Azərbaycan təbii qazı Avropa üçün mühüm enerji mənbəyidir
Siyasət

Azərbaycan təbii qazı Avropa üçün mühüm enerji mənbəyidir

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində, o cümlədən təbii qaz təchizatı marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır. 1994-cü ildə "Əsrin müqaviləsi" imzalanandan sonra ölkəmiz dünya bazarlarına enerji, xüsusilə də xam neft ixrac etməyə başladı. "Şahdəniz", "Cənubi Qafqaz Boru Kəməri", TANAP və TAP kimi 4 layihədən ibarət, XXI əsrin ən mühüm infrastruktur layihəsi - Cənub Qaz Dəhlizinin açılması isə ölkəmizdə neft-qaz sənayesinin inkişafında yeni dövrün başlanğıcı oldu. Bu gün Azərbaycan təbii qazı Avropa üçün mühüm enerji mənbəyidir.

Son illər Azərbaycan təbii qazının Avropaya ixracının artırılması və yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə Aİ ilə ölkəmiz arasında intensiv danışıqlar aparılır. Bu məqsədlə, 2022-ci il iyulun 18-də Azərbaycan və Avropa arasında imzalanmış "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" Azərbaycan təbii qazının və yaşıl enerjinin ixracının həcminin artırılmasına zəmin yaratmışdır. Belə ki, imzalanan Memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər təbii qazının Avropaya idxalını ildə ən azı 20 milyard kubmetr artıracaq. Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Avropa bazarına təqribən 8 milyard kubmetr qaz ixrac etmişdir və bu il isə bu rəqəmin 12 milyard kubmetrə çatdıralacağı nəzərdə tutulur. Memorandum, həmçinin iki ölkə arasında elektrik enerjisi ixracını dəstəkləmək üçün yaşıl enerjinin inkişafına yeni imkanlar açır.

Qlobal və regional enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan və bu istiqamətdə böyük layihələr həyata keçirən Azərbaycanın təbii qazına bu gün Avropada böyük tələbat var. Digər tərəfdən isə Avropa bazarı Azərbaycan üçün ən əlverişli bazardır. Artıq Azərbaycan qazı Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılır. Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri ilə çıxararaq Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə kommersiya məqsədli qaz nəql edir. Trans-Anadolu Qaz Kəməri (TANAP) 2018-ci il iyunun 12-də, ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilmişdir.

2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilən TANAP Azərbaycan, Gürcüstan, Türkiyə xətti ilə TAP xəttinə birləşir və Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina marşrutu üzərindəki ölkələr də bundan faydalanır. 3500 kilometrlik enerji dəhlizinin ən önəmli hissəsi olan TANAP vasitəsilə Azərbaycandan Avropaya təbii qaz ixrac olunur. Azərbaycan qazını Türkiyəyə və Avropaya çatdıran TANAP-ın uzunluğu 1850 kilometrdir. Türkiyənin Ərdahan vilayətinin Posof qəsəbəsindən başlayaraq ərazi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçərək Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan boru kəməri Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşir. 2020-ci il dekabrın 31-də TAP-ın istifadəyə verilməsilə Azərbaycanın Avropaya qaz ixracı başladı. Əvvəllər yalnız Türkiyə və Gürcüstana qaz ixrac edən ölkəmiz təbii qazını ən böyük istehlakçısı İtaliyaya, sonra isə Yunanıstan və Bolqarıstana ixrac etdi. TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurla birləşdirildikdən sonra kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən "SNAM Rete Gas" (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılır. Bununla da Azərbaycan Türkiyə ərazisindən keçən TANAP və Yunanıstan, Albaniya və İtaliyanı birləşdirən TAP-la dünyada ən çox təbii qaz idxal edən Avropanın qaz bazarına birbaşa çıxış əldə edərək öz ixrac imkanlarının şaxələnməsinə, eyni zamanda iqtisadi müstəqilliyinin möhkəmlənməsinə zəmin yaratmışdır.

Azərbaycan Avropaya qaz ixracının həcmini ikiqat artırmaqla Cənub Qaz Dəhlizini genişləndirməyi və 2027-ci ildə 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda çıxışı zamanı ölkə başçımız bu barədə demişdir: "Yeri gəlmişkən, gələcək qaz istehsalımıza və nəqlinə gəlincə, tezliklə bir neçə yeni yataq işə salınacaq... Düşünürəm ki, gün gələcək Bakı-Tbilisi-Ceyhan Azərbaycandan olan neft və kondensat, həmçinin Mərkəzi Asiyadan neft sayəsində tam gücü ilə işləyəcək. Təbii qazla bağlı vəziyyət də eynidir. Siz faktiki olaraq bilirsiniz ki, TANAP-la TAP-ın diametrləri fərqlidir. Bu, həm də ona görə belədir ki, TAP-da biz səhmlərin əksəriyyətinə sahib deyilik. TAP-da cəmi 20 faizə sahibik... TANAP-da biz səhmlərin əksəriyyətinə sahibik. Beləliklə, TANAP 16 milyard kubmetr, TAP isə 10 milyard kubmetrdir. Hazırda biz bunu iki dəfə genişləndirmək üçün işlər görürük. Çünki böyük tələbat var və qaz buradadır".

