Qarabağda yaşayan erməni sakinlər reallıqları qəbul edirlər
Siyasət

Qarabağda yaşayan erməni sakinlər reallıqları qəbul edirlər

"Biz Qarabağın erməni əhalisinin hüquqlarını təmin edəcəyik. Artıq biz onlara bu məsələ, reinteqrasiya ilə bağlı, onların hüquqlarına dair öz baxışımızı təqdim etmişik". Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən "Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi" mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı bunu bir daha qeyd edib.

İkinci Qarabağ müharibəsi bitdikdən sonra qarşıya qoyulan əsas məsələlərdən biri Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesi idi. Reinteqrasiya dedikdə, ilk növbədə ölkəmizin qanunları çərçivəsində birgəyaşayış nəzərdə tutulur. Reinteqrasiya prosesi erməni əhalisinin dini, təhsil, mədəni, bələdiyyə kimi bütün hüquqları qorunaraq aparılır. Burada əsas məsələ ondan ibarətdir ki, Qarabağda yaşayan erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul edərək, ölkəmizin beynəlxalq hüquqa əsaslanan qanunvericiliyinə hörmət əsasında ərazi iddialarından birdəfəlik imtina edib cəmiyyətlə inteqrativ şəraitdə yaşayacaq. Azərbaycan dövləti bununla növbəti dəfə humanizm ideyalarına sadiq olduğunu göstərdi. Əslində Ermənistan xalqı, Qarabağın erməni icmasının əksər hissəsi artıq müharibədən bezib, onlar Azərbaycana reinteqrasiyada maraqlıdırlar.

Qarabağda yaşayan ermənilər vəziyyətin nə yerdə olduğunu anlayırlar. Artıq xeyli sayda erməni vətəndaşı həqiqətləri görür, onlar da çıxış yolunun Azərbaycan cəmiyyətinə inteqrasiyada olduğunu qəbul edirlər. Nəhayət, anlayırlar ki, başqa çıxış yolları yoxdur və Azərbaycanda azərbaycanlılarla bir yerdə yaşasalar, onlar üçün daha yaxşı olacaq. Öz doğma yurdlarından qovulmuş azərbaycanlılar Xankəndi və ətraf ərazilərə qayıtmalı, oradakı erməni sakinlər Azərbaycan vətəndaşlığı altında birgəyaşayışı davam etdirməli, bölgəmiz nəhayət ki, gərginlikdən, erməni terror və təxribatından azad olmalıdır. Reinteqrasiya baş tutacaq və tarixən birgə yaşamış iki xalq yenidən öz dinc həyatlarına qovuşacaqlar. Xarici qüvvələr nə qədər çalışsalar da, buna mane ola bilməyəcəklər.

Belə ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində aidiyyəti qurumlar Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin qəbulu sözügedən qurum tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş "polis" binasında və portal vasitəsilə elektron qaydada aparılır. Bütün bu proseslər reinteqrasiyanın daha sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır və eyni zamanda Azərbaycan dövlətinin gücünü sübut edir.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə reinteqrasiya prosesi sürətlənir və Azərbaycanın şərtləri əsasında aparılır. Tolerantlıq, multikulturalizm və etnik müxtəliflik Azərbaycan xalqının həyat tərzidir. Bir sözlə, separatçıların tör-töküntülərinin Qarabağda yaşayan ermənilər üzərində təsir imkanları itir. Bu isə reinteqrasiya prosesinin inkişafına yeni imkanlar qazandırır. Azərbaycan tərəfi erməni sakinlərin reinteqrasiyasına ciddi səy göstərir, Ermənistan tərəfinin isə müxtəlif bəhanələrlə prosesə müdaxiləsinə, habelə destruktiv şəkildə maneçilik törətməsinə son qoyulması zəruridir.

Röya RÜSTƏMLİ,

"Respublika".