Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını qısqanan ermənipərəst “ziyalılar
Diaspora

Türkiyə və Azərbaycan dostluğunu, qardaşlığını qısqanan ermənipərəst “ziyalılar"

Ermənistan Qarabağda "humanitar fəlakətin" olduğunu iddia edərək "erməni əhalisinin ac" olması haqda ssenarilər qurmağa davam edir. Onlar hətta Azərbaycanla sərhəddə "yardım şousu" təşkil edərək, iddialarını BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxardılar.

Sadalamaqla bitməyən bu kimi klassik erməni yalanları, qurduqları oyunlar, bel bağladıqları böyük qardaşları da Azərbaycanın prisipial mövqeyini dəyişdirə bilmədi. Ermənistanın BMT Təhlükəsizlik Şurasında fiaskoya uğraması isə bir daha təsdiq etdi ki, rəsmi Bakının ərazi bütövlüyü və suverenliyini qorumaq prinsipini dəyişdirə bilməyəcəklər.

Lakin Ermənistan və erməni diasporu beynəlxalq müstəvidə manipulyasiya siyasətindən əl çəkmir. Hazırda dövriyyəyə buraxdıqları növbəti taktika müxtəlif ölkələrdən yığdıqları "bir qrup ziyalı"nın "Qarabağda blokada var" iddiası ilə müraciət ünvanlaması, Bakıya qarşı informasiya mübarizəsini genişləndirmək cəhdidir.

Türkiyədə də "bir qrup ziyalı"nın qondarma iddialarla bəzədilmiş müraciəti də bu cəhddən biridir. "Türkiyəli ziyalılar'' da Qarabağda blokadanın olduğunu deyir. Bununla Azərbaycanın ən yaxın müttəfiqi olan Türkiyədə belə rəsmi Bakının siyasətinə etiraz edildiyi göstərilir. Lakin "ziyalı" adlandırılan və Türkiyə xalqı adından danışmağı iddia edən bu şəxslərin kimliyinə diqqət edəndə onların Türkiyənin bölünməsindən tutmuş ölkənin milli maraqlarının tapdanmasına qədər hər şeyi dəstəkləyən bir qrup xaindən başqa bir şey olmadıqları ortaya çıxır.

''Erməni təxribatına bu qədər açıq verilən dəstəyə görə qanun qarşısında cavab verilməlidir'' deyən, ermənipərəst ziyalıların son addımına münasibət bildirən siyasi ekspert Güngör Yavuzaslan bu çıxışların artıq milli təhlükəsizlik probleminə çevrildiyini və onların qanun çərçivəsində cəzalandırılmalı olduqlarını bildirib.

''Qondarma iddialarla bəzədilmiş müraciətə nəzər salanda açıq-aydın görünür, orada PKK-çılar, FETÖ-çülər, ermənilər naminə vətəndaşı olduğu ölkəni satanlar və Azərbaycanla Türkiyə dostluğunu və qardaşlığını qısqananlarla dolu hər cür insan var. Onları birləşdirən ortaq nöqtə hamısının ölkəmizi bu və ya digər maraqlara, güc mərkəzlərinə satması, xainlik etməsidir. Azərbaycan əleyhinə bəyanat yayan "ziyalılar"ın heç biri əslində nə Türkiyəyə, nə də türk kimliyinə mənsubdur. Onlar Türkiyə dövlətinin düşmənləridir və öz xainliklərini açıq şəkildə həyata keçirirlər. Ermənistana dəstək vermələri və Azərbaycanı ittiham etmələri də təəccüblü deyil, çünki onlar "ziyalı" adı altında gizlənmiş satqınlardır. Və bu cür "ziyalıların" mövqeyi Türkiyə ictimaiyyətinin mövqeyi deyil'' - deyə siyasi ekspert vurğulayıb.

Azərbaycan-Türkiyə əməkdaşlığının türk dünyası üçün yeni üfüqlər açdığını xatırladan G.Yavuzaslan deyib ki, 30 ildir ki, Xocalı başda olmaqla minlərlə günahsız Azərbaycan türkünün vəhşicəsinə qətlə yetirilməsinə səsini çıxarmayan qaranlıq dairələr, indi soyqırımı yalanı ilə səhnədədir. Qarabağ müharibəsi başlayanda "sülh nitqləri" edənlər də elə həmin insanlar idi. İndi də onlar "Azərbaycan hökuməti erməniləri səssizcə soyqırıma məruz qoyur" deyə dəhşətli iftiraya, iyrəncliyə əl atırlar. Lakin türkün olduğu yerdə məzlum xalqa, sadə vətəndaşa zərər verilməz. Çox təəssüflər olsun ki, bu imzaçılar, bizləri öz erməni tərəfdarlarıyla qarışdırırlar. Amma onların mərsiyələri faydasız, çağrışlarının içi isə boşdur. "Ziyalı'' adıyla ''Qarabağ üçün həssaslıq çağırışı" deyə ünvanlanan xəbərlər, içimizdəki xəyanətin bir mənzərəsidir. Dostunu-düşmənini tanımaq istəyirsənsə imza atanlara baxmaq yetərlidir. Üzlərindən ermənicilik, rumçuluk yağanların da belə imzaları olar.

Qarabağda kritik dönəmdən keçdiyimiz bir vaxtda daxildə belə xırıltılı səslərin yüksəlməsi açıq-aşkar vətənə xəyanətdir. Hər kritik dönəmdə ortaya çıxan bu və buna bənzər addımlara qarşı ciddi və qətiyyətlə mübarizə aparmalıyıq. Erməni təxribatına bu qədər açıq verilən dəstəyə görə qanun qarşısında cavab verilməli və əvəzi ödənməlidir. Bu, milli təhlükəsizlik məsələsidir. Qarabağa silah-sursat daşıyan, müharibəyə hazırlaşan erməni qəsbkarlarına heç kim bu cür dəstək verə bilməz. Bu və buna bənzər təşəbbüslər artıq cavabsız qalmamalıdır.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.