Bu il artıq "Abşeron" yatağından 1,5 milyard kubmetr qaz hasil olunacağını, yaxın illərdə isə "Şahdəniz" yatağının yeni fazasından əlavə qaz gözlənildiyini, eyni zamanda "Ümid", "Babək" və "Qarabağ" yataqlarının böyük potensiala malik olduğunu deyən ölkə başçımız minimum ehtiyatı 300 milyard kubmetr olan nəhəng qaz kondensat yatağı - "Azəri-Çıraq-Günəşli"də BP və SOCAR-ın fəal çalışdığını və qazpaylayıcı şəbəkələrin müasirləşdirildiyini diqqətə çatdırmışdır. Azərbaycan Prezidenti, həmçinin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Simsonun ölkəmizi ümumavropa qaz təchizatçısı adlandırmasını təsdiqləyərək yaxın gələcəkdə Azərbaycanın 8 Avropa ölkəsini qazla təchiz edəcəyini bildirmişdir.

Qeyd etmək lazımdır ki, yaşıl enerji ekoloji cəhətdən təmiz enerji mənbəyidir. Bu baxımdan, Avropa Komissiyası enerji təhlükəsizliyinin təminatında üç əsas istiqaməti müəyyən edir: enerjiyə qənaət, təmiz enerji istehsalı və Aİ-nin enerji təchizatının şaxələndirilməsi. Enerji istehsalı, sənaye, tikinti və nəqliyyat sektorunda bərpaolunan enerjinin genişləndirilməsi çərçivəsində Komissiya hədəfi 2030-cu ilə qədər 45 faizə çatdırmağı planlaşdırır. Beləliklə, Azərbaycanda yaşıl enerji təşəbbüslərinin dəstəklənməsi tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığı gücləndirəcək. Azərbaycan da öz növbəsində enerji istehsalını şaxələndirmək üçün yaşıl enerji layihələrini dəstəkləməkdə maraqlıdır. Son illərdə ölkəmizdə yaşıl enerji zonalarının yaradılması və tədricən dekarbonizasiya prosesi vasitəsilə enerji sektorunda davamlı inkişafa start verilib. Bərpaolunan enerji mənbələrindən daha çox elektrik enerjisi istehsal etməklə təbii qazdan istifadənin azaldılması və onun Avropaya ixracının daha da artırılması üçün mühüm addımlar atılır. Bununla əlaqədar Azərbaycan ilə Səudiyyə Ərəbistanının ACWA Power və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Masdar enerji şirkətləri arasında iki mühüm bərpaolunan enerji layihəsi imzalanıb. Masdar tərəfindən tikiləcək 230 MVt gücündə günəş elektrik stansiyası və ACWA Power tərəfindən tikiləcək 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası ölkənin yaşıl enerjinin ixracı potensialına dəstək verəcək. Bu iki layihə 2030-cu ilə qədər ölkənin enerji sistemində bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasında mühüm rol oynayacaq.

Azərbaycan Prezidenti İlham Əliyev Aİ-Azərbaycan enerji əməkdaşlığı fonunda 2022-ci il dekabrın 17-də Rumıniyada "Yaşıl enerji üzrə strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması ilə bağlı plenar iclasda iştirak etmişdir. Buxarestdə keçirilən plenar iclasda Rumıniya prezidenti Klaus İohannis, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban və Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin iştirakı Azərbaycanla tərəfdaşlar arasında güclü əməkdaşlığı nümayiş etdirir. İmzalanmış sənəd Azərbaycandan elektrik enerjisinin Qara dənizin dibi ilə sualtı elektrik kabeli vasitəsilə Gürcüstandan cənub-şərqi Avropaya ixracını nəzərdə tutur. Bu isə Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsində və öz elektrik enerjisinin Avropanın enerji istehlakçılarına ixracında maraqlı olduğunu göstərir.

"Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda bərpaolunan enerji sahəsinə də diqqətçəkən Prezident İlham Əliyev demişdir: "Qara dəniz kabeli ilə bağlı ilkin hədəf 1 qiqavat idi, Azərbaycan layihəyə qoşulanda biz onu 4 qiqavatadək artırdıq. Çünki biz Azərbaycanda 25 qiqavat günəş və külək enerjisi istehsal olunması ilə bağlı artıq beynəlxalq şirkətlərlə müqavilələr və anlaşma memorandumları imzalamışıq. Beləliklə, bu aparıcı şirkətlərlə anlaşma memorandumları faktiki olaraq müqavilə deməkdir. Beləliklə, 25 qiqavat burada, Xəzər dənizində, quruda istehsal olunacaq və bizim tutuma, ötürməyə ehtiyacımız var".

Avropa İttifaqı ilə iqtisadiyyatı neft və qaz gəlirləri əsasında dinamik sürətlə inkişaf edən Azərbaycan arasında əlaqələr bir çox sahələrdə uğurla davam edir. İkitərəfli münasibətlər zəminində neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər məsələlər üzrə enerji dialoquna başlanıb və ölkəmizin bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensialı Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilir. Əsas ticari tərəfdaşlar olan Avropa İttifaqı ilə ölkəmiz arasında iqtisadi münasibətlərin inkişafı baxımından mühüm nailiyyətlər əldə olunub. Möhkəmlənən əlaqələrin əsasında isə enerji sahəsində əməkdaşlıq mühüm yer tutur.

Mehparə ƏLİYEVA,

"Respublika".