sarkisyan Ermənistanın 3-cü prezidenti olur. Bununla keçmiş Qarabağ münaqişəsinin həllinə düyün vurulur. Serj Sarkisyanın rəhbərliyi ilə 2009-2017-ci illər arasında prezidentlər səviyyəsində baş tutan 10 görüşün hamısının nəticəsi "ölü" olur. Bern, Vyana, Cenevrə və digər şəhərlərdə keçirilən danışıqlar prosesində Serjik hər vəchlə sülh prosesini yubadaraq Azərbaycanın tarixi torpaqlarında işğal prosesini davam etdirir. Konstruktiv həllə əngəl olan Serjik Sarkisyan elə bu vaxt özü də bilmədən "saatlı bomba"nın fitilini çəkir. Azərbaycan xalqı sülhsevər xalqdır, lakin səbri tükənməz deyil. Sarkisyan bilavasitə Azərbaycan xalqının nifrətini qazanır. Çünki onun Ermənistana rəhbərliyi dövründə atəşkəsin pozulması ənənə halını aldı. Azərbaycan Ordusunun atəşkəsi bərpa etmək üçün gördüyü tədbirlər nəticəsində hərbçilərimizin şəhid olması xalqın intiqam hissini alovlandırdı, Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Məmmədov, Çingiz Qurbanov kimi oğulların mübarizə əzmini ruhlandırdı. Və beləliklə Serjik hakimiyyətinin sonu başladı.

Xarici siyasətdəki "kürü diplomatiyası" daxildə də davam etdirildi və məsələlərə səthi yanaşma prosesi erməni xalqının narazılığına səbəb oldu. Kütləvi etirazlar fonunda 10 illik durğun hakimiyyət devrildi və Serjik "Merjir Serjin" (Serji rədd et!) şüarları ilə məxməri inqilab nəticəsində hakimiyyəti Nikol Paşinyana uduzdu. Serjik Sarkisyan haqsız olduğunu etiraf etdi. Amma o, fitilini çəkdiyi "saatlı bomba"nın partlamasını görmək üçün daha 2 il səbir edəcəkdi. Beləliklə, 10 illik "ölü dövr"ün əslində "saatlı bomba" təsiri yaratdığı anlaşıldı və 2020-ci ildə bu bomba Ermənistan hakimiyyətinin əlində partladı.

Hakimiyyəti devrilən Serjik Sarkisyanın 10 il ərzindəki korrupsioner siyasəti də beləliklə gün üzünə çıxdı. Dəfələrlə beynəlxalq təşkilatların və nüfuzlu media orqanlarının səhifələrində Serjik Sarkisyanın korrupsiya əməlləri və kriminal ünsürlərlə əlaqələri barədə danışılıb və çoxsaylı məqalələr dərc edilib. Onun hakimiyyətdə olduğu illərdə müxtəlif vasitələrlə bu cür məlumatların qarşısını almağa çalışıb. 2018-ci ildən bəri isə onun korrupsiya cinayətləri barədə yeni məlumatların yayılması səngimək bilmir. Araşdırmalar zamanı Serjik Sarkisyanın Ermənistanın dövlət büdcəsinə aid pulları özünün şəxsi məqsədlərinə xərcləməsi faktı ortaya çıxıb. Bu korrupsioner cinayətlərdə isə o tək iştirak etməyib, ailəsi və yaxın qohumlarını da bu şəbəkə ətrafında cəmləşdirib. Serjik Sarkisyanın xaricdə daşınmaz əmlaka sahib olması barədə də təkzibolunmaz dəlillər aşkar edilib. O, bu işi qardaşı Aleksandr Sarkisyanın ABŞ-da yaratdığı daşınmaz əmlak və inşaat şirkəti vasitəsilə həyata keçirib. A.Sarkisyanın kiçik oğlu Narek Sarkisyan Ermənistanda nəqliyyat və yük daşımaları ilə məşğul olan "Hana-Trans" MMC-ni təsis edərək ticarət əməliyyatları zamanı büdcəyə ödənilməli olan milyonlarla dollar ƏDV-ni ödəməyərək vergidən yayınıb.

Serjik Sarkisyan, həmçinin digər qardaşı Lyova Sarkisyan və onun övladları qeyri-qanuni yolla külli miqdarda gəlir əldə etmək və onu gəlir bəyannaməsinə daxil etməməkdə şübhəli bilinərək istintaqa cəlb edilib. Lyova Sarkisyan və qızı Ani Sarkisyan, oğlu Narek Sarkisyan 6,8 milyon dollar vəsaiti gizlətməkdə ittiham olunur. Lakin Lyova Sarkisyan qızı ilə birlikdə 2017-ci ildə hesabat dövründə yüksək vəzifəli şəxslərin əmlak və gəlirləri haqqında etika komissiyasına bəyannamə təqdim etsə də (ictimai xidmət haqqında qanuna əsasən) bank depoziti kimi yerləşdirdikləri 7 milyon dollara yaxın vəsaiti gəlir bəyannaməsində göstərməyiblər. Serjik qudası Ara Minasyanın adına şirkət açaraq onun vasitəsilə dövlət vəsaitlərinin mənimsənilməsinə nail olub. Məlum olub ki, dövlətin səhiyyəyə ayırdığı pulların bir hissəsi "əhalinin tibbi xidmətlərlə təchizatı" adı altında Müqəddəs Qriqori adına Tibb mərkəzinin rəhbəri olan Ara Minasyana ötürülüb və böyük bir iqtisadi cinayət sistemi qurulub. Həmin tibb obyektində dövlətə məxsus 545 milyon dram "yuyulub".

"Serjik korrupsiyanın simvoludur". Bu fikirlər erməni cəmiyyətində tez-tez səsləndirilir. Korrupsiya Ermənistanda geniş yayılıb. 2013-2018-ci illərdə mövcud olmuş hakim elitanın korrupsiya şəbəkəsi qohum biznesə dövlət vəsaitləri hesabına bahalı layihələr verilməsi, dövlət tenderlərinə cəlb edilməsi, "otkatlar" və s. sxem üzrə qurulubdur. Onlar vergidən yayınma və çirkli pulların yuyulması, habelə onları xaricdə gizli dəniz sahillərindəki hesablara daşınmasında "püxtələşib".

Öz xalqı tərəfindən korrupsioner damğası vurulmuş Serjikin yaxın vaxtlarda həbs edilməsi gözlənilir. Buradan daha aydın olur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serjikin ünvanına işlətdiyi ifadələrin hər biri ayrılıqda doğrudur və faktlara əsaslanır. Onun hakimiyyəti dövründə Ermənistanın daxili və xarici siyasəti stabil görünsə də, məhz fitilini çəkdiyi "saatlı bomba" bu gün erməni xalqını dərin böhrana və acınacaqlı vəziyyətə sürükləyir. Azərbaycan xalqına qarşı amansız vəhşiliklər törədən Xocalı cəlladı Serjik Sarkisyan layiq olduğu cəzanı bir gün alacaq və bəlkə o, bu cəzanı Bakının istintaq təcridxanalarında "çay içərək" çəkəcək.

Tacir SADIQOV,

"Respublika".