Torpağa
Siyasət

Torpağa "əkilən" ölüm təhlükəsi

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə bitdi. Zəfərdən az müddət sonra ölkəmiz bölgənin tikinti-quruculuq işlərinə başladı. Azad olunmuş ərazilərimizdə işlər sürət və keyfiyyətlə aparılsa da qarşıda böyük bir maneə dayanır. Baxmayaraq ki, qələbədən 3 ildən çox vaxt keçib, gizli müharibəni xatırladan mina kabusu hələ də davam edir. Ermənistan 30 illik işğal dövründə ərazilərimizi sözün əsl mənasında mina tarlasına çevirmişdir. Hər addımbaşı basdırılan ölüm saçan minalar ərazidə çalışan insanlarla yanaşı, xidməti vəzifəsini yerinə yetirən hərbçilərə və uzun illər sonra doğma ocağına qayıdan sakinlərə böyük təhlükədir. Eyni zamanda bu problem azad olunmuş ərazilərə qayıdışı çətinləşdirməklə yanaşı, infrastruktur layihələrin icrasına da maneçilik törədir. Mina və partlamamış hərbi sursatların təmizlənməsi ağır zəhmət, böyük vəsait tələb edir. Mütəxəssislər işğaldan azad edilmiş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün azı 10-15 il vaxt lazım olacağını vurğulayırlar. Bütün bunlar Azərbaycanın dövlət büdcəsi hesabına həyata keçirilir. Təəssüf ki, ölkəmizə bu sahədə də beynəlxalq birliyin ciddi dəstəyi hiss olunmur. Bu gün Azərbaycan mina probleminin öhdəsindən də özü təkbaşına gəlir.

İşğaldan azad olunan ərazilərdə ermənilər bir milyondan çox mina basdırıblar. Lakin problem bununla da bitmir, Ermənistan 30 il müddətində öz sərhədləri ilə yanaşı, İranla sərhəddə də minalar basdırıb. Bu da əlavə çətinliklər yaradır. Bəzi beynəlxalq təşkilatların və qərbyönümlü dövlətlərin müdafiə etdiyi qonşu dövlət Azərbaycan ilə sərhəd ərazilərdə mina terrorunu müharibə bitdikdən sonra da davam etdirib. Belə ki, Vətən müharibəsindən sonra 480 kilometrə qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Qarabağ iqtisadi rayonunda minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxın istiqamətlərdə, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə də magistral yolların üzərində basdırılıb. Bütün bunlar isə müharibə bitdikdən sonra Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə məskunlaşan erməni separatçılarının yeni münaqişə ocaqları alovlandırmaq cəhdlərinin nəticəsidir. Çünki Qarabağ və Şərqi Zəngəzur ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da tapılıb.

Azərbaycan Ordusunun mühəndis bölmələri işğaldan azad edilmiş ərazilərdə 36 min hektaradək ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyiblər. 10400 piyada əleyhinə 3300 tank əleyhinə mina, 11850 partlamamış döyüş sursatı aşkarlanıb. Aşkar edilən hər partlamamış mina bir insan həyatının xilası deməkdir. Çünki işğaldan azad edilmiş ərazilərdə böyük tikinti-bərpa işləri gedir və əhali mərhələli şəkildə öz doğma yurd-yuvalarına köçürülür.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir müddət öncə "X" hesabında paylaşımında qeyd etmişdi ki, 1991-ci ildən indiki dövrə qədər Azərbaycanda 3415 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq və yeniyetmə, 38 nəfəri qadındır. Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 344 nəfərə çatıb. Düşmən bu minaların bir çoxunu Azərbaycanın humanizmindən sui-istifadə edərək basdırıb. Belə ki, dövlətimiz Qarabağda olan qanunsuz silahlı dəstələrə, separatçı qüvvələrə ərazilərimizi tərk etmək üçün verdiyi müddət ərzində düşmən yenə də məkrli planlarını həyata keçirdi. Minaların, digər partlayıcı qüvvələrin basdırılmasını davam etdirdi.

Təhlükə bu gün də davam edir və işğaldan azad edilmiş ərazilərimizdə kifayət qədər partlamamış minalar var. Əlbəttə ki, bu da yeni faciələrin və insan itkisinin baş verməsini qaçılmaz edir. Son günlər, Tərtər rayonu ərazisində iki nəfərin mina partlaması nəticəsində ağır xəsarət alması bunları bir daha sübut edir. Düşmən Azərbaycan ordusu tərəfindən zərərsizləşdirilsə də, onun ərazilərimizdə qoyduğu xain əməllərin izləri hələ də mövcuddur. Təəssüflər olsun ki, mina partlaması nəticəsində bu gün də həyatını itirən və yaxud da müxtəlif dərəcəli xəsarət alan insanlar var. Belə ki, fevralın 4-ü saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Əliyev Həsənəli Şahin oğlu ağır xəsarət almışdır. Mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb. Səhəri, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 58 yaşlı Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlu sol ayağından ağır xəsarət alıb. Bəli, mina təhlükəsi və gizli ölüm mənbəyi hələ də öz işini görür.

Ölkəmiz üzləşdiyi mina təhlükəsi problemini müxtəlif platformalarda mütəmadi olaraq qaldırır, məsələ ilə bağlı Bakıda beynəlxalq tədbirlər keçirilir. Gizli ölüm mənbəyi olan problemin həlli istiqamətində öz daxili gücü və potensialından istifadə edir. Lakin beynəlxalq aləmin Ermənistanı mina xəritələrini düzgün təqdim etməyə məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur. Əksinə, bəzi Qərb dövlətləri qalib ölkə kimi bizi ittiham edir, ermənilərə isə dəstək verirlər. Ermənistanın törətdiyi müharibə cinayətləri beynəlxalq qurumlar tərəfindən araşdırılmalı, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməli və işğalçı ölkə insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır.

Ramidə YAQUBQIZI,

"Respublika".