Dağıdıcılıq, terrorçuluq ermənilərin xislətindədir
Siyasət

Dağıdıcılıq, terrorçuluq ermənilərin xislətindədir

Azərbaycanın diplomatik korpuslarına hücumların özlərini "demokratiyanın beşiyi" adlandıran dövlətlərdə baş verməsi təəssüf doğurur

"Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar". Bu il sentyabrın 20-də Prezident İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi bu fikirlər bizim humanist xalq, sülhpərvər dövlət olduğumuzu bir daha göstərir.

Dövlət başçısı antiterror tədbirlərindən danışarkən həmçinin demişdir: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır...". Bəli, belə də oldu. Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etdilər. Azərbaycan əsgəri, zabiti yüksək peşəkarlıq və mənəvi keyfiyyətləri sayəsində bu çətin tapşırığı uğurla yerinə yetirdi. Ümumiyyətlə, istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfi heç vaxt mülki insanlara qarşı döyüşməyib, düşmənə savaş meydanında cavab verib. Düşmən isə üzbəüz döyüşü bacarmır, həmişə məğlub olur. Məğlubiyyətinin heyfini isə başqa yollarla çıxarır. Təbiətimizə, havamıza, suyumuza, torpağımıza qəsd edir, mədəni abidələrimizi dağıdır, dini məkanları təhqir edir. Ən dəhşətlisi isə odur ki, günahsız insanları "uf" demədən qətlə yetirir. Xocalı kimi bəşəri cinayətin müəllifi olan ermənilər dünya terrorunun ilhamverici, aparıcı qüvvələridir.

Ermənilər Azərbaycan torpaqlarında fəsadlar törətməyə 1860-1870-ci illərdə başladılar. Rus tədqiqatçısı-qafqazşünas V.Veliçko özünün "Qafqaz" kitabında yazır: "Dəhşətli faktı göstərim - Yelizavetpol quberniyasının Tərtər kəndinin onlarca rus ailəsi vəhşicəsinə öz yerlərindən qovuldular. Ermənilər rusları sıxışdırıb qovurdular, özü də bunu vəhşiliklə yerinə yetirirdilər. Onlar: "Rədd olun ruslar, rədd olun rus köpəkləri. Yoxsa hamınız burada gəbərəcəksiniz", - deyə bağırır, rusları qılıncdan keçirirdilər...".

1886-cı ildə yaradılan "Qnçaq" erməni terror təşkilatının maddələrinin birində isə belə göstərilirdi: "Hər hansı bir şəraitdə türkləri və kürdləri öldürməli, erməni satqınlarına da aman verməməli".

Ermənilərin terrorçuluq fəaliyyətində səfirliklərə hücum müəyyən bir xətt təşkil edir. Azərbaycan tərəfindən hər dəfə məğlubiyyətə uğradıldıqda xarici ölkələrdəki diplomatik korpuslara hücumlar təşkil edir, terror törədirlər.

2023-cü ilin sentyabrında Qarabağda antiterror tədbirlərindəki məğlubiyyətdən sonra, sentyabrın 20-də gecə saatlarında bir qrup erməni əsilli şəxs Kanadada fəaliyyət göstərən Azərbaycan Evinin qarşısına gələrək, Azərbaycanın ünvanına nalayiq ifadələr səsləndirmiş, təxribat törətməyə cəhd etmişdi. Elə həmin gün ermənilər Los-Ancelesdəki Azərbaycan konsulluğunun binasının qarşısında da təxribat törədiblər. Onlar konsulluğun binasının qarşısına qırmızı boya atıblar.

2020-ci ilin Tovuz hadisələrindən sonra ermənilərin xaricdəki səfirliklərimizə hücumları artmışdı. Azərbaycanlılar quduzlaşan ermənilərə adekvat reaksiyalar verməyə başlayanda bir sıra ölkələrdə - Rusiya, Belçika, Moldovada böyük qarşıdurmalar yaranmışdı. Həmin vaxtlarda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ölkəmizin diplomatik nümayəndəliklərinə qarşı erməni icmalarının hücumları ilə bağlı açıqlama yaymışdı. Açıqlamada deyilirdi ki, son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən hücumlar törədilməsi ciddi narahatlıq doğurur. Özündə vandalizm və terror elementlərini ehtiva etməklə bu hücumlar diplomatlara, onların mülklərinə xəsarət yetirmək məqsədini güdür, beləliklə də cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Radikal erməni qruplarının cinayətkar hərəkətlərini qətiyyətlə pisləyirik və müvafiq ölkələrdə bu cür təxribatların qarşısının alınmasına cavabdeh olan qurumların öz vəzifələrinə məsuliyyətlə yanaşmasını gözləyirik. Səfirliklərin ərazisi dövlətlərin ərazisi hesab olunur. Bu da suverenlik məsələsini önə çıxarır, bu halda da səfirliyin fəaliyyət göstərdiyi ölkənin beynəlxalq və daxili hüquqla məsuliyyəti yaranır. Lakin Ermənistan üçün hətta Vyana Konvensiyası da keçərli deyil. 1960-cı illərdən etibarən Daşnaksütyun partiyası, həmçinin ASALA tərəfindən onlarla türk diplomatı qətlə yetirilib. 2020-ci ildə də buna bənzər hücumlar olub.

Ötən il sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən basqın edilib. Hadisəyə etiraz olaraq Fransanın Azərbaycandakı səfiri Zakari Qross Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı radikal erməni qruplarının törətdiyi cinayət səbəbilə XİN-in etiraz notası o ölkənin səfirinə təqdim edilib.

Bundan əvvəl isə Livandakı səfirliyimizin qarşısında ermənilər iki dəfə təxribat törədiblər. Sentyabrın 16-da və 18-də törədilən təxribat cəhdinin qarşısı isə bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən alınıb. Sentyabrın 18-də Gürcüstandakı diplomatik nümayəndəliyimiz qarşısında da ermənilərin təxribat cəhdi olub. Bir qrup erməni qadın səfirliyimizə yürüş etmək istəyib, lakin gürcü polisi bunun qarşısını alıb.

Ötən ilin avqustunda Londondakı səfirliyimizə də hücum edilib. Bu hücumun da arxasında erməni lobbisinin dayandığı məlumdur: "Londondakı səfirliyimizdə özlərini din adamı sayan radikallar vandalizm hərəkətləri edib. Bayrağımızın çıxarılması, atılması hörmətsizlikdir. Biz o bayraq üçün minlərlə qurban vermişik, işğaldan azad olunan torpaqlarımızda həmin bayrağı dalğalandırmışıq. İndi bayrağı təhqir etmək bütün milləti təhqir deməkdir". Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Beləliklə, erməni terroru səngimir, ən çox da səfirliklərimiz təhdid altında olur. Doğrudur, terror və dağıdıcı istiqamət ermənilərin ana xəttidir, ancaq belə hadisələrin özlərini "demokratiyanın beşiyi" adlandıran dövlətlərin ərazisində baş verməsi təəssüf doğurur.

Zümrüd QURBANQIZI,

"Respublika".