“Media haqqında
Sosial həyat

“Media haqqında" qanun mətbuatın inkişafında yeni imkanlar yaradır

Bu il Azərbaycan mediasının 148 yaşı tamam olub. Ötən dövrdə təbii ki, siyasi proseslərlə əlaqəli olaraq media senzura və təqiblərə məruz qalıb. Müstəqil mətbuatımızın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, milli mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsası oldu.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illəri bütün sahələrdə uğursuzluqlarla yadda qalıb. Bu uğursuzluqlar cəmiyyətin güzgüsü olan mətbuata da ciddi təsir etmişdi. Söz azadlığı boğulur, jurnalistlər təqib və təzyiqlərə məruz qalırdılar. Jurnalistlər xüsusi sifarişlər əsasında yazmağa məcbur edilirdi. 1992-ci ildə hərbi senzura adı altında mətbuat üzərində nəzarət daha da gücləndirildi. 15 aprel 1993-cü il tarixli sərəncamla bütün informasiya yayımı üzərində nəzarət tətbiq edildi. AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə mətbuatda vəziyyət daha da ağırlaşdı. Azad mətbuatdan danışmaq qeyri-mümkün idi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar hökm sürürdü.

1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Mətbuatın inkişafını, jurnalist əməyini daim yüksək dəyərləndirən Ulu Öndərin sonrakı dövrlərdə imzaladığı digər fərman və sərəncamlar, qəbul etdiyi qanunlar nəticəsində qəzetlərə birdəfəlik yardımlar verildi. 1999-cu ildə qəbul edilmiş "Kütləvi İnformasiya Vasitələri haqqında" qanun çap mediası üçün tənzimləyici baza rolunu oynadı. KİV haqqında qanun kütləvi informasiya vasitələrinin qorunmasına təminat, senzura və müdaxilənin qadağan edilməsi kimi müsbət cəhətləri özündə əks etdirirdi. Ancaq qanun beynəlxalq standartlar fonunda çatışmazlıqlardan xali deyildi, bu çatışmazlıqlar yerli və beynəlxalq ekspertlər tərəfindən tənqid olunurdu. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə azad mətbuat dövrü davam etdirildi. Belə ki, 2014, 2015 və 2016-cı illərdə həmin qanuna əlavə və dəyişikliklər (media platformalarının yaradılması və media platformasının ləğvi prosedurları ilə bağlı) olundu.

Medianın inkişafı onunla bağlı qanuna dəyişiklik və əlavə edilməsini zəruri etdi. Yeni qanun layihəsi 2021-ci ildə yaradılmış Medianın İnkişafı Agentliyi tərəfindən hazırlanmış və Azərbaycan Prezidenti tərəfindən 2022-ci ilin yanvarında imzalanmışdır. Həyata keçirilən tədbirlərdən biri də media reyestrinin yaradılması, jurnalistlərin və media subyektlərinin "Media haqqında" qanunun tələblərinin pozulmaması şərtilə yenidən qeydiyyatdan keçirilməsi, gələcəkdə bu sahədə çalışan insanların peşə və əmək qabiliyyətini nəzərə alaraq onların maddi-məişət və sosial ehtiyaclarının qarşılanmasında şəffaflıq mühitinin təmin olunmasıdır.

Azərbaycan Respublikasının Konstitusiyanın 50-ci maddəsinə əsasən insanlar qanuni vasitələrlə məlumat axtara, əldə edə, ötürə, hazırlaya və yaya bilərlər. Konstitusiya KİV-ə dövlət senzurasını qadağan edir. Konstitusiya ilə yanaşı, digər qanunlar, müvafiq qərarlar söz azadlığının müxtəlif aspektlərini tənzimləyir.

2022-ci ildə "Media haqqında" yeni qanunun qüvvəyə minməsi ilə həm "KİV haqqında", həm də teleradio mediasını tənzimləyən "Televiziya və radio yayımı haqqında" qanunlar ləğv edildi. "Media haqqında" yeni qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir. "Media haqqında" qanun normativ-hüquqi aktdır.

Qanunun 73.1-ci maddəsinə əsasən Medianın İnkişafı Agentliyinə ölkədəki bütün jurnalistləri bir mərkəzdə qeydiyyatdan keçirmək və onlara press-kart vermək üçün Media Reyestrini yaratmaq hüququ verilir. Bu, Azərbaycan Prezidenti tərəfindən formalaşdırılan Medianın İnkişafı Agentliyinin nəzarəti altında fəaliyyət göstərən elektron resurs məlumatlarının toplandığı mərkəzi reyestrdir.

Artıq bir neçə müddətdir ki, "Media haqqında" yeni qanunun tələblərindən irəli gələn media reyestrinə qarşı müxtəlif səviyyələrdə kampaniyalar həyata keçirilir. Bəzi media nümayəndələri media reyestrini media azadlığına qoyulan məhdudiyyət kimi qələmə verməyə çalışır. Lakin reyestrin tələblərini araşdırsaq görərik ki, media subyektinin və media təmsilçisinin reyestrdə qeydə alınması zəruridir. Belə ki, informasiya mübadiləsinin, media subyektlərinin fəaliyyət dairəsinin vahid informasiya bazasında yerləşdirilməsi bu sahədə olan pərakəndəliyin qarşısını alır. Yarandığı müddətdən bəri özünə inamı doğrultmağa nail olan reyestr haqsız etirazlara öz iş prinsipi ilə cavab verir.

Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi həyata keçiriləcək bir sıra tədbirlərin daha effektiv işlənməsi, jurnalistlərə və media subyektlərinə qayğı ilə yanaşılması üçün də vacibdir. Medianın inkişafı istiqamətində dövlət tərəfindən bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Belə ki, yüzlərlə jurnalistin mənzil-məişət şəraiti tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına yaxşılaşdırılmışdır və bu işlər bu gün də davam etdirilir. Lakin bu o demək deyil ki, media subyektləri öz inkişafını yalnız dövlət dəstəyi sayəsində əldə etməlidirlər. Burada həm də reklam bazarının inkişafı, medianın özünütənzimləməsi məsələləri ilə bağlı müxtəlif müsabiqələrin, media yarışmalarının təşkili, ölkədaxili və xarici media qurumları ilə konstruktiv layihələrin həyata keçirilməsi də vacibdir. Qeyri-qanuni fəaliyyət göstərən "media" və "jurnalistlər"in dövləti mətbuata dəstək verməməkdə ittiham etməsi isə sağlam bazanın formalaşdırılmasına əngəl olmaq üçün atılan addımlardır. Təbii ki, bu işdə Mətbuat Şurası və müxtəlif media orqanları tərəfindən birlik nümayiş etdirilməli, "reket jurnalistika" və "sarı jurnalistika"nın qarşısı alınmalıdır.

Tacir SADIQOV,

"Respublika".