XİN: Fransanın son bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk
Siyasət

XİN: Fransanın son bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk

Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq tərəfimizdən görülən tədbirlər barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını qətiyyətlə rədd edir və pisləyirik.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa XİN-in bəyanatına dair şərhində bildirilib.

Qeyd edilib ki, Azərbaycan ərazilərinin işğalı faktına və bu faktın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsi ilə tanınmasına baxmayaraq, Fransanın 1997-2020-ci illərdə ATƏT-in Minsk qrupunda həmsədrliyi dövründə münaqişənin beynəlxalq hüquq əsasında ədalətli həllini tapmasından daha çox işğal nəticələrinin və bölgədəki status-kvonun saxlanmasına töhfə verdiyi yaxşı yadımızdadır.

Bu baxımdan hazırkı postmünaqişə vəziyyətində belə əvvəlki siyasətindən imtina etməyən Fransanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq görülən tədbirlər barədə bugünkü bəyanatını işğal dövrünün qalıqlarına göstərilən dəstək kimi qiymətləndiririk.

Şərhdə, həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsi zamanı da anti-Azərbaycan mövqeyi və bəyanatları ilə seçilən Fransanın, münaqişədən sonrakı vəziyyətdə bölgədə sülh quruculuğu səylərindən kənarda dayanaraq, prosesə yalnız mənfi təsir göstərən açıqlamalar verməsi, separatizmi dəstəkləyən mövqe göstərməsi ilə özünü regiondan daha da təcrid etməsi yaxşı məlumdur. Fransanın bugünkü mövqeyi bu ölkənin müstəmləkə bölgələrində bu gün üzləşdiyi mövcud vəziyyətdən dərs almadığını və bu məsələdə əvvəlki davranış və siyasətini davam etdirdiyini göstərir.

Fransa rəsmiləri, Milli Assambleyası və Senatı Azərbaycana qarşı bəyanatlar verilməsi və sənədlərin qəbulunda Ermənistandan daha fəal çıxış edirlər.

Fransanın islamofob və anti-Azərbaycan siyasəti, onun daxili işlərimizə qəbuledilməz müdaxiləsi göstərir ki, Fransa regiondan nə qədər uzaq olsa, region üçün bir o qədər yaxşı olar.