Vüqar Vəliyevin xatirəsinə həsr olunmuş turnir
Sosial həyat

Vüqar Vəliyevin xatirəsinə həsr olunmuş turnir

Şəhidlərin adı Ağdam rayonunda da uca tutulur və onların xatirəsinə mədəni-kütləvi tədbirlər, idman yarışları həsr olunur. Quzanlı qəsəbəsindəki  Olimpiya İdman Kompleksində Vətən müharibəsi şəhidi Vüqar Vəliyevin xatirəsinə voleybol turniri keçirilib. Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon təhsil idarəsinin, Olimpiya İdman Kompleksinin, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə Gənclər və idman sektorunun və uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 24 komanda mübarizə aparıb.

Turnirin açılış mərasimində şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov şəhid Vüqar Vəliyevin şərəfli döyüş yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs edib, iştirakçılara uğurlar arzulayıb. Maraqlı və gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblərə kubok və hədiyyələr təqdim olunub.

Şəhid Vüqar Vəliyevin anası Gülzadə Vəliyeva çıxış edərək bildirib ki, oğlum bütün nəslimizin, rayonumuzun, Azərbaycanın başını uca etdi, öz canını Vətənə qurban verdi, bayrağımızı ucaltdı. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən qayğı bizə toxtaqlıq verir. Şəhid anası yarışın təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 Qeyd edək ki, Vüqar Emin oğlu Vəliyev 22 oktyabr 1995-ci ildə Ağdam rayonunun Rzalar kəndində anadan olub. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. 2019-cu ildə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanında müvəffəqiyyətlə iştirak edib və Quzanlı qəsəbəsində yerləşən Ağdam rayon 18 nömrəli köçkün tam orta məktəbində idman müəllimi kimi fəaliyyətə başlayıb. Azərbaycan Ordusunun əsgəri Vüqar Vəliyev 2020-ci il sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. 17 oktyabr 2020-ci ildə qəhrəmanlıq göstərərək şəhid olub. Şəhid Vüqar Vəliyev ölümündən sonra Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Salman ALIOĞLU,

"Respublika".