Dünyanın ağırlıq mərkəzi Azərbaycana doğru dəyişib
Siyasət

Dünyanın ağırlıq mərkəzi Azərbaycana doğru dəyişib

Fevralın 14-də Prezident İlham Əliyevin andiçmə mərasimi ilə Azərbaycan növbəti mərhələyə qədəm qoydu. Bu yeni dövrdə ölkəmizin qarşısında yeni vəzifələr, yeni üfüqlər meydana çıxıb. Prezident seçkilərindən dərhal sonra ölkə başçısının Münxen Təhlükəsizlik Konfransına səfər etməsi çoxşaxəli və dinamik xarici siyasət kursunun davam edəcəyini göstərməklə yanaşı, həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyətin inkişaf dinamikasına işarədir.

Prezident İlham Əliyevin hakimiyyət illəri həm də beynəlxalq münasibətlər sisteminin köklü transformasiyası ilə üst-üstə düşmüşdür. Bu dövrdə dünyanın bir çox bölgələri üçün təhdidlər və təhlükələr yaranmışdır. Azərbaycan isə özünün xarici siyasəti ilə bu dövrdə beynəlxalq münasibətlər üçün strateji əhəmiyyətini artırmışdır.

Münxen Təhlükəsizlik Konfransı beynəlxalq münasibətlər sistemində dünya siyasətinin gələcəyini müəyyən edən əsas platformalardan biridir. Ölkə başçısı fevralın 14-də andiçmə mərasimində Azərbaycanın dünyanın yeni düzəninin formalaşmasında və problemlərin həllində daha yaxından iştirak edəcəyinin anonsunu verdi. İkili standartlara, islamofobiya, türkofobiya və neokolonializmə qarşı mübarizəni xarici siyasətimizin əsas istiqamətləri elan etməklə, dünyada ədalətin bərqərar olması üçün çalışacağını, həm də üçüncü dünya ölkələrinin səsi olacağını göstərdi. Bu istiqamətlər üzrə Azərbaycanın uğurlu və səmərəli xarici siyasəti ilk növbədə ölkəmizin strateji əhəmiyyətindən və onun liderinin artan nüfuzundan qaynaqlanır.

Azərbaycan bu istiqaməti xarici siyasətinin prioriteti kimi hələ Vətən müharibəsindən əvvəl elan etmişdi. 2019-cu ildə ölkəmizin Qoşulmama Hərəkatının sədri seçilməsi, Hərəkatın yenidən canlandırılması və institusionallaşmasındakı fəaliyyəti, COVID-19 pandemiyası zamanı vaksin milliyyətçiliyinə qarşı mübarizə məsələsini BMT çərçivəsinə qaldırması Vətən müharibəsi zamanı öz bəhrəsini verdi. Ona görə də Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Şurası çərçivəsində çıxışlarını və görüşlərini həm Azərbaycanın milli maraqları kontekstində, həm də qlobal təhlükəsizliyə təminat baxımından qiymətləndirilə bilər. Ölkə başçısı ağırlıq mərkəzini Azərbaycana doğru dəyişməyi bacarıb və dövlətimiz geosiyasi müstəvidə, beynəlxalq sahədə çox cəsarətli addımlar atan önəmli aktora çevrilib.           

Fuad ÇIRAQOV,

politoloq.