Aksiya iştirakçılarının haqlı tələblərinə cavab verilməlidir
MÜSAHİBƏLƏR

Aksiya iştirakçılarının haqlı tələblərinə cavab verilməlidir

Şuşa-Laçın yolunda ölkəmizin qeyri-hökumət təşkilatları təmsilçilərinin, ictimai fəalların, mətbuat nümayəndələrinin dinc aksiyası davam edir. Bu günlərdə aksiya iştirakçılarına dəstək ifadə etmək üçün Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşəbbüsü ilə 50 nəfərdən ibarət QHT və media nümayəndələrinin iştirakı ilə Şuşa şəhərinə səfər etdik. Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının şəxsi heyətinin və ərazi üzrə polis əməkdaşlarının ətrafımızda səf duruşu hər birimizə qürur, sevinc bəxş edirdi.

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə, Laçın-Xankəndi yolunun yaxınlığında keçirilən aksiyada "Sərvətlərimiz bizimdir!", "Ekoloji terrora son qoyulmalıdır" plakatlarda iştirakçılar haqlı tələblər irəli sürür, haqq səsimizi dünyaya çatdırırlar.

Bir neçə ay əvvəl rusiyalı biznesmen, özünü qondarma rejimin baş naziri elan edən Ruben Vardanyanın Qarabağda peyda olması, qeyri-qanuni, pozuculuq fəaliyyətlə məşğul olması hamını hiddətləndirmişdir. Havadarlarına arxalanan separatçı qüvvələr "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edərək torpaqlarımızı ekoloji terrora məruz qoyublar.

Aksiya iştirakçıları sivil yolla Rusiya sülhməramlılarının rəhbəri general Andrey Volkovla görüşmək, onların müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin monitorinq aparmaları üçün şərait yaratmasını tələb edirdilər.

Ətraf mühiti qorumaq hər birimizin konstitusion hüququ, borcudur. Belə taleyüklü məsələyə biganə yanaşmaq olmaz. İşğal dövründə Ermənistan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeraltı və yerüstü sərvətlərimizi vəhşicəsinə talan edib, ekologiyaya ciddi ziyan dəyib. Dəfələrlə müvafiq beynəlxalq qurumlara bu barədə çoxlu müraciətlər olunsa da erməni vandalizminin və talançılığının qarşısı alınmayıb.

Aksiya iştirakçıları Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyətə son qoymağa, ekoloji terroru dayandırmağa çağırışlar edərək əsl vətənpərvərlik nümayiş etdirirlər. Şuşanın təmiz və soyuq havası aksiya iştirakçılarına yeni ovqat, yüksək əhvali-ruhiyyə verir, əlisilahlıların qabağında heç kim bir addım belə geri çəkilmir.

Şəmsəddin ƏLİYEV,

Azərbaycan Respublikası "Polisə Dəstək" İctimai Birliyinin sədri,

 istefada olan polis polkovniki, Qarabağ müharibəsi veteranı.