Xankəndi stadionu təzələnir
Sosial həyat

Xankəndi stadionu təzələnir

Ramiz Hacıyev Şirvan şəhərində veteran futbolçulardan biridir. Gənclik illərində "Energetik" futbol komandasının tərkibində şəhərin idman şərəfini ləyaqətlə qoruyub. Bu gün Şirvanda fəaliyyət göstərən gənc futbolçuların əksəriyyəti Ramizin yetirmələridir. Oktyabrın 15-də Azərbaycan tarixinin ən möhtəşəm günlərindən birini yaşadıq. Xankəndi, Xocalı, Ağdərə kimi şəhərlərimiz üçrəngli, şanlı bayrağımızla qovuşdu. Hamımız sevinc içindəyik. Ramiz ikiqat qürur hissilə yaşayır. "Xankəndi stadionu artıq bizimdir, deyir. Tezliklə o gözəl meydançanı təzədən görmək, başqa soydaşlarımız kimi, mənə də qismət olacaq". Erməni vandalları tərəfindən işğala məruz qalmazdan əvvəl Ramiz və onun komandası dəfələrlə Xankəndi stadionunda yarışlar keçirib. Fərəhli günlər sonra acı xatirəyə çevrilib. Budur, xatirələr təzədən çiçəklənir. İndi Ramiz Xankəndi stadionuna təzədən qonaq olacağı günü səbirsizliklə gözləyir. Stadionda bədnam qurumun bayrağını əks etdirən oturacaqlar sökülüb yenisi ilə əvəz olunur. Bəli, tezliklə Qarabağın hər yerində olduğu kimi, Xankəndidə də stadion daxil olmaqla, yenidənqurma işlərinə start veriləcək.

Azərbaycan dövlətinin hədəflədiyi, xalqının isə illərdir arzuladığı, dualar etdiyi suveren Azərbaycana qovuşduq. Artıq elə bir bölgəmiz yoxdur ki, orada Azərbaycan bayrağı dalğalanmasın.

Bütöv Azərbaycanla bağlı arzular bitərmi? İndi işğaldan azad edilən torpaqlara yeni həyat, yeni nəfəs vermək zamanıdır. Çünki illərdir oralar bizi - sahiblərinin yolunu gözləyir. Qarabağla bağlı o qədər arzular var ki... Onları reallaşdırmaq eşqi bu gün həmin torpaqlara canlanma gətirib.

Hər bir sahə kimi, idmanla da bağlı böyük planlar, istəklər var. Son 3 il ərzində Qarabağda keçirilən idman yarışları bölgənin canlanmasında böyük rol oynayıb. "Mingəçevir Reqatası"nın bir mərhələsi, "Əziz Şuşa", "Shusha Chess 2022" və başqa yarışlar Qarabağın bəzəyinə çevrilib. Eyni zamanda, Azərbaycan dövlətinin, xalqının torpağına necə dəyər verdiyini dünyaya nümayiş etdirib. Bu, işğaldan azad edilmiş torpaqlarda atılan ilk addımlar idi. Zaman göstərir ki, həmin yarışlar sonuncu olmayacaq. Bununla da Qarabağın qayıdışına idman da öz töhfəsini verəcək.

Budur, Xankəndi nəhayət azaddır. İllərdir Azərbaycan futbol ictimaiyyəti də bu günü gözləyirdi. Axı orada bizi gözləyən stadion var. Stadion isə hər bir futbol adamının məbədidir. Biz illərdir həmin arenanın fotolarına baxıb, orada keçiriləcək ilk matçın xəyalını qururduq.

Təbii ki, bunun qısa zamanda reallaşması asan məsələ deyil. Qeyd etdiyimiz kimi, işğaldan azad edilən torpaqlarımızda artıq bir neçə beynəlxalq və nüfuzlu yarış təşkil olunub. Azarkeşlər və futbol ictimaiyyəti isə bir çox bayramlar ərəfəsində keçiriləcək futbol yarışlarının Xankəndidə baş tutmasını istəyir. Bunun üçün ideal olmasa da, infrastruktur var.

Qurumda ciddi dəyişikliklər baş verib. Söhbət təkcə strukturdan və rəhbər postundan getmir. PFL artıq Azərbaycan futbolunun peşəkarlaşması və inkişafı üçün bir sıra islahatlar aparıb. Əsasnamədən tutmuş lisenziya qaydalarına kimi. Artıq hər arenada futbol matçı keçirmək mümkün deyil. Bunun üçün tələblər var. Eyni zamanda digər idman növlərindən fərqli olaraq futbolun kütləsi və əhatə dairəsi genişdir.

Xankəndi stadionu öz azarkeşlərini və idmançılarını gözləyir. Yeri gəlmişkən deyək ki, 1955-ci ildə stadionun tikintisinə başlanılmış, 1956-cı ildə istifadəyə verilmişdir. Stadiona əvvəlcə İosif Stalinin adı verilmiş, bir neçə ildən sonra "Stepan Şaumyan adına mərkəzi stadion" adlandırılmışdır. 1991-ci ildə öz tarixi adı şəhərə qaytarıldıqdan sonra "Xankəndi şəhər stadionu" adlandırılmışdır.

Stadionda geniş yenidənqurma işləri nəzərdə tutulur. Meydançaya, paltardəyişmə və həkimlər otaqlarına ciddi əl gəzdiriləcək. Ötən əsrlərdən qalan işıq dirəkləri "metalloma" veriləcək. Tribunada yeni sektor yaradılacaq, VİP-loja düzəldiləcək. Yenidənqurma işlərinin bu il dekabr ayının son günlərində başa çatdırılması nəzərdə tutulur.

Tofiq HÜSEYN,

"Respublika".