Erməni diplomatın aradığı nədir?
Siyasət

Erməni diplomatın aradığı nədir?

Kölgələr süründükcə, aydınlıq daha çox işıq saçır və həqiqətlər üzə çıxır. Əli hər yerdən üzülən, reallıqlar qarşısında himayədarları uzaqlaşan Ermənistanın son ümidi Azərbaycana iftira və böhtan atmağa qalıb. İqtisadi çöküş və sosial problemlər məngənəsində boğulduqca, çıxış yolunu söz davasında görür. İştirak etdiyi beynəlxalq səviyyəli tədbir və görüşlər zamanı ölkəmizə qarşı qarayaxma kampaniyası aparır. 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətlərindən dərs çıxarmayan haylar yenidən Azərbaycana qarşı revanşist və təxribatçı mövqedən çıxış etməyə başlayıblar.

Ermənistan hər dəfə sülh sazişi ilə bağlı qəti qərar qəbul etmək zərurəti yaranan həlledici məqamda bu məsuliyyətin altına girməməkdən ötrü analoji təxribatlara əl atır. Bu mənada Hayastanın xarici işlər naziri Ararat Mirzoyanın "xidmətləri" daha böyükdür. Fevralın 8-də Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə xarici işlər naziri Ararat Mirzoyan yenidən Azərbaycanı hədəf alan bəyanatlarla çıxış edib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın çıxışına münasibət bildirib: "Fevralın 8-i Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd edir və pisləyirik... "Bu çıxış, Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir.

Beynəlxalq platformalarda həmişə şantaj diplomatiyasını əlində bayraq edən, absurd və əsassız fikirləri ilə diqqəti yalan və qarayaxmalara yönəltmək istəyən Hayastanın xarici işlər naziri dəfələrlə ölkəmizə qarşı əsasız ittihamlarla çıxış edib. Hər dəfə də Azərbaycanın kəsərli arqument və faktları qarşısında gülünc vəziyyətə düşüb. Demokratiyadan danışan erməni nazirə son günlər Ermənistanda baş verən vətəndaş qarşıdurmalarını, polis zorakılığını, kütləvi saxlanılmaları, aclıq-səfaləti və sosial-iqtisadi problemlər səbəbindən ölkəni kütləvi şəkildə tərk edən vətəndaşları xatırlatmaq istəyirik. Demokratiyanı, ədaləti əvvəlcə öz daxilinizdə, Ermənistanda yaradın, sonra, beynəlxalq aləmdən tələb edin.

Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərində ağlagəlməz vəhşiliklər törədib, ekoloji fəlakətlərə yol verib, yüzlərlə dinc sakini işgəncə yolu ilə qətlə yetirib, yeraltı, yerüstü sərvətlərimizi talayıb, bütün tarixi-mədəni abidələrimizi dağıdıb. Lakin bu müddət ərzində beynəlxalq təşkilatlar, xarici dövlətlər baş verənlərlə bağlı heç bir münasibət bildirməyiblər. Bu səbəbdən də qonşu dövlət arxalandığı himayədarlarının sayəsində hələ də öz "prinsiplərinə sadiqlik" nümayiş etdirir. Regionda sülhə nail olmaq əvəzinə münasibətləri gərginləşdirməyə çalışır. Bu da ondan irəli gəlir ki, törətdiyi vəhşi əməllərə heç vaxt hüquqi qiymət verilmədiyi və cəzalandırılmadığı üçün qonşu dövlətdə müəyyən bir rahatlıq yaranıb.

Azərbaycan bütün hallarda regionda sülhün təmin olunmasına öz töhfələrini verdiyi halda, Ermənistan sülh razılaşmalarına gəlmək əvəzinə, münasibətləri tamamilə başqa istiqamətə yönəltməyə çalışır. Qonşu dövlət heç bir zaman müstəqil qərar vermək iqtidarında olmadığı üçün, diplomatik səviyyədə də təcrübəsi yoxdur. Bu mənada hər iki dövlət arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalı, ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsipləri əsas götürülməlidir.

Haylar ölkəmizin əleyhinə dəfələrlə təxribatçı bəyanatları səsləndiriblər. Ötən il bu kimi hallar dəfələrlə təkrarlandı. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşü və Ermənistanın təşəbbüsü ilə keçirilən ATƏT Daimi Şurasının iclası zamanı da Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlər bildirilmişdi. Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistan Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı "etnik təmizləmə" və "soyqırımı" törətməkdə günahlandıraraq beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönləndirməyə çalışmışdı. Göründüyü kimi, bu, Hayastanın tutduğu mövqedir. Azərbaycan isə Vətən müharibəsində əldə edilən zəfərdən sonra Cənubi Qafqazda sabitliyin bərqərar olması üçün mühüm addımlar atır. Ölkəmiz qonşuları ilə, həmçinin coğrafi cəhətdən uzaq olan ölkələrlə yüksək səviyyəli dostluq münasibətlərini qoruyub saxlayır.

Ramidə YAQUBQIZI,

"Respublika".