Xəzəryanı iki dost ölkə
Siyasət

Xəzəryanı iki dost ölkə

Azərbaycan-Türkmənistan əməkdaşlığı geniş potensiala malikdir

zərbaycanın son illər apardığı çoxvektorlu siyasətin nəticəsi olaraq Xəzəryanı ölkələrlə siyasi, iqtisadi əlaqələri genişlənməkdədir. Azərbaycan-Türkmənistan münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Karbohidrogen ehtiyatları ilə zəngin olan bu Xəzərətrafı ölkə ilə Azərbaycan arasında əlaqələrin əsas spektrini nəqliyyat-tranzit, logistika və enerji resurslarının daşınması sahələri təşkil edir. Belə ki, Qafqaz və Mərkəzi Asiya regionlarını birləşdirən ən qısa və əlverişli yol Xəzər dənizi vasitəsilə bu iki ölkədən keçir. Bu da öz növbəsində, Azərbaycan və Türkmənistanı ''TRACECA'', ''Lapis Lazuli'', ''Xəzər dənizi-Qara dəniz'', ''Şərq-Qərb'', "Orta dəhliz" kimi transkontinental nəqliyyat dəhlizlərinin önəmli iştirakçısına çevirir.

Azərbaycanla Türkmənistan arasında imzalanmış müqavilələr, eləcə də 2018-ci ildə açılmış Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Türkmənistanın Türkmənbaşı Beynəlxalq Dəniz Limanı iki ölkə arasında ticarət dövriyyəsini nəzərəçarpacaq qədər artırmış, eləcə də məhsulların daşınma müddətini önəmli dərəcədə azaltmışdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkəmizi Türkmənistan üçün Avropaya açılan pəncərə durumuna gətirmişdir. Bakı-Tbilisi-Qars dəmiryolu infrastrukturu türkmən mallarının Türkiyəyə və Avropaya, eləcə də əks istiqamətdə daşınması üçün önəmli bir vasitəyə çevrilmişdir. Bu, əsasən resurs və xammal ixracatçısı olan Türk Dövlətləri Təşkilatının Özbəkistan, Qırğızıstan kimi üzvlərinə də öz yükdaşımalarını bu xətlə həyata keçirmələrinə imkan yaradaraq təşkilatın inkişaf perspektivlərinə xidmət edir.

Avropa ilə Asiyanın qovşağında yerləşən ölkələrimiz müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edir. Dövlət başçılarının fəal siyasi təmasları Azərbaycan-Türkmənistan əlaqələrinin intensiv inkişafı üçün möhkəm təməl rolunu oynayır. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dövründə Azərbaycan-Türkmənistan münasibətləri daha yüksək səviyyəyə qalxıb. İki dövlət arasında elə bir sahə yoxdur ki, orada əməkdaşlıq mövcud olmasın. Hər iki ölkə bir-birinin maraqlarına hörmətlə yanaşır, birgə əməkdaşlığı həyata keçirir və iqtisadi layihələrdə iştirak edirlər. Beynəlxalq məsələlərdə və nüfuzlu beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəkləyirlər. Dünyanın iki böyük regionunu Xəzər dənizi vasitəsilə birləşdirən ərazidə yerləşən ölkələrimizin bütün sahələrdə əlaqələri inkişaf etdirmək üçün böyük potensial mövcuddur. Tarixi inkişafının ümumiliyi, etnik və dil yaxınlığı olan dövlətlərin - Azərbaycanla Türkmənistan arasında diplomatik münasibətlərin qurulmasının tarixi otuz ildən bir qədər çoxdur. Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Biz iki müstəqil dövlət kimi, öz enerji balansımızı tam reallaşdırmışıq. Həyata keçirdiyimiz investisiyalar və layihələr xalqlarımızın xoşbəxt gələcəyini təmin edir və bir çox onilliklər sonra da təmin edəcək". Azərbaycanla Türkmənistan arasında dostluq münasibətləri Mərkəzi Asiya, Xəzər və Qafqaz regionu üçün nümunə ola bilər.

Beş Xəzəryanı ölkə - Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan 2018-ci il avqustun 12-də Aktauda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalayıblar. Bu, Xəzər dənizində gələcək əməkdaşlıq üçün böyük addım idi. Türkmənistan parlamenti sənədi 2018-ci il dekabrın 3-də, Azərbaycan Milli Məclisi isə 2019-cu il fevralın 12-də ratifikasiya edib. Bu sənəd 5 Xəzəryanı ölkə arasında bir çox mübahisəni həll edib. Konvensiyanın əsas müddəalarından biri Xəzər dənizinin dibi ilə neft kəmərlərinin tikintisinə icazə verilməsidir. Konvensiya Azərbaycanla Türkmənistan parlamentləri tərəfindən təsdiqləndikdən sonra Bakı ilə Aşqabad arasında ikitərəfli münasibətlər canlanıb. Onlar Xəzər dənizində əməkdaşlıqla bağlı razılığa gəliblər. Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin noyabrında Türkmənistana səfəri zamanı iki ölkə arasında bir sıra vacib sənədlər imzalanmışdır. "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2022-ci illər üçün nəqliyyat sahəsində əməkdaşlıq Proqramı"nı və "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019-2021-ci illər üzrə ticarət-iqtisadi əməkdaşlıq Proqramı"nı xüsusilə qeyd etmək lazımdır. Bu sənədlər Bakı ilə Aşqabad arasında uzunmüddətli əməkdaşlığa töhfədir. Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana 2020-ci il martın 11-də etdiyi səfərdən sonra iki dövlət arasında əlaqələr daha da güclənib. Həmin vaxt dövlət başçıları enerji, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Azərbaycan-Türkmənistan münasibətləri davamlı olaraq inkişaf edir, əməkdaşlığın genişləndirilməsi üçün möhkəm müqavilə-hüquq bazası yaradılır, iqtisadi-ticarət əlaqələri güclənir. Nəqliyyat-tranzit sahəsi tərəfdaşlığımızın əsas istiqamətlərindəndir və yaradılmış əlverişli infrastruktur və potensialdan səmərəli istifadə regionun inkişafına töhfə verir. Ötən il yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizinə "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş tarixi hadisə olmuşdu və bu, Xəzərin sülh dənizi statusunun möhkəmlənməsi üçün olduqca vacib əhəmiyyət daşıyır. İmzalanan sənəd bir daha göstərir ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində, ümumiyyətlə dünyada sülhə və sabitliyə, ölkələr arasında dostluğa və əməkdaşlığa xüsusi önəm verir. Memorandum istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə, regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Xəzər hövzəsində yaranmış bu dostluq mühiti bütün ölkələrə təsir edəcək. Prezident İlham Əliyevin bildirdiyi kimi: "Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq". Bu memorandum da göstərdi ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Dövlət başçısı İlham Əliyev bu il dekabrın 5-də Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib. Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Dövlətimizin başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan Prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulanıb.

Mustafa KAMAL,

"Respublika".