Xidmət müasir tələblər səviyyəsindədir
Sosial həyat

Xidmət müasir tələblər səviyyəsindədir

Bu gün dünya dövlətlərinin enerji təhlükəsizliyi ilə üzləşdiyi, enerji asılılığından əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın böyük bir qitənin etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir.

Ümummilli lider Heydər Əliyevin formalaşdırdığı təməllər üzərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inkişaf etdirdiyi və davamlı nailiyyətlərlə zənginləşdirdiyi enerji təhlükəsizliyi kursunun töhfəsidir. Azərbaycanın geosiyasi çəkisini artıran və beynəlxalq miqyasda böyük marağı təmin edən bu siyasət örnək enerji təhlükəsizliyi modelidir. Bu model enerji resurslarının, enerji təchizatı mənbələri və marşrutlarının, tədarük bazarlarının şaxələndirilməsi, enerji keçidi prosesinin rasional idarə edilməsidir. Ona görə də bu gün Azərbaycan enerji böhranı yaşamır, ölkəmizin enerji müstəqilliyi tam təmin olunub. Dövlət başçısının da ifadə etdiyi kimi, Azərbaycan bütün enerji komponentlərinin inkişafına görə dünya miqyasında qabaqcıl ölkələrdən birinə çevrilib, neft, qaz, eləcə də elektrik enerjisi ixracatı ilə bir çox ölkələrin enerji təhlükəsizliyinə töhfə verir.

Hazırda Azərbaycanın enerji ölkəsi kimi inkişafında yeni mərhələ başlanıb, ölkəmizin Avropanın enerji təchizatındakı strateji rolu bir çox mənbələr hesabına daha da güclənəcək.

Prezident İlham Əliyevin Sərəncamı ilə 8 il öncə "Azərişıq" Səhmdar Cəmiyyəti yaradılmışdır. İndi bu kollektivdə təcrübəli energetiklər ordusu çalışır. Abonentlər fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur, qarşıya qoyulmuş vəzifələr layiqincə yerinə yetirilir.

"Azərişıq" ASC-nin məqsədyönlü fəaliyyəti sayəsində paytaxtın Xətai rayonunda son illər müsbət irəliləyişlər müşahidə olunur, xidmət işi abonentləri razı salır, rayonun əhatə etdiyi ərazilərdə yenidənqurma, texniki dəyişikliklər uğurla davam etdirilir.

Rayon Enerji Təchizatı və Satışı İdarəsi müasir tipli binada yerləşir. İdarənin rəisi Şahin Qədimli ilə səhər tezdən iş başında görüşdük. Təcrübəli energetik bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

- Cari ilin 9 ayı ərzində energetiklərimiz uğurlu nəticələrə imza atmışlar. Qeyd etmək lazımdır ki, həmin müddətdə rayon ərazisindəki Fəzail Bayramov, 9-cu Əhmədli, Corat, Qafqaz, Rəşid Bağırov, İnqilab İsmayılov küçələrində və digər ərazilərdə müasir tələblərə cavab verən texniki dəyişikliklər aparılmış və görülən işlərin keyfiyyəti diqqət mərkəzində saxlanılmışdır. Enerji Təchizatı və Satışı İdarəsinin ərazisindəki əhali sektorunda 125100, qeyri-əhali sektorunda isə 6470 abonent qeydə alınmışdır.

Şahin Qədimli vurğuladı ki, "Asan Kommunal"ın texniki şərtlərinə əsasən və qeyri-əhali abonentlərin elektrik enerjisi ilə təchizatı təmin olunur, yubanmalara yol verilmir.

Dünyanın aparıcı şirkətlərinin istehsal etdikləri müasir avadanlıqların alınıb quraşdırılması, yüksək texnologiyaların tətbiqi müasir tədris prosesinin təkmilləşdirilməsini labüd edir. Bu istiqamətlərdə kadr hazırlığı problemini uğurla həll etmək, tələb olunan təcrübəli kadr potensialını artırmaq üçün bir neçə il öncə "Azərişıq" ASC tərəfindən Tədris Mərkəzi yaradılmışdır.

Elektrik şəbəkələrində istifadə istifadə olunacaq müasir texniki avadanlıqların istismarı, quraşdırılması məqsədilə Xətai rayonunun energetika sistemində yeni əmək fəaliyyətinə başlayan gənclər Tədris Mərkəzində kurslara cəlb olunur və burada xeyli təcrübə toplayırlar.

Qədir ASLAN,

"Respublika".