Xarici işlər naziri Ceyhun Bayramov Toivo Klaarla Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyətini müzakirə edib
Siyasət

Xarici işlər naziri Ceyhun Bayramov Toivo Klaarla Azərbaycan-Aİ əlaqələrinin cari vəziyyətini müzakirə edib

Fevralın 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyətini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin və sülh sazişi layihəsi perspektivlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov uzun sürən sabitlikdən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nəticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən Ermənistan təxribatının sülh prosesinə zərbə vurmaq məqsədi daşıdığını diqqətə çatdırıb.

Sülh sazişi layihəsinə gəldikdə, ölkəmizin növbəti şərhlərinin Ermənistan tərəfinə təqdim edildiyi və bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğumuz diqqətə çatdırılıb. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb, bu iddiaların qəbuledilməz olduğu vurğulanıb.

Görüşdə, habelə tərəflər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.