Xankəndi və Xocalıya qayıdış reallaşır
Sosial həyat

Xankəndi və Xocalıya qayıdış reallaşır

44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən sonra dövlətimiz işğaldan azad olunmuş ərazilərdə irimiqyaslı layihələr həyata keçirir.

Ermənilər tərəfindən dağıdılmış şəhər və kəndlər yenidən bərpa edilir, əhalinin rahat yaşayışının təmin edilməsi üçün zəruri infrastruktur qurulur, məcburi köçkünlərin doğma yurdlarına könüllü, təhlükəsiz və ləyaqətlə qayıdışının təmin edilməsi üçün bütün zəruri tədbirlər görülür.

30 illik işğal dövründə düşmən xalqımızın uzun illər yaratdığı maddi-mənəvi sərvətləri dağıtmış, saxtalaşdırmışdır. Bütün infrastruktur, evlər, məktəblər, yollar, enerji, su təminatı sistemi, səhiyyə müəssisələri məhv edilmişdir. Azərbaycan xalqına məxsus tarixi-mədəni abidələr tanınmaz hala salınmış, geriyə isə düşmən tapdağında qovrulan torpaqlar, kol basmış xarabalıqlar və bizi o yurdlara aparan tozlu yollar qalmışdı. Lakin Vətən torpağı köksündə düşmənə yer verməyərək bütün əzablara dözmüş, qayıdacağımız günü səbirsizliklə gözləmişdi. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran vacib məsələlərdən biri də ərazilərin yenidən qurulması idi. Ermənilər tərəfindən tamamilə dağıdılmış yaşayış məskənlərinin bərpa olunması üçün dövlətimiz bütün gücünü səfərbər edib. Qədim yurd yerlərimiz öz sahiblərini qarşılamaq, əbədi olaraq qoynuna almaq üçün yenidən tikilir. Qarabağa yeni nəfəs, yeni görkəm verilir. İşğaldan azad olunmuş ərazilər tamamilə fərqli, modern və müasir üslubda qurulur. Cənnət diyarımız əzəli, əbədi görkəminə qaytarılır. Artıq bütün Qarabağ ərazilərinə köç həyata keçirilir. Kəndlər, şəhərlər tikilib qurulduqca öz sakinlərini qoynuna alır. Bu yerlərə yenidən daha parlaq, daha rahat və təhlükəsiz həyat gəlir.

Azərbaycan dövlətinin öz iqtisadi gücü və daxili potensialı hesabına 3 ildən artıq müddətdir ki, Böyük Qayıdış planına uyğun olaraq yurd yerlərinin tikinti-bərpa işləri uğurla aparılır. Keçmiş məcburi köçkünlər mərhələli şəkildə öz doğma ocaqlarına əbədilik qayıdırlar. Zəngilanın Ağalı kəndindən başlayan ilk köç karvanı yeni ünvanlarla davam edir. İndi xeyli sayda kənd və şəhərlərimizdə sakinlərin yaşayışı təmin olunub. Talışda, Laçında, Zabuxda, Füzulidə həyat öz axarında davam edir. Hələ neçə-neçə yurd yerləri sakinlərinin yolunu gözləyir. Ağdamda, Cəbrayılda, Şuşada və onlarla kəndlərdə işlər sürətlə davam edir. Bütün bunlara isə insanın qəlbi sevinir, fərəhlənir, torpağın üzü gülür. Yenidən öz sahibini qarşılamağa hazırlaşan çəmənlər, yamaclar, dağlar-dərələr, obalar gülüstana dönür. Gələcək xoş günlərin təməli, bünövrəsi qoyulur. Tikilib istifadəyə verilən ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlər öz ocaqlarına dönürlər. Əslində, yurda qayıdışı məcburi köçkünlərin 2017-ci il iyulun 14-də Cocuq Mərcanlı kəndinə öz yurd-yuvalarına dönüşü ilə başladı. Həmin tarixi hadisə zamanı Ali Baş Komandan İlham Əliyev demişdir: "Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq". Bu, Azərbaycan xalqının qələbə əzmini daha da alovlandırdı və Aprel döyüşləri ilə 44 günlük Vətən müharibəsinə bir addım yaxınlaşdırdı.

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ötən il 19-20 sentyabrda antiterror tədbirləri ilə ölkəmizin suverenliyini bərpa etməsinə zəmin yaratdı. Beləcə, işğaldan azad edilmiş bütün ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması Böyük Qayıdışı bütün ünvanlara istiqamətləndirdi. Bunun da nəticəsində yurda qayıdış konsepsiyası daha geniş əraziləri əhatə etdi. Artıq Şuşa, Xocalı və Xankəndi də öz sakinlərini qarşılamağa hazırlaşır. Belə ki, bu ilin ilk 6 ayında Xocalıya və Xankəndiyə köç olacaq. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunan vaxtda Xocalı və Xankəndiyə hər birinə 50 ailə olmaqla, ümumilikdə 100 ailə köçürülməsi planlaşdırılır. Dünyanın ən ağır cinayətlərinin və qətllərinin şahidi olmuş Xocalı yenidən öz əzəli çal-çağırlı növrağına dönəcək. Başbaşa verən qədim yurd yerlərimiz zamanla köksünə çəkilən ağrıları ovudub, yaralarını sağaldacaq. Xanın kəndindən aldığı mənəvi güclə çiçəklənib cənnətə dönəcək.

Ramidə YAQUBQIZI,

"Respublika